”Dünyamin Xəlilov dedi ki, sənin adına şirkət açırıq”

Şahid: “Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü”

Source:
Dünyamin Xəlilov və Cahangir Hacıyev
Dünyamin Xəlilov və Cahangir Hacıyev


Şahid: “Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü”

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, D.Xəlilov “Beynəlxalq Bank”ın sabiq sədri Cahangir Hacıyev vasitəsilə “Aqora” MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb şirkətin Norveç filialındakı hesabına köçürüb. Şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına mal mübadiləsi aparılması adı ilə 3,3 milyon dollar kredit verilib, lakin heç bir mübadilə işi aparılmayıb. Həmin məbləğ İsveçrədəki hesaba köçürülüb. Bu yollarla bir neçə belə əməliyyat həyata keçirilib, “Beynəlxalq Bank”a və “Aqrar Kredit Bank”a külli miqdarda ziyan vurulub.

D.Xəlilov və digər təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.

Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı

Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilib. Dünyamin Xəlilov isə hazırkı mərhələdə ifadə vermək istəməyib.

Digər təqsirləndirilən Mansur Zeynalov “Azərqaztikinti” şirkətində hüquqşünas işlədiyini deyib:

“2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə mən və bir neçə şəxs yeni şirkət yaratdıq. Bizə dedilər ki, bu, normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan “Kongo Group” şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim. Bir müddət sonra məni Vergilər Nazirliyinə çağırıb dedilər ki, şirkətlə bağlı cinayət işi açılıb. Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər”.

Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiyimizi bilmirdik

Təqsirləndirilən Şakir Musayev isə “İnter Tekstil” ASC-nin İdarə Heyətinin üzvü olub:

“Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə “Beynəlxalq Bank”da kredit müqavilələrində qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də “İnter Tekstil” şirkətinə rəhbərlik edirdi. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın mərkəzi filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiyimizi bilmirdik. Sadəcə istintaqda bildim ki, pullar “Səbail Mebel” şirkətinə köçürülüb. Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Rəhbərin alnına yazılmır ki. Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi”.

D.Xəlilov Ş.Musayevə heç bir tapşırıq vermədiyini deyib.

Bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb

Təqsirləndirilən Fərhad Əmiraslanov 2005-ci ildən “General construction” şirkətində departament rəhbəri işlədiyini deyib: “2007-ci ildə Dünyamin müəllim dedi, sənin adına şirkət açırıq, maaşını da 100 manat artırıram, razılaşdım. Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum”.

“Səbail Mebel” şirkətinin direktoru Seyfulla Seyfullayev deyib ki, Dünyamin Xəlilov həmin şirkətin səhmlərini alıb: “Sonra mənə zəng edib ki, “Beynəlxalq Bank”ın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik”.

Digər təqsirləndirilən Ruslan Əsgərov deyib ki, D.Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkib və əvəzində maaşına 100 manat əlavə olunub.

Təqsirləndirilənlərdən biri, “Atəşgah” Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev deyib ki, dostunun xahişi ilə bu işə qoşulub: “Dostum, “General Construction”un idarə heyətinin üzvü Camal mənə dedi ki, gəl sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim. Adıma “Sportline” şirkəti açıldı”.

Proses martın 2-də davam edəcək.

2015-ci ilin yayından “Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs-qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin – 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.

Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Ötən il “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Dünyamin Xəlilov dedi ki, sənin adına şirkət açırıq”