Ədalətli məhkəmə sistemi olsaydı…

Source:

Məhəmməd (orta statistik kiçik sahibkar obrazı) siyasətlə maraqlanmır. Günün 18 saatını işləyir, kiçik dükanı var. Son 2 ildə ölkədəki böhranlı vəziyyət ən çox ona, onun biznesinə təsir edib. Dövriyyəsi, qazancı azalıb. Məhəmmədə Vergilər Nazirliyi haqsız cərimə yazıb. Həmin cəriməni ödəsə, dükanı bağlamalı olacaq, işi tamam dayanacaq. Məhəmməd məhkəməyə inanmır, məhkəməni əlavə xərc sayır. Ədalətli qərar çıxacağına ümidi yoxdur deyə:


1)

Əvvəlcə məsələni həll etmək üçün dost-tanış axtarır;


2)

Cəriməni ödəmək üçün kredit və ya borc almağa çalışır. Həm də anlayır ki, borca girsə, uzun illər o borcun qaytarılmasına çalışmalı olacaq;


3)

Sonda əmlakını satıb, ölkədən tamamilə getməyi düşünür.

Ölkədə ədalətli məhkəmə olsaydı, Məhəmməd məhkəməyə müraciət edər, haqlı olduğunu sübut edər, cəriməsi ləğv olunardı. Məhkəmə doğru-düzgün qərar verərsə, vergi işinə çəki-düzən verməyə məcbur olar, iş adamlarını yükləməzdi. Vergi orqanları məhkəmlər vasitəsilə qanun çərçivəsinə salınsa, həmin orqanlardan müxalif düşüncəli iş adamlarına, QHT nümayəndələrinə qarşı istifadə edilməsi mümkün olmazdı. Vergilər çərçivəyə düşsə, öz şəxsi maraqları təmin edilməsə, bu sistemin “oyun qaydalarını” niyə qorusunlar ki?!

Məhəmmədin dükanı olan məhəllədə sahə müvəkkili var. Qapının ağzına mal qoymağa, gecələr dükanın təhlükəsizliyini təmin etməyə görə ondan qeyri-qanuni ödəniş alır. Məhəmməd bilir ki, pulu verməsə, bir gecə dükanına oğru girə, əmlakı yana, oğlunun cibindən narkotik çıxa bilər. Ədalətli məhkəmə olsa, Məhəmməd şikayət edər, həmin sahə müvəkkili ya işdən atılar, ya da cinayət məsuliyyətinə cəlb edilər. Həmin sahə müvəkkili ərazisindən xərac toplaya bilməyəcəksə, ərazidə “dövlət maraqlarını” qorumağa həvəsi olmayacaq. Deməli, ədalətli məhkəmə indiki sistemin “oyun qaydalarına” zərbə vuracaq.

Məhəmmədin övladı universitetdə oxuyur. Müəllim ondan imtahan üçün pul istəyir. Ədalətli məhkəmə olsa, Məhəmməd həmin işi məhkəməyə daşıyar, müəllim cəzalanar. Ali məktəblərdən rüşvət yığışar. Həmin müəllimin maddi marağı olmasa, nədən YAP-ın mitinqinə tələbə göndərsin, YAP-ın seçki saxtalaşdırmasında iştirak etsin?

Maraq yoxdursa – dəstək də yoxdur, deməli, bu anlamda da ədalətli məhkəmə sistemi “oyun qaydalarına” ziddir.

Məhəmmədin kiçik qardaşı maşınla qəza törədib. İş istintaq orqanına çatıb. Müstəntiq əlində olan cinayət məcəlləsini istədiyi kimi tətbiq etmək hüququndan istifadə edərək ona ya cərimə, ya 1 ildən 3 ilə, ya da 3 ildən 8 ilədək maddə qoya bilər. Məhəmməd pul verməli, qardaşını oradan çıxartmalıdır. Ədalətli məhkəmə olsa, doğru-düzgün araşdırma aparılsa, qardaşı nəyə layiqdirsə, o cəzanı alacaq. Və ya günahı yoxdursa, bəraət veriləcək. Həmin müstəntiqin maddi maraqları tamamilə sıfırlansa, o niyə müxalifətçilərə “torba tiksin”, nədən siyasi işlərdə qanunları pozsun ki?! Deməli, ədalətli məhkəmələr müstənqi də doğru-dürüst işləməyə məcbur edəcək. Bu anlamda da normal məhkəmələr sistemin “oyun qaydalarına” ziddir.

Hörmətli Məhəmməd, siyasətə qarışmaya bilərsən, sənin haqqındır, normaldır, amma ədalətli məhkəmə məhz sənin ŞƏXSİ maraqlarına uyğundur. Ədaləti tapsan, həm çox pul qazanacaqsan, həm də əlavə xərclərdən azad olacaqsan. Məndən demək…

Ana səhifəAnalitikaƏdalətli məhkəmə sistemi olsaydı…