Dunya Miyatoviç “Hərbi Qənimətlər Parkı”ndakı təsvirlərdən narazı qalıb

Məktubunun sonunda komissar bildirib ki, ən tez və uyğun bir zamanda Azərbaycana səfər etməyə hazırdır.

Source: Google


İnsan Haqları Komissarı Əliyevi düşmənçilik və nifrəti alovlandıracaq ritorika və hərəkətlərə qarşı qəti mövqe sərgiləməyə səsləyib

““Hərbi Qənimətlər Parkı”ndakı təsvirləri aşırı narahatedici və alçaldıcı hesab edirəm. Bu cür göstəri çoxdankı ədavətli hissləri və nifrət çıxışını daha da qızışdıra və gücləndirə bilər, dözümsüzlüyü təbliğ edər”.

Bu fikirlər Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı

məktub

da əksini tapıb.

Dunya Miyatoviç Bakını Dağlıq Qarabağ və ətrafındakı münaqişədən ziyan görmüş icmalar arasında onsuz da dərin yara açmış ədavətin kök salmaması və böyüməməsi üçün maksimum ehtiyatlı davranmağa çağırır. O, bu konteksdə Bakıda yeni salınmış “Hərbi Qənimətlər Parkı”ndan narahatlığını bildirir.

Miyatoviç Əliyevi düşmənçilik və nifrəti alovlandıracaq ritorika və hərəkətlərə qarşı qəti mövqe sərgiləməyə, əvəzində münaqişənin zərbə vurduğu xalqlar arasında sülhün və barışığın təbliğinə yönəlik cəhdlərə tam siyasi dəstək verməyə səsləyir.

Məktubunun sonunda komissar bildirib ki, ən tez və uyğun bir zamanda Azərbaycana səfər etməyə hazırdır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Dunya Miyatoviçin məktubuyla bağlı açıqlama

yayıb

.

XİN bildirib ki, münaqişə 30 ilə yaxın davam edib, nəhəng humanitar əziyyətlərə səbəb olub və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət edilib:

“Lakin bütün bu iztirablar və hüquq pozuntuları “Komissarın mandatına aid olmaması” bəhanəsi ilə həm hazırkı komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb. Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində Ermənistanın qanunsuz işğal illərində bu ərazilərdə törətdiyi böyük miqyaslı dağıntılar üzə çıxır. Bundan əlavə, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistan bir sıra dəhşətli müharibə cinayətləri törədib. Cəbhə bölgəsindən uzaqda yerləşən və sıx məskunlaşmış Gəncə və Bərdə şəhərlərində yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın digər şəhərlərinin ballistik raketlərlə atəşə tutulması yüzdən çox günahsız mülki şəxsin öldürülməsi ilə nəticələndi. Yenə də bütün bu dəhşətli faktlara Avropa Şurasının İnsan Hüquqları Komissarı tərəfindən təəssüf ki, məhəl qoyulmadı. Heç kimsə mülki əhalinin həyatına və hüquqlarına birbaşa təsir edən bu kimi məsələlərin Komissarın mandatına aid olmadığını iddia edə bilməz”.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Hərbi Qənimətlər Parkı” ilə bağlı fikirlərə gəlincə, nazirliyin cavabında deyilib:

“Park, dünyanın digər guşələrindəki bənzətmələr kimi, irqçiliyin, ayrı-seçkiliyin və dözümsüzlüyün uğur qazanma şansının olmadığını açıq şəkildə xatırladır. Bura indiki və gələcək nəsillər üçün təcavüz və dözümsüzlük siyasətinin təhlükələri haqqında bir təhsil yeridir və həqiqəti axtarmaq üçün müvafiq məkandır”.

“Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür. Beləliklə də, 20 aprel 2021-ci il tarixli məktubunun Komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı və bunun Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır”,-deyə XİN qeyd edib.

Azərbaycan Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb.

44 günlük müharibədə Azərbaycan işğal altında olan rayonlarının 7-ni azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında müharibənin bitməsi ilə bağlı razılaşma imzalanıb.

Razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətDunya Miyatoviç “Hərbi Qənimətlər Parkı”ndakı təsvirlərdən narazı qalıb