“Azərbaycan hökumətini israrla ATƏT qarşısındakı öhdəliklərinə riayət etməyə və jurnalistlərə, söz azadlığı müdafiəçilərinə qorxusuz şəraitdə işləməyə imkan verməyə çağırıram”
ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda KİV və QHT fəallarının təqibinin artmasını pisləyib. Xüsusən, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və onun direktoru Emin Hüseynovun təqibi qeyd olunur.
O, avqustun 8-də mülki geyimli naməlum şəxslərin RATİ ofisinin qapısını sındırmağa çalışdıqlarını xatırladaraq bildirib ki, prokurorluq nümayəndələri Emin Hüseynovun anasının evində axtarış aparıblar və onun kompüterini müsadirə ediblər. Avqustun 5-də hakimiyyət Hüseynovun təcili tibbi yardım üçün Bakıdan İstanbula uçuşunu qadağan ediblər. Heç bir rəsmi izahat verilməyib.
“RATİ-nin ofisinin işğal edilməsi cəhdi və Emin Hüseynovun ailəsinin qorxudulması, onun ölkəni tərk etməsinin qadağan edilməsi Azərbaycanda KİV azadlığı sahəsində vəziyyətin genişmiqyaslı şəkildə pozulmasının dəlilidir. Buna müstəqil jurnalistlərin, vəkillərin və blogerlərin məqsədyönlü təqibi daxildir” –deyə Miyatoviç bilirib.
Xanım Myatoviç bir daha hakimiyyəti ölkədə KİV və azad səslərin davam edən təqibini dayandırmağa çağırıb.
Avqustun 6-da Dunya Miyatoviç Emin Hüseynovun müalicə üçün səfərinə qoyulmuş qadağanı aradan qaldırmaq xahişi ilə XİN rəhbəri Elmar Məmmədyarova məktub göndərib. Həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərin təqibi çərçivəsində Media Hüquqları İnstitutunun və onun direktoru Rəşid Hacılının bank hesabları dondurulub.
“Bu hadisələr və ləkəyaxma kampaniyaları Azərbaycanda söz azadlığının ciddi şəkildə boğulmasına və onun inkişafına uçuruma gətirib çıxarıb ki, bunun da təkcə KİV-ə deyil, həm də bütünlükdə cəmiyyətə mənfi təsiri var. Hakimiyyətin əməlləri öz tənqidçilərini susdurmağa yönəlməməlidir. Azərbaycan hökumətini israrla ATƏT qarşısındakı öhdəliklərinə riayət etməyə və jurnalistlərə, söz azadlığı müdafiəçilərinə qorxusuz şəraitdə işləməyə imkan verməyə çağırıram” – deyə xanım Myatoviç qeyd edib.
Miyatoviç həmçinin yaxın gələcəkdə vəziyyətlə yerində tanış olmaq üçün Bakıya gəlmək istədiyini bildirib (Turan İA).