Əbülfəz Bünyadov: Öldürmək istəyirlərsə, bunu açıq desinlər…

Hakim Sabunçu Rayon Polis İdarəsinə məktub göndəriləcəyini söyləyib

Foto: arxiv
Əbülfəz Bünyadov məhkəməyə gətirilərkən
Əbülfəz Bünyadov məhkəməyə gətirilərkən


Hakim Sabunçu Rayon Polis İdarəsinə məktub göndəriləcəyini söyləyib

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü əməliyyatı keçirdiyi evin sahibi, özü də iki güllə yarası alıb tamamilə iflic olmuş Əbülfəz Bünyadov aprelin 6-da yenə xərəkdə məhkəmə önünə çıxarılıb. Onun və Nardaran hadisələrinə görə ən son həbs edilən Elxan İsgəndərovun məhkəməsi birlikdə keçirilir və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmə prosesində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ifadə veriblər. Onlar 2015-ci il noyabrın 5-də “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov saxlanılarkən onun buraxılması tələb ilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etiraz aksiyasında baş verənlərlə bağlı sualları cavablandırıblar. Bildiriblər ki, futbol qarşılaşması ilə əlaqədar stadionda asayişə nəzarət edəndə onları idarəyə çağırıblar. Həmin vaxt idarənin qarşısında etirazçılar olub. Polislərdən biri bildirib ki, etirazçıların atdığı daş onun əlinə dəyib, xəsarət alıb.

Məhkəmədə Əbülfəz Bünyadov hakimə deyib ki, evinin qapısında dayanan polislər martın 18-dən sonra onun yanına bacılarını, həkimini belə buraxmırlar. Nəticədə o, baxımsız, dərmansız qalıb, çox ağır vəziyyətə düşüb: “Mən hərəkət edə bilmirəm, mənim açıq yaralarım var, altımı əmim oğlanları dəyişirdi, onları buraxmırlar. Bacılarım ağlaya-ağlaya qalıb, qardaşlarının üzünə həsrətdir. Mənim iflic olmaqdan başqa xəstəliklərim də var. Həkimi içəri qoymurlar. Dərman gətirirlər, içəri buraxmırlar. Deyirlər ki, yuxarıdan belə tapşırılıb. Öldürmək istəyirlərsə, bunu açıq desinlər, birdəfəlik öldürsünlər də…”

Hakim bildirib ki, məsələ ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinə məktub göndəriləcək.

Əbülfəz Bünyadov əməliyyat zamanı iflic olsa da, həmin gün həbs edilib. O, 2016-cı ilin dekabrında ev dustaqlığına buraxılıb. Nardaranda onun yaşadığı evin qapısında daim polislər keşik çəkir.

“Əgər vicdanları tam ölməyibsə…”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də aprelin 6-da etiraz bəyanatı yayaraq, hərəkatın idarə heyətinin üzvü Əbülfəz Bünyadova qarşı son vaxtlar baş verənləri işgəncələrin davamı kimi qiymətləndirib: “Nardaran hadisələri zamanı yaralanmış, yaralı ola-ola işgəncələrə məruz qalan Əbülfəz Bünyadov indi də təzyiqə məruz qalır. Onu ev dustaqlığına buraxıblar, amma əslində, evini həm özünə, həm də yaxınlarına zindan ediblər. Bu hərəkətə nə ad vermək olar, mən bilmirəm, amma Allahın bu zülmü götürməyəcəyi kəsindir. Əbülfəz Bünyadovun baxılmağa, yaralarının sarğısının dəyişdirilməsinə , yataq xəstəsi olduğu üçün qayğıya və həkim nəzarətinə ehtiyacı olduğu halda, son yarım ayda onu bundan məhrum etmək, evə gələn həkimi belə, yanına buraxmamaq, sarğısını dəyişən qohumlarının bunu etməsinə icazə verməmək nədir? Əgər vicdanları tam ölməyibsə, bu sualın cavabını qoy bütün bunları edənlər özləri özlərinə versinlər”.

Ana səhifəXəbərlərƏbülfəz Bünyadov: Öldürmək istəyirlərsə, bunu açıq desinlər…