Dünyanın ən nüfuzlu qadını: Angela Merkel

“Siyasətdən getmək üçün nə vaxtsa doğru yolu tapmaq istəyirəm. Amma bu, təsəvvür etdiyimdən daha çətin imiş. İstəmirəm ki, məni yarıölü biri kimi yola salsınlar”.

Source:
Angela Merkel
Angela Merkel

“Siyasətdən getmək üçün nə vaxtsa doğru yolu tapmaq istəyirəm. Amma bu, təsəvvür etdiyimdən daha çətin imiş. İstəmirəm ki, məni yarıölü biri kimi yola salsınlar”.

Almaniya kansleri Angela Merkel bu sözləri 1998-ci ildə – Xristian-Demokrat İttifaqının baş katibi olanda “Gücün izləri” kitabının müəllifi Herlinda Koelbla müsahibəsində deyib. Nə zamansa bu qərarın təkcə Almaniyanı yox, bütün Avropanı həyəcanlandıracağını onda çətin ki, kimsə təxmin edə bilərdi. Amma 20 il sonra məhz belə oldu. Qoca qitənin güclü və praqmatik liderdən məhrum olacağını düşünənlər qayğılanırkən, 16 il sonra baş verəcək kansler dəyişikliyini ölkə siyasəti üçün yeni impuls hesab edənlər sevindilər.

****

2004-2017-ci illər aralığında 12 dəfə “dünyanın ən nüfuzlu qadını” tituluna layiq görülən, 2006, 2007-ci illərdə dünyanın 100 ən nüfuzlu şəxsi siyahısında yer alan, 2015-ci ildə ilin adamı seçilən Angela Merkelin bioqrafiyası ağıl və bacarıq sarıdan qadınların kişilərdən geri qalmadığını sübut edən ən sanballı uğur hekayələrindən biridir. Amma bu hekayədə olmayan tək şey elə feminizmdir. Mənsub olduğu cinsin həmişə ancaq güclü tərəflərini nümayiş etdirən, qadınlığını həmişə arxa planda saxlayan, kosmetikadan, demək olar ki, istifadə etməyən, qarderobu əsasən eyni stil pencək və şalvarlardan ibarət olan Merkel möhtəşəm gecə qiyafətində publika qarşısına xeyli gec – böyük siyasətə gəlişindən illər sonra çıxmış, kanslerin qadın olduğunu az qala unutmuş almanları (həm də təkcə onları yox) təəccübləndirmişdi.

Onunla çalışanlar kənardan soyuq adam təsir bağışlayan Merkelin əslində gülərüz biri olduğunu deyilər. Sən demə, Merkel söhbət əsnasında həm özünün, həm də digər siyasətçilərin “yaralı” və zəif yerlərini zarafat mövzusuna çevirməyi bacarırmış (Məsələn, Nikola Sarkozi prezidentliyinin birinci dönəmində Tuluzada kütləni Merkelə göstərib “Xoşbəxtəm ki, xalq bizi görəcək” deyəndə, kansler üzünə vacib ifadə verərək ona belə cavab veribmiş: “Nikola, məncə, səninlə müqayisədə ulduz mənəm”).

“Bir yerdə keçirdiyimiz zamanlarda mən Angelanı əksərən gülümsəyən gördüm” – ABŞ-ın Almaniyadakı keçmiş səfiri Robert Kimmit 1991-ci ildən tanıdığı Merkel haqqında belə deyir.

***

Angela Doroteya Kasner 17 iyul 1954-cü ildə Qərbi Almaniyanın (Almaniya Federativ Respuçlikası) Hamburq şəhərində, polyak əsilli Kasnerlər ailəsində anadan olub. O, doğulandan 3 həftə sonra atası Horst Kasner (Kazmerçak soyadının alman variantı) Şərqi Almaniyanın (ADR) Preneberqe şəhərindəki kilsədə pastor xidməti göstərməyə dəvət edilir. İnsanların qərb tərəfə köç etdiyi dönəmdə onlar şərqə köçirlər. Kasnerin sosializm quruculuğuna optimizst yanaşırdı, amma əsas səbəb yəqin ki, dinlə bağlıydı. Ardıcıl və sabit mövqeyinə görə alman cəmiyyətinin və hətta marksist-leninçilərin də sayğıyla yanaşdığı protestan kilsəsi Şərqi Almaniyada dissidentlərin sığınacaq yerinə (bir növ səfirliyə) çevrilmişdi. Horst Kanser üç il orda işləyəndən sonra pastorluq təhsili verən Templin kollecinə müdir təyin edilir və ailəsiylə birlikdə ora köçür. Həmin illərdə, o, İmmanuil Kant kimi müasir filosofların fikirlərini dini baxışlarla “barışdıran”ilahiyyat nəzəriyyəsi formalaşdırır və Angelanın dünyagörüşü də elə bu mühitdə formalaşır.

Məktəb illərində, o, texniki fənlərə xüsusi bacarığıyla fərqlənir, riyaziyyat və rus dili olimpiadalarının qalibi olur. Müəllimləri onun ciddi, erudisiyalı və çox sakit bir şagird olduğunu xatırlayırlar. Rus dili müəlliməsi frau Benn deyir ki, sinifdə Angelanın varlığı, demək olar ki, hiss olunmayıb və o, adətən, arxa cərgədə oturub. Sonralar Merkel məktəb xatirlərindən danışanda bunun səbəbini “olduğu məkanı tam müşahidə edə bilmək istəyi”lə izah edəcəkdi.

Angelanın anası Gerlinq Kasner latın və ingilis dilləri müəlliməsi, qardaşı Markus fizik, bacısı İrensə psixoterapevtdir.

1973-cü ildə orta məktəbi bitirən Angela Leypsiqdəki Karl Mark Universitetinin fizika fakültəsinə daxil olur. Həmin il orda Ulrix Merkellə tanış olur, 4 il sonra onunla ailə qurur. ADR-də böyümüş uşaqların böyük əksəriyyəti kimi Angela da məktəb vaxtı pioner təşkilatının, tələbəlik illərindəsə Azad Alman Gəncliyi İttifaqının (AAGİ) üzvü olmuşdu (Sonralar tələbə yoldaşları Merkelin universitetdə AAGİ rayon komitəsinin təbliğat-təşviqat katibi olduğunu deyəcək, Merkelsə onları təkzib edib bildirəcəkdi ki, o, ancaq mədəni-kütləvi tədbirlərin təşviqinə, məsələn, teatr tamaşalarına biletlərin alınmasına cavabdeh olub).

Bu gün də sevimli yazıçısı hesab etdiyi yazıçı-dissident Rayner Kunseylə hələ tələbəykən tanış olmasına baxmayaraq, Angela o dövrün müxalif ruhlu gənclərinə qoşulmamışdı, demokratik bloka aid heç bir təşkilata, o cümlədən Almaniyanın Sosial Birlik Partiyasına da üzv olmamışdı. Amma Dövlət Təhlükəsizlik Nazirliyi (“Ştazi”) ilə əməkdaşlığa da razılıq verməmiş, sirr saxlamaq qabiliyyətinin yaxşı agent olmağa yetəcək qədər çox olmadığını bəhanə gedərək, bu qurumdan gələn təklifi rədd etmişdi.

ADR təcrübəsinin Merkelə öyrətdiyi ilk həyat dərsi buydu – 274 000 min informatoru olan gizli təşkilatın cənginə keçməmək üçün sağ qalma instinktini işə salıb fikir və düşüncələrini başqa formaya salmaq.

Universiteti əla qiymətlərlə bitirəndən sonra (1978) ADR Elmlər Akademiyasının Mərkəzi Fiziki Kimya İnstitunda işləməyə başlayır. 1981-ci ildə həyat yoldaşından ayrılır (Sonralar bunun səbəbini soruşan jurnalistlərə “Yanlış evlilik idi” deyəcəkdi), amma qızlıq soyadına qayıtmır. 1986-cı ildə kvant kimyası üzrə doktorluq dərəcəsi alır. O illərdə elmi araşdırmalarını davam etdirən və bir neçə məqaləsi dərc olunan Angela Qərbi Almaniyaya (AFR-ə) getmək fürsəti qazanır, orda keçirilən konqresdə iştirak edir. Bir müddət sonra Rusiyada olur – Donetskdəki çoxhəftəlik dil kursuna qatılır.

Bolqarıstana da səfər edən Angela sərhədin o tayındakı Yunanıstan yamaclarını görür, bütün Şərqi Almaniya vətəndaşları kimi, bir gün bu sərhədi keçib dünyanın onlar üçün qadağan olunmuş yerlərinə, xüsusilə də ABŞ-a getməyi arzulayır. ADR-də bunu ancaq 60 yaşdan – təqaüdə çıxandan sonra etmək olardı və “şərqli” almanların bəlkə də hamısı o günü gözləyirdi. Bu, həyatın Merkelə öyrətdiyi daha bir dərsiydi – səbr etmək.

2015-ci ilin fevralında Münhendəki təhlükəsizlik konfransında – Rusiyanın Ukraynaya təcavüzünə qarşı hərbi güc işlətmək tərəfdarı olmadığına görə tənqid ediləndə kansler buna öz həyat təcrübəsinə istinadən cavab vermişdi:

“Bilirsiz ki, mən ADR-də böyümüşəm. Berlin divarı 7 yaşım olanda, gözümün qabağında hörülmüşdü. Bir ölkənin bu şəkildə iki yerə bölünməsi beynəlxalq normalara ziddiydi, ciddi qanun pozuntusuydu, amma o vaxt heç kim ADR vətəndaşlarını, o cümlədən bütövlükdə Şərq blokunu qeyri-azad şəraitdən xilas etmək üçün müharibəyə başlamadı, vəziyyət uzun müddət o şəkildə qaldı. Mən o davranışı doğru sayıram, çünki reallıq belə tələb edirdi, silahlı müdaxilə uğurla nəticələnməzdi. Bizim təcrübəmizdə proses həmişə uzun çəkib, amma mən 100% əminəm ki, sonda bizim prinsiplərimiz üstün gələcək. Bir vaxtlar soyuq müharibənin necə sonlanacağını heç kim bilmirdi. Amma budur, o, artıq bitib. Bu gün bizim belə tez ruhdan düşməyimizə və cəsarətimizi necə tez itirdiyimizə baxıb təəccüblənirəm”.

1989-cu ildə Berlin divarı yıxılandan sonra ADR-də yeni partiyalar yaranmağa başlayır, o ərəfədə artıq fəaliyyətini dayandırmaq üzrə olan Elmlər Akademiyasını tərk edən Angela Merkel Demokratik Oyanış Partiyasında (DOP) işə başlayır, 1990-cı ilin fevralında bu təşkilatın mətbuat katibi postuna yüksəlir və elə həmin ay DOP Almaniya Sosial İttifaqı (ASİ) və Xristian-Demokratik İttifaqının (XDİ) yaratdığı konservativ “Almaniya uğrunda alyans”ına qoşulur. Bir ay sonra ADR-in Xalq Palatasına keçirilən seçkilərdə koalisiya qalib gəlir və cəmi 0,9% səs alan DOS da hökumətdə təmsil olunur. Az sonra məlum olur ki, DOS-un sədri Volfhanq Şnur uzun illər “Ştazi”nin informatoru olub. Bu xəbər alyansın tərəfdarlarını şoka salır, partiyanın nüfuzu ciddi şəkildə zədələnir. ADR-in ilk və son demokratik hökumətində Angela mətbuat katibinin müavini vəzifəsiylə təmsil edilir. 1990-ın yayında XDİ-yə keçir, payızda – iki Almaniyanın birləşməsi ərəfəsində şərqi və qərbi XDİ-lər də birləşirlər.

O zaman sevgilisiylə hələ ki, nikahsız yaşayan Merkelə bu konservativ mövqeli partiyanı cəlbedici edən əsas faktor, heç şübhəsiz, onun siyasi ambisiyalarıydı. Seçki yarışını udmuş populyar bir partiyada karyera qurmaq şansları, əlbəttə ki, daha çox olardı. Fəhmi onu aldatmır, 3 oktyabr 1990-cı ildə – Almaniya birləşən gün Merkel Federal Mətbuat və İnformasiya Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilir. 2 ay sonra keçirilən ilk ümumi bundestaq seçkilərində deputat mandatı qazanır. Az sonra Helmut Kol onu qadınlar və gənclərlə iş üzrə nazir vəzifəsinə təyin edir. Elə həmin il Angelanın ABŞ-a getmək arzusu, nəhayət, reallaşır. Rəsmi heyətin tərkibində Ağ Evdə olan Merkel Ronald Reyqanla – SSRİ-yə qarşı çıxan və ona qalib gələn qəhrəmanıyla görüşür. Amma bu xoşbəxtlik ona baha başa gəlir – Angelanı Buşa Şərqi Almaniyada böyümüş ekzotik kadr kimi, “Helmut Kolun qızı” olaraq təqdim edirlər. O, pərt olur və uşaqlığındakı kimi, arxa plana çəkilir. Merkel kiminsə adamı kimi yox, öz qabiliyyətinə görə qiymətləndirilmək istəyir. İsrailə səfər zamanı şəxsinə qarşı eyni laqeydliyi hiss edəndə əsəbləri tab gətirmir, görüşdən sonra ağlayır. Onun rəsmi bioqrafı Stefan Kornelius yazır ki, “Siyasi karyerasının ilk illərində Merkel tez-tez belə zəiflik nümayiş etdirirdi”.

1991-ci ilin noyabrında XDİ-nin Branderburq şöbəsində sədr müavinliyi üzrə yarışı uduzan Merkel bir ay sonra – partiyanın federal qurultayında partiya sədrinin müavini, iki il sonra isə partiyanın Meklenburq-Ön Pameraniya şöbəsinin sədri seçilir.

O, Bundestaqa növbəti seçkilərdə (1994) də deputat mandatı qazanır, yeni hökumətdə Helmut Kol ona ətraf mühitin və təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi üzrə nazir vəzifəsini həvalə edir.

1998-2005-ci illərdə kansler seçiləcək SDP-çi (Sosial-Demokratlar Partiyası) Herhard Şröder həmin ərəfədə onu “miskin nazir” adlandırır. Merkel yenə çox pərt olur, Herlinde Koelbla oilki müsahibəsində “İndi, o, mənimlə necə davrandısa, nə vaxtsa mən də onunla elə davranacam. Bir gün mütləq onu küncə qoyacam. Hələ ki, mənə vaxt lazımdır, amma o gün mütləq gələcək”,- deyir.

Nazir postundakı nailiyyətləri Şröderin ona qarşı haqsızlıq etdiyini göstərir. İqlim dəyişikliyi üzrə beynəlxalq Berlin konfransında çıxış edən Merkel parnik qazlarının azaldılmasıyla bağlı ilk yazılı vədin verilməsinə nail olur. “Addım-addım konsensus” taktikası ona yeni uğurlar qazandırır və nəhayət, “o gün” gəlib çatır: 2005-ci ildəki federal seçkilərdə nə XDİ-XSİ (Xristian-Sosialistlər Partiyası) koalisiyası, nə də SDP səsçoxluğu qazana bilir. Seçki axşamı kanslerliyə namizədlər adəti üzrə bir televiziya verilişində seçkinin nəticələrini müzakirə edirlər, Şröder dil-boğaza qoymadan israr edir ki, ondan başqa heç kim hökumət formalaşdıra bilməz. Həmin verilişdə Şröderə boş baxışlarla baxan məhz o gün Angela onu küncə qoyduğunu büruzə vermir. Eks-kanslersə, çox güman, bunu ancaq iki ay sonra – “miskin nazir” kansler olaraq and içən gün anlayır.

4 il sonrakı federal seçkilər xristian-demokratlar üçün böyük uğursuzluqla nəticələnir, mandat sayı azalan partiya müxalifətə keçməli olur. Bu məğlubiyyət Kolun partiyadakı əbədi rəqibi Volfhanq Şoyblenin mövqeyini gücləndirir, təşkilatın növbəti qurultayında (1998) o, XDİ-nin sədri seçilir və dərhal da Merkeli partiyanın baş katibi vəzifəsinə təyin edir. Kol partiyanın fəxri sədri və İdarə Heyətinin üzvü seçilir, eyni zamanda XDİ-nin federal idarəçiliyində də təmsil olunur.

Cəmi bir il sonra keçirilən yerli parlament seçkilərində, o cümlədən Avropa Birliyinə seçkilərdə XDİ-nin qələbə çalması Merkelin həm ictimaiyyətdə, həm də partiya daxilində nüfuzunu artırır. Bir neçə ay sonra partiyanın qanunsuz maliyyələşməsiylə bağlı faktlar üzə çıxır, məlum olur ki, Helmut Kol “Siyasi partiyalar haqqında” qanunu pozaraq lobbiçilərdən milyonlarla marka maliyyə vəsaiti qəbul edib. Televiziya müsahibəsində bunu etiraf edən eks-kansler gizlilik sözü verdiyini əsas gətirərək sponsorların adını açıqlamır.

Merkel doqquz il (1999-dan) rəhbəri olmuş Kolu publik tənqid edir, “Frankfurtun ümumi qəzeti”ndə dərc etdirdiyi məqalədə («Frankfurter Allgemeine Zeitung», 22.12.1999) “Onun vaxtı bitib” yazır və partiya üzvlərini köhnə qvardiyayla vidalaşmağa çağırır. Tutduğu postları bir neçə həftə sonra tərk edən Kol və XDİ sədri Volfhanq Şoyble arasında gizli polemika başlayır. Amma tezliklə bu polemikadan ictimaiyyət də xəbər tutur və Şoyble dəvət edildiyi bir televiziya verilişində etiraf etməli olur ki, qanunsuz maliyyələşmə məsələsində o özü də iştirak edib. Bir neçə ay sonra XDİ-nin qurultayı keçirilir (aprel, 2000) və Angela Merkel partiya sədri seçilir.

Amma bundan iki il sonra çağırılan qurultayda rəhbərlikdə təmsil olunan bəzi xristian-demokratlar kansler postuna Merkelin yox, partiyanın koalisiya ortağı olan XSİ sədri Edmund Ştoyberin namizədliyini dəstəkləyirlər. Təşkilatdakı mövqeyini daxili çəkişmələrlə zəiflətmək istəməyən Merkel onlara qarşı çıxmır. Amma seçkidə sosial-demokratlar qalib gəlirlər və kansler vəzifəsinə onların lideri Gerhard Şröder seçilir. XDİ-nin həmin il keçirilən qurultayında (2002) Merkel yenidən partiya sədr seçilir.

2003-2004-cü illərdə yerli seçkilərdə ciddi uğurlar qazanması partiyanın Bundestaqdakı mövqeyini möhkəmlədir və bu, müxalifətdə olan Merkelə həm Almaniyanın, həm də Avropa Birliyinin (AB) idarəçiliyində iştirak etmək imkanı qazandırır. 2004-cü ilin noyabrında ölkədaxili vəziyyəti şərh edən Merkel “Multikultural cəmiyyət uğursuz oldu” deyir, Avropa cəmiyyətinə inteqrasiya imkanlarının zəifliyinə görə Almaniyanın o vaxt əsasən Türkiyə türklərindən ibarət olan müsəlman əhalisini tənqid edir. Həmin il Türkiyəyə 3 günlük səfəri zamanı bu ölkə və AB arasında “imtiyazlı əməkdaşlıq” (“tam tərəfdaşlıq” əvəzinə) modeli təklif edir. 11 il sonra Merkelin multikulturalizmə və müsəlmanlarla birgəyaşayışa münasibətində kardinal dəyişiliklər baş verəcəkdi və reytinq itkisi bahasına olsa belə, o, Almaniyanın “qapılarını” taybatay onların üzünə açacaqdı (Bu haqda yazının davamında).

2004-cü il həm də Merkelin partiyadaxili mövqeyinin möhkəmləndiyi ildir. May ayında Federal Məclisdə keçirilən seçkilərdə Səlahiyyət müddəti başa çatmış AFR prezidenti Yohannes Raunun yerinə XDİ və XSİ-nin tanınmış simalarından yüksək səviyyədə dəstək almış Volfhanq Şoyble yox, Merkelin dəstəklədiyi Horst Köler seçilir. Növbəti ilin mayında isə koalisiyanın birgə yığıncağında kanslerliyə Merkelin namizədliyi təsdiqlənir.

Bu yerdə çox vacib bir məqama diqqət etməmiz lazımdır. Merkeli karyera pilləkənində yüksəldən əsas səbəblərdən biri, bəlkə də birincisi gördüyü işə son dərəcə ciddi yanaşmasıdır. O, siyasətdə, ilk növbədə, bir elm adamı kimi var; ya da belə deyək – onun siyasətində elmin intizamı var. Elmlə çalışdığı zamanlarda olduğu kimi, intellektual çalışma və ən etibarlı göstəricilər əldə etmə hələ də Almaniya kanslerinin əsas iş prinsipidir. O, siyasətçilərdə az rast gəlinən araşdırmaçı ruha sahibdir. Helmut Kolun kanslerliyi dönəmində Merkellə birgə işləmiş Mattias Visman Merkeli hər an ayıq-sayıq olan kapitana bənzədir: “O, vacib məqamlarda kursu dəyişə bilmək azadlığını sevir. Problemi kökündən öyrənmək, lazımsız informasiyaları kənara atmaq və çoxlu sual vermək – Angelanın iş metodu belədir. O dönəmdə o, həmişə bir nazirdən gözləməyəcəyiniz qədər məlumatlı olurdu”.

2013-cü ilin Bundestaq seçkilərində sosial-demokratların kanslerliyə namizədi olmuş, Merkelə uduzandan sonra onun kabinetində maliyyə naziri işləmiş Peer Ştaynbrük da ilk növbədə onun araşdırmaçı xüsusiyyətini vurğulayır: “Angela çox ağıllıdır. Sizin ona verdiyiniz informasiyanı dərhal qavrayır və ciddi şəkildə yoxlayır. O, həm də çox etibarlı insandır, qənaətinizin doğruluğuna əmin olduqdan sonra sizi həmişə müdafiə edir. Kanslerin dəyişməz tələbi bütün məsələlərdə tam konfedensiallıqdır. Bircə dəfə bu tələbi pozsanız, ikinci şansınız olmayacaq, çünki onun ofisi fövqəladə dərəcədə kip bağlanan konteyner kimidir. Angelanın yaxın ətrafı 6-7 əsas köməkçidən ibarətdir, ikisi tam on ildir ki, onun yanındadır”.

Komandasının üzvləri Angelanın az qala 24 saat çalışdığını deyirlər. İş gününün böyük hissəsini kabinetindəki uzun danışıq masası arxasında, ən müxtəlif məsələləri müzakirə etməklə keçirən Merkel uzun araşdırmalardan sonra seçdiyi kursu addım-addım reallaşdırmağa başlayır.

Bu baxımdan Bundestaqa növbəti seçkilərdə (sentyabr, 2005) XDİ-XSİ koalisiyasının hakimiyyətdəki sosial-demokratlardan daha çox səs toplamasında şəxsən Merkelin böyük əməyi var deyə bilərik. Amma təkbaşına hökumət qurmaq üçün yetərli deputat sayına malik olmayan koalisiya uzunmüddətli danışıqlardan sonra SDP ilə ortaq hökumət qurmaq qərarı alır – təbii ki, Merkelin kansler olması şərtilə.

Beləliklə, 22 noyabr 2005-ci ildə Angela Merkel bundestaqın 16-cı kansleri seçilir və AFR tarixində bu vəzifəni tutan ilk qadın, keçmiş ADR-dən seçilən ilk kansler və bu vəzifəni tutan ən cavan siyasətçi olur. Ağlı, ambisiyası, işgüzarlığı, siyasi rəqabət bacarığı və praqmatizmiylə orta statistik alman qadınından xeyli üstün olan, amma sadə geyimi və sıradan yaşam tərziylə onlardan heç nəylə fərqlənməyən Merkelin qələbəsi alman qadınlarının çoxunu sevindirir.

Ardı var.

Ana səhifəMənim FikrimcəDünyanın ən nüfuzlu qadını: Angela Merkel