”Neft gəlirlərindən sonra Böyük Britaniyadan Azərbaycana 3600-a yaxın avtomobil ixrac edilib”
Böyük Britaniyanın avtomobil sənayesini araşdıran iqtisadçı Rövşən Ağayev maraqlı statistikanı üzə çıxardıb. Bu barədə iqtisadçı öz “Facebook” səhifəsində yazıb.
Rövşən Ağayev bildirib ki, Böyük Britaniya müştəri kontingentini genişləndirmək üçün bir sıra ölkələrdə şirnikləndirici vasitələrdən istifadə edib. Hətta bu sırada Azərbaycanın da adı hallandı.
İqtisadçı Böyük Britaniyanın dünyanın nəhəng avtomobil sənayeçi-ölkələri içərisində ən bahalı maşınlar ixrac etdiyini bildirib: “Müqayisə edək: 2015-ci ildə benzinlə çalışan və mühərrikinin həcmi 1500-3000 kubsm olan avtomobillərin orta ixrac qiyməti Britaniyada 24.8 min dollar, ABŞ-da 18 min dollar, Almaniyada 17.8 min dollar, Yaponiyada 16.2 min dollar, Koreyada 13.6 min dollar olub.
2015-ci ildə benzinlə çalışan və mühərrikinin həcmi 3000 kubsm-dən çox olan avtomobillərin orta ixrac qiyməti Britaniyada 93 min dollar, Almaniyada 46.8 min dollar, ABŞ-da 27.9 min dollar, Yaponiyada 31.2 min dollar, Koreyada 24.7 min dollar olub”.
R.Ağayev adıçəkilən dövlətin xarici ticarət bazasını araşdıranda məlum olub ki, ən bahalı avtomobillərini alanlar sırasında sərvət ölkələri önəmli yer tutur: “Britaniya statistikasına görə, 2015-ci ildə ölkədən benzinlə çalışan və mühərrikinin həcmi 3000 kubsm-dən çox olan 102.5 min avtomobil ixrac edilib. Bu ixracın 11.8 min ədədi və ya 11.5 faizi 4 sərvətlə zəngin ərəb ölkəsinə gedib. Söhbət Səuduyyə Ərəbsitanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və Qətərdən gedir. Həmin sayda avtomibillərə təxminən 1.5 milyard dollar xərclənib və bu kateqoriyadan olan bir avtomobilin orta ixrac qiyməti 125 min dollar ətrafında olub. Müqayisə üçün deyim ki, bu 4 ölkənin əhalisinin birlikdə sayı Türkiyə əhalisinin az qala yarısı qədərdir. Amma 2015-ci ildə Britaniyadan Türkiyəyə göstərilən kateqoriyadan cəmi 185 avtomobil daxil olub. Yaxud Küveyt və Qətərin əhalisi dünyada ən inkişaf etmiş ölkələrindən olan Finlandiyanın əhalisi qədərdir. Amma Finlandiya 2015-ci ildə Britaniyadan benzinlə çalışan və mühərrikinin həcmi 3000 kubsm-dən çox olan cəmi 17 ədəd maşın idxal edib, amma Küveyt və Qətər ikisi birlikdə 3500 ədəd”.
Ağayev 2005-ci ilədək Azərbaycana Böyük Britaniyadan maşın gətirilmədiyini bildirib: “Lakin böyük neft pulları vəziyyəti dəyişib, 2005-2015-ci illərdə ölkəmizə Böyük Britaniyadan benzinlə çalışan və mühərrikinin həcmi 3000 kubsm-dən çox olan 3600-a yaxın avtomobil ixrac edilməsi ilə bağlı məlumat onların rəsmi statistikasında yer alıb. Həmin məlumata görə, bu növdən Azərbaycana ixrac olunan avtomobillərin sayı təkcə 2013-2015-ci illərdə 450 ədəd olub. Onların ümumi ixrac dəyərinin 47.8 milyon dollar olduğu bildirilir ki, bu da bir ədəd üzrə orta ixrac qiymətinin 106 min dollar təşkil etdiyini göstərir. MDB ölkələri arasında Rusiya liderdir – 3.9 min ədəd idxal olub, bir avtomobilin orta ixrac dəyəri 70 min dollara yaxın olub. 2015-ci ildə bu kateqoriaydan olan maşınlardan Ukraynaya 24 ədəd, Qazaxıstana 10 ədəd, Tacikstan və Özbəkistanın hər birinə 2 ədəd ixrac edilib. Türkmənistan və Belorusa isə heç 1 ədəd də gəlməyib”.
“Yüksək inkişaf etmiş ölkələrdə bahalı istehlak iqtisadiyyatın potensialını, əhalinin həyat səviyyəsini əks etdirir. Yoxsul ölkələrdə isə korrupsiyanın səviyyəsini…”,-deyə iqtisadçı fikrini yekunlaşdırıb.