Əclaflığın rasionallaşdırılması

Koqnitiv dissonansdan “inqilabçı səfir”liyə…

Source:

Səhər saat 10:00-da Ağır Cinayətlər Məhkəməsində hüquqçuların “müəllim” deyə xitab etdiyi, ölkənin ən tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəmə prosesidir. Yol boyu ancaq ölkədəki vəziyyəti düşünür, ağlıma min bir fikir gəlir, hiss edirəm ki, gün keçdikcə daha da pessimistləşirəm. Baş verənlərin dəhşəti ilə insanların laqeydliyi arasındakı paradoks  vahimə yaradır.

Məhkəmənin qarşısı insanlarla doludur, hamı absurd teatrı izləmək üçün buraya toplaşıb. Tanıdıq simalardır. Hərdən düşünürəm, Azərbaycanda sağlam düşündüyünü hesab elədiyim adamların hamsısını tanıyıram. Doğurdan da, sayları çox azdır.

Məhkəmə, prosesin əvvəlindən sonuna kimi saxta, uydurma olduğu, içində bir az şübhəsi olanlar üçün də məlum olur. Hamı baş verənlərdən ümidsizcəsinə qəzəbli, hirslidir. Biz kədərlə olanları izləyir, baş verənlərin dəhşətini özümüz üçün aydınlaşdırmağa çalışırıq. Amma mənə maraqlı gələn, irəli sürülən absurd, məntiqsiz, heç bir sağlam ağıla sığmayan ittihamlar deyil, bu ittihamları irəli sürən prokuror, onu müdafiə edən hakimlərdir. Arada qısa şəkildə romantizmə dalıb, prokurorun qəfil fikrini dəyişib, ittihamın saxta olduğunu deyəcəyini xəyal edəcək qədər səfehəm. Prokurorun isə prosesin əvvəlindən sonuna kimi müthiş özünə inamlı çıxışı, irəli sürülən ittihamı qızğınlıqla müdafiə etməsi hamı kimi məni də dərindən sarsıdır. Prokurorun bu hərəkətlərinə anlam verə bilmirəm.  O, açıq-aşkar yalanı müdafiə edir, tamamilə yalan danışır, amma arada mənə elə gəlir, o danışdığı yalanlarına möhkəm  inanır.


Ağılın sakitləşdirilməsi

8 May 1919-cü ildə Rusiyada anadan olub, sonradan Amerikaya miqrasiya edən Leon Festinger psixologiya sahəsində yeniliyə imza atır. Onun 1957-ci ildə yazdığı (“The Theory of Cognitive Dissonance”) “Koqnitiv Dissonansın nəzəriyyəsi” işi bütün dünyada məşhurlaşır. Festinger yazırdı: “Fərddə müxtəlif, uyğunsuz ideyaların eyni anda mövcud olması, insanda motivasiya gücü yaradır. Bu güc vasitəsilə insanlar öz hərəkətlərini ideyalarına uyğunlaşdırmaq əvəzinə, müvafiq həyat şəraitləri daxilində ideyalarını öz hərəkətlərinə uyğunlaşdırmağa çalışırlar”.

Festinger çox inadçı eksprimentor olub. O, Koqnitiv Dissonans nəzəriyyəsini sübut etmək üçün son dərəcə mürəkkəb təcrübələr keçirdib. Bu təcrübələr nəticəsində o, insan ağlının rasionallaşdırılmağa meyilli olduğunu aşkarlayıb.

Qeyd : Rasionallaşdırma – psixoloji müdafiə müxanizmi kimi çox geniş yayılıb. Bu mexanizm vasitəsilə insan, əslində doğru olmayan, reallıqdan uzaq fikirlərinə, hisslərinə, hərəkətlərinə haqq qazandırmağa, onları ən uyğun yoldan izah etməyə cəhd edir. Rasionallaşdırma özünə hörməti qorumağa, məsuliyyətdən yayınmağa və günah hissi keçirtməməyə kömək edir.

Keçirilən təcrübələrin birində insanların bir qisminə bir dollar, digərinə iyirmi dollar verilir ki, onlar yalan danışsın. Təcrübənin sonunda məlum olur ki, bir dollar alan insanlar dedikləri yalanlara iyirmi dollar alanlardan daha çox inanır, onları daha qızğınlıqla müdafiə edir. Bu təcrübə bir çox başqa ölkələrdə də keçirilir, nəticə yenə aşağı-yuxarı eyni olur. Bu, niyə belə olur?

Festinger izah edir ki, bir dollara görə öz yalanına haqq qazandırmaq asan deyil: axı, siz əvvəl-axır ağıllı və praktik insansız. Ağıllı və praktik insanlar isə ciddi əsaslar olmadan xoşagəlməz hərəkətlər törətmirlər. Nəticədə, siz öz sözlərinizi geri götürə bilmədiyinizdən, pulu – qəpik-quruş – aldığınızdan, öz fikirlərinizi hərəkətlərinizə uyğunlaşdırmağa çalışırsız. Bunu etməkdə məqsədiniz isə, özünüz haqda olan təsəvvürlə, etdiyiniz hərəkətin uyğunsuzluğunu (dissonansını) yumşaltmağa çalışmaqdır. Maraqlıdır ki, iyirmi dollar alanlar sonradan deyirdilər ki, “Bəli, mən yalan demişəm, yalan dediyimin də fərqində idim, amma axı, buna görə bizə iyirmi dollar veriblər”. İyirmi dollar alanlar daha az dissonans hiss ediblər. Onlar öz yalanlarına pulun çoxluğu ilə haqq qazandırıblar.

Festingerin bu nəzəriyəsi insanların bir çox ziddiyətli tərəflərini izah edirdi. Festingerin nəzəriyyəsi haqqında kitabın müəllifi, psixoloq Lorin Sleyter yazırdı: “Feystinger, bu nəzəriyyə vasitəsilə o günə qədər hamıya sirr qalan bir hadisəyə açar tapdı. Koreya müharibəsində çinlilər tərəfindən əsir götürülən amerikalı əsgərlər çox asanlıqla kommunizmə inanmağa başlayır. Bunun üçün çinlilər heç bir işgəncəyə, təyziqə yol vermədən, amerikalı əsgərlərdən anti-amerikan esselər yazmağı tələb edir. Bunu yazan amerikalı əsgərlərə bir az düyü və kiçik şokalad dilimləri verirlər. Belə yazılar yazan amerikalı əsgərlər sonradan kommunist ideyalarına tapınmağa başlayırlar.

Bu fenomen çoxlarına qəribə gəlir, çünki hamı inanır ki, beynin yuyulması üçün ciddi təbliğat aparmaq və ya böyük məbləğdə rüşvətlər vermək lazımdır. Amma dissonans nəzəriyyəsi sübut edir ki, insan onun fikirləri ilə uyğun gəlməyən hərəkətlərinin qarşılığında nə qədər az mükafat alırsa, o, bir o qədər fikirlərini dəyişməyə meyilli olur.  Bütün bunlarda nəsə insanı alçaldan bir məntiq var. Əgər siz bir parça şokalada, bir qutu siqaretə, bir ovuc düyüyə görə satılırsızsa, o zaman siz, bu axmaq hərəkətinizə haqq qazandırmaq üçün inandırıcı səbəb tapmalısız, axı heç kim özünü axmaq hesab eləmək istəmir”.

Bütün bu təcrübələrən sonra insanlığa qarşı inamını itirən Festinger yazırdı: “İnsanlar öz ikiüzlüklərinə haqq qazandırmaq üçün inanılmaz düşüncə gimnastikası ilə məşğul olurlar”. Festingerə görə insan rasional varlıq deyil, rasionallaşdıran varlıqdır. Festinger bu tapıntılarının sonunda insanlığına olan inamını itirir.

Amma maraqlıdır ki, onun apardığı təcrübələrdə böyük çoxluq eyni davransa da, çox az qism insan fərqli davranır. Həmin bu insanlar yeni paradiqma yaradan, şübhə edən, düşüncəsini şəraitə görə yox, şəraiti düşüncəsinə (ideyasına) görə dəyişənlərdir. Onar lap azdır, bax, həmin o məhkəmənin qarşısına gələnlərdir.

Azərbaycanda cəmiyyətin böyük qismi, məhz bu koqnitiv dissonansdan əziyyət çəkir. İnsanlar eyni anda bir-birinə təməlində ziddi olan fikirləri, ideyaları daşıyır, çox asanlıqla bu ideyaları da mövcud şərtlərə qurban verir. Festingerin dediyi kimi, onlar rasional varlıqlar deyil, rasionallaşdıran varlıqlardır. Festingerin təcrübəsindəki “bir dollarlıq insanlar” cəmiyyətimizdə ağırlıq təşkil edir. Ölkədə yeyilən milyardlarla pulun qarşılığında, təbii ki, min dollar elə bir dollar kimi bir şeydir. Bütün bu “bir dollarlıq” prokurorlar, hakimlər, həkimlər, müəllimlər  və digər sosial qruplar özlərinə hörmət hissini qorumaq, məsuliyyətdən yaxa qurtarmaq, öz ikiüzlüklərinə haqq qazandırmaq üçün hərəkətlərini rasionallaşdırmaqla məşğuldurlar.  Əks halda, aldıqları xırda-xuruşlara necə haqq qazandıra bilərlər ki?!

Ona görə də, iyirmi ildən çox koqnitiv dissonans yaşadıqdan sonra “inqlabçı səfir” ünvanını alan insanlara inana bilmərəm. Bu insanlar nə qədər savadlı olsalar da, ideya adamı deyillər, onlar asanlıqla şəraitə uyğunlaşıb, ikiüzlü davranışını rasionallaşdırmaqla məşğul olublar. İyirmi il eyni davranan insanın qəfil fikir dəyişməsi əlbət ki, şəraitin dəyişməsi ilə bağlıdır.

Tarixdə dissonansdan yaxa qurtarmağa çağıran insanlar az olmayıb, amma ən gözəlini Zərdüşt müəyyən edib: Düşüncənin, sözün və hərəkətlərin uyğunluğu.

Allah, təbiət ana, kosmos heç kimi şübhədən məhrum etməsin! İnsanlar dəyərlərini, ideyalarını şəraitə təslim etməsin. Amin!



Yazı müəllifin şəxsi fikirlərini əks etdirir…

Ana səhifəMənim FikrimcəƏclaflığın rasionallaşdırılması