Narkotik ittihami ilə həbs olunan “Facebook” fəali məhkəmədə deyib: “Məndən yalnız müxalifət, Əli Kərimli və Cəmil Həsənli barədə soruşurdular”.
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əbdül Əbilovun məhkəməsində istintaq zamanı şahidlərin ziddiyyətli ifadələriu üzə çıxıb. Hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən bloger bildirib ki, istintaq zamanı onunla narkotik maddə ilə bağlı heç bir sorğu-sual aparılmayıb: “Məndən yalnız müxalifət, Əli Kərimli və Cəmil Həsənli barədə soruşurdular”.
Əbdül Əbilov məhkəmədə “bandotdel”də İbrahim Kazımov tərəfindən döyüldüyünü də bildirib.
Prosesdə şahid qismində dəvət olunan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Zaur Kərimov, İbrahim Kazımov və Hətəm Əliyevin vəkil Xalid Bağırovun suallarına ziddiyyətli cavabları üzə çıxıb. Xalid Bağırov deyir ki, məhkəmədə Əbdül Əbilovun həbsi və evində axtarış aparılması ilə bağlı əməliyyata rəhbərlik edən şəxs də dindirilərkən də vəziyyət oxşar olub:
“Müzəffər Məmmədovun dindirilməsində məlum oldu ki, ümumiyyətlə bu əməliyyatın keçirilməsi qanunsuzdu. Ədbül Əbilovun keçirilməsi qanunsuz olub. Adam dedi ki, qanunda bilmirəm necədi, amma bizdə praktika belədir. Əslində qanunda isə tam fərlidir. Onun məhkəmə qərarı olmadan nə onun evinə, nə də cibinə girib baxış, axtarış keçirmək ixtiyarı var idi. Hal şahidlərinə gələndə ziddiyətlər ortaya çıxdı. Adamlar mənzildə axtarış aparıblar, amma otağın harda olduğunu bilmirlər”.
Növbəti məhkəmə prosesi mayın 1-nə təyin edilib.
Əbdül Əbilov “Facebook” sosial şəbəkəsində fəallığına görə həbs olunub. O burada “Yaltaqlara dur deyək” və daha bir neçə səhifənin admini olub.