Dünya çempionatlarının statistikası

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı həlledici mərhələyə qədəm qoyur

Source:
Dünya kuboku
Dünya kuboku

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı həlledici mərhələyə qədəm qoyur. Oxuculara maraqlı ola biləcəyini nəzərə alaraq, dünya çempionatlarının statistikasını bölüşməyi qərara aldıq. Bu zaman oxuculardan hazırda davam edən çempionatdakı göstəricilərin hesablanmadığını və çempionatlar deyərkən yalnız final turnirindən (seçmə oyunlar olmadan) söhbət getdiyini nəzərə almalarını xahiş edirəm.

***

İndiyə qədər 20 çempionat keçirilib. 16 ölkə evsahibliyi edib. Beş ölkə dünya çempionatını iki dəfə keçirmək şərəfinə nail olub: İtaliya (1934, 1990), Fransa (1938,1998), Braziliya (1950, 2014), Meksika (1970, 1986) və Almaniya (1974, 2006). Dünya çempionatları tarixində yalnız bircə dəfə, 2002-ci ildə turnir eyni vaxtda iki ölkədə – Yaponiya və Koreya Respublikasında keçirilib. Uruqvay, İsveçrə, İsveç, Çili, İngiltərə, Argentina, İspaniya, ABŞ və CAR da hərəyə bir dəfə ev sahibi rolunda çıxış ediblər.

İlk dəfə ikiqat ev sahibi Meksika olub və bu, təsadüfən alınıb. 1986-cı ilin dünya çempionatını öncə Kolumbiyada keçirmək qərara alınmışdı. Lakin ölkə hökuməti maliyyə səbəblərindən bundan imtina etdi. Yeni seçkilərdə Meksika Kanada və ABŞ-a qalib gəldi.

İyirmi çempionat ərzində ev sahibləri 6 dəfə çempion olublar. 1930-cu ildə Uruqvay, 1934-cü ildə İtaliya, 1966-cı ildə İngiltərə, 1974-cü ildə Almaniya Federativ Respublikası, 1978-ci ildə Argentina və 1998-ci ildə Fransa. Almaniya xaric, onların hər biri ilk dəfə çempion olurdu.

***

İyirmi çempionatda 8 komanda çempion titulunu qazanıb. Braziliya buna 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Argentina və Uruqvay 2 dəfə, İngiltərə, Fransa və İspaniya isə 1 dəfə nail olublar.

Dünya çempionları yalnız 2 dəfə növbəti çempionatda da qalib gəlməklə öz titullarını qoruyublar. Bunu 1938-ci ildə italyanlar və 1962-ci ildə braziliyalılar bacarıblar. Qalan hallarda isə çempion titulunu başqa komanda qazanıb. Daha iki halda isə çempion finala qədər irəliləyə bilib, lakin həlledici oyunda məğlub olub: 1990-cı ildə Argentina və 1998-ci ildə Braziliya.

İtaliya millisi 16 il – 1934-cü ildən 1950-ci ilə qədər dünya çempionu titulunu daşımaqla rekorda sahibdir. Lakin bu daha çox siyasi səbəblərdən qaynaqlanır. Belə ki, İkinci cahan savaşı səbəbindən 1942 və 1946-cı illərdə çempionat keçirilmədi. Əvəzində 1950-ci ildə İtaliya elə qrup turnirində mübarizəni dayandırdı.

İlk dəfə ikiqat dünya çempionu da İtaliya olub. İlk dəfə üçqat , dördqat və beşqat dünya çempionu adına yiyələnən isə Braziliya olub. 1970-ci ilin finalında iki ikiqat dünya çempionu (Braziliya və İtaliya) qarşılaşıb və onlardan biri ilk üçqat dünya çempionu olacaqdı. 4:1 hesabı ilə qalib gələn braziliyalılar buna nail olublar.

1994-cü ilə isə yenə bu iki komanda finalda üçqat dünya çempionları kimi qarşılaşıblar və ilk dördqat dünya çempionunu müəyyən ediblər. Yenə də qalib Braziliya olub, bu dəfə penaltilər seriyasından sonra.

Maraqlıdır ki, Braziliya, İtaliya və Almaniya komandalarının hər biri dördüncü titullarını üçüncüdən 24 il sonra qazanıblar.

***

Oyunçular arasında çempion titulunu 3 dəfə qazanan yeganə şəxs Peledir. Daha 15 braziliyalı, 4 italiyalı və 1 argentinalı dünya çempionu titulunu 2 dəfə qazanıblar. Alman Miroslav Kloze 1 qızıl, 1 gümüş və 2 bürünc olmaqla dünya çempionatlarında 4 medal qazanan yeganə oyunçudur.

Klozedən əlavə daha beş alman (Mayer, Bekkenbauer, Qrabovski, Höttges və Overat) medalların bütün növlərini qazanıblar – 1966-cı ildə gümüş, 1970-ci ildə bürünc və 1974-cü ildə qızıl. İtalyan Franko Barezi də eyni nailiyyətlə öyünə bilər – 1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş.

İtaliyalı Vittorio Pozzo öz yetirmələrini iki dəfə (1934, 1938) çempion edən yeganə məşqçidir. Ötən 80 il ərzində daha heç bir məşqçi bu nailiyyəti təkrar edə bilməyib.

Yalnız iki nəfər – Mario Zaqallo və Frans Bekkenbauer həm oyunçu, həm də məşqçi kimi çempion titulunu qazanıblar. Zaqallo 1958 və 1962-ci illərdə oyunçu kimi, 1970-ci ildə isə məşqçi kimi çempion olub. Bekkenbauer isə Almaniya yığmasını 1974-cü ildə kapitan kimi, 1990-cı ildə isə məşqçi kimi zəfərə daşıyıb. Zaqallo, üstəlik, 1994-cü ildə baş məşqçinin köməkçisi kimi də çempion olmaqla 4 qızıl medala malik yeganə şəxsdir.

***

Çempionatlar tarixində ən çox qol vuran oyunçu titulu da Miroslav Klozeyə məxsusdur – 16 qol. Sonrakı yerləri 15 qolla braziliyalı Ronaldo və 14 qolla başqa bir alman Herd Müller tutur. Dördüncü yerdə fransalı Jüst Fontendir – 13 qol.

Üçqat dünya çempionu Pele iştirak etdiyi 4 şempionatda 12 qol vurmaqla yalnız beşinci yeri tutur. 6-7-ci yerləri isə 11 qolla macar Şandor Koçiş və alman Yurgen Klinsmann tuturlar.

Bir çempionatda ən çox qol vuran oyuçu Jüst Fontendir. O, 13 qolun hamısını bir çempionatda vurub. İkinci yerdəki Şandor Koçiş də yalnız bir çempionatda 11 dəfə fərqlənib.Üçüncü yerdə isə Herd Müllerdir (10 qol).

Ümumiyyətlə, indiyə qədər 35 futbolçu 7 və daha artıq qol vurub. Bu futbolçular doqquzu alman, səkkizi braziliyalı olmaqla 14 ölkəni təmsil edirlər.

***

İlk 11 çempionatın final turnirində 16 komandanın iştirak etməsi nəzərdə tutulurdu. Lakin müəyyən səbəblərdən 1930 və 1950-ci illərdəki yalnız 13 komanda iştirak edib. 1982-ci ildən 1994-cü ilə qədər keçirilən 4 çempionatın final turnirində 24 komanda iştirak edib. 1998-ci ildən etibarən isə 32 komanda iştirak edir. 2026-cı ildə bu sayın 48-ə yüksələcəyi ehtimal edilir.

Medallar uğrunda mübarizə əsasən Avropa və Cənubi Amerika komandaları arasında gedib. Yeganə istisna 1930-cu ildə ABŞ millisinin qazandığı bürünc medallardır.

Avropaya və Cənubi Amerikaya mənsub olmayan bir ölkənin bir daha yarımfinala çıxması yalnız 72 il sonra baş verdi. 2002-ci il çempionatının ev sahiblərindən biri olan Koreya Respublikasının millisi xeyli dərəcədə hakimlərin köməyi ilə yarımfinala çıxdı. Lakin burada hər iki oyunu uduzaraq 4-cü yerlə kifayətlənməli oldu və medalsız qaldı.

Afrika komandaları arasında isə 1990-cı ildə Kamerun, 2002-ci ildə Seneqal və 2010-cu ildə Qana komandaları 1/4 finala çıxmaqla ən yüksək göstərici əldə etmişlər.

1934, 1966, 1982, 2006-cı illərdə yarımfinala çıxan 4 komandanın hamısı Avropanı təmsil edib. Daha üç dəfə medalları yalnız avropalılar qazanıblar, Cənubi Amerika təmsilçiləri (1954 və 2010-cu illərdə Uruqvay, 1974-cü ildə Braziliya) isə dördüncü yerlə kifayətləniblər.

Ümumilikdə yarımfinala avropalılar 56 dəfə, Cənubi amerikalılar isə 22 dəfə çıxıblar. Belə uğura Avropanın 19 ölkəsi, Cənubi Amerikanın isə əsasən üç ölkəsi Braziliya, Argentina, Uruqvay və bir dəfə Çili nail olmuşlar.

***

Turnirin həlledici oyununda iştirak hüququnu 12 ölkə qazanıb. Buna ən çox Almaniya nail olub, 8 dəfə. Dördqat dünya çempionları həm də finalda ən çox məğlubiyyət acısı yaşayan komandadır – 4 dəfə. Beşqat dünya çempionu Braziliya daha iki dəfə gümüş medalla kifayətlənib.

Almaniyadan sonra finalda ən çox (3 dəfə) uduzan Argentina və Niderland milliləridirlər. Lakin əgər “albiseleste” iki dəfə qızıl medal da qazanıbsa, Niderland belə uğura hələ ki həsrətdir. İtaliya, Çexoslovakiya və Macarıstan iki finalda məğlubiyyətə uğrayıblar. Fransa və İsveç isə bir dəfə gümüş medal qazanıblar.

1930 və 1950-ci illərdə həlledici görüşdə iki Cənubi Amerika komandası qarşılaşıb. Səkkiz dəfə isə hər iki finalçı Avropanı təmsil edib. Qalan 10 halda finalçılardan biri Avropa, digəri Cənubi Amerika təmsilçisi olub. “Qarışıq” finallarda hesab 7-3 Cənubi Amerika nümayəndələrinin xeyrinədir. Lakin ümumən avropalılar 11 dəfə, amerikalılar isə 9 dəfə çempion olublar.

Final oyunlarında yeganə het-trik ingilis Ceffri Herstə məxsusdur. Daha üç oyunçu, lakin iki finalda olmaqla 3 qol vurublar – Vava (1958-iki, 1962-bir), Pele (1958-iki, 1970-bir) və Zidan (1998-iki, 2006-bir). İtalyanlar Cino Kolaussi və Silvio Piola (1938), alman Helmut Ran (1954) argeninalı Mario Kempes (1978) və braziliyalı Ronaldo (2002) final oyunlarında dubl ediblər. Daha bir alman Paul Braytner isə iki finalın (1974 və 1982) hərəsində bir qol olmaqla iki qol vurub.

Cəmi üç final oyununda böyük hesablı qələbə qeydə alınıb və onların hər birində Braziliyanın iştirakı var. Onlar 1958-ci ildə İsveçə 5:2, 1970-ci ildə isə İtaliyaya 4:1 hesabı ilə qalib gəlmiş, 1998-ci ildə isə Fransaya 0:3 hesabı ilə məğlub olmuşlar. Buradakı ilk oyun həm də ən məhsuldar final sayılır..

İki dəfə çempionu müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb, ikisində də İtaliya iştirak edib. 1994-cü ildə Braziliyaya uduzub, 2006-cı ildə Fransaya qalib gəlib.

Final oyunlarında ən çox Argentina və Almaniya komandaları qarşılaşıblar – 3 dəfə. İlk qarşıdurma (1986) argentinalıların qələbəsi ilə yekunlaşsa da, sonrakı iki matçda (1990 və 2014) almanlar qalib gəliblər.

***

İyirmi çempionatda 50 dəfə eyni oyunçu bir oyun ərzində üç və daha artıq qol vurub. İlk het-trik barədə uzun illər vahid fikir yox idi. Yalnız 2006-cı ildə FİFA bu het-trikin müəllifinin Bert Petnoud (ABŞ) olduğunu rəsmən açıqladı. O, bu nailiyyətdə 1930-cu ildə keçirilən ilk çempionatda Paraqvaya qarşı oyunda imza atıb.

50 het-triki 46 futbolçu edib. Başqa sözlə, 4 futbolçu bu göstəriciyə 2 dəfə nail olub. 1954-cü ildə macar Şandor Koçiş, 1958-ci ildə Jüst Fonten, 1970-ci ildə Herd Müller, 1994 və 1998-ci illərdə isə argentinalı Qabriel Batistuta iki dəfə het-trik ediblər. Koçiş və Fontenin het-triklərindən biri 4 qoldan ibarət olub. Batistuta isə bunu iki çempionatda edən yeganə oyunçu sayılır.

Çex Tomaş Skuhravı 1990-cı il turnirində Kosta-Rikaya qarşı oyunda yalnız baş zərbələri ilə het-trik edən ilk oyunçu kimi tarixə düşdü. Onun bu göstəricisini 2002-ci ildə Miroslav Kloze Səudiyyə Ərəbistanı ilə oyunda təkrar etdi. Maraqlıdır ki, Kloze bu çempionatda bütün 5 qolunu başı ilə vurdu.

Yuxarıda sadaladığımız Koçiş və Fontendən savayı daha dörd oyunçu bir oyunda 4 qol vurublar. İlk dəfə belə nəticəyə polyak Ernest Vilimovski 1938-ci ildə Braziliya ilə oyunda nail olub. Lakin maraqlıdır ki, belə parlaq nəticə onun komandasını məğlubiyyətdən xilas etməyib – 5:6.

1950-ci ildə braziliyalı Ademir, 1966-cı ildə portuqaliyalı Eysebio və 1986-cı ildə ispan Emilio Butraqenyo da bu göstəricini təkrar ediblər. Bir oyunda 5 top vuran yeganə oyunçu isə rus Oleq Salenko olub. O bu qolları 1994-cü ildə Kamerun millisinin qapısına vurub.

Ölkələr üzrə ən çox het-trikə alman futbolçular imza atıblar – 7 dəfə. Çempionatlar üzrə isə ən çox het-trik 1954-cü ildə İsveçrədə keçirilən çempionatda qeydə alınıb – 8 dəfə. 2006-cı ildə Almaniyada keçirilən turnir yeganə çempionatdır ki, heç bir het-trik qeydə alınmayıb. Ümumiyyətlə, son 6 turnirin heç birində ikidən artıq het-trik olmayıb. Hazırkı çempionatda artıq iki het-trik (Ronaldo və Harri Keyn) qeydə alındığını nəzərə alsaq, bu ənənəni pozmaq imkanı var.

Ən gənc yaşda het-trik edən Pele olub. 1958-ci ildə yarımfinalda Fransa komandasının qapısına 3 qol vurarkən doğumundan 17 il 244 gün keçmişdi. Maraqlıdır ki, bu həm Pelenin, həm də ümumilikdə braziliyalıların dünya çempionatlarında son het-trikidir. Ötən 60 il ərzində saysız-hesabsız ulduzlarından heç biri belə göstərici ilə öyünə bilməyib.

Ən yaşlı het-trikçi isə Niderlandın hücumçusu Rob Rensenbrinkdir. 1978-ci ilin qrup turnirində İran komandasının qapısına 3 qol vurarkən 31 yaşının tamam olmasına bir ay qalmışdı.

***

Çempionatlar tarixində ən çox qol 1998 və 2014-ci il turnirlərində vurulub – 171 qol. Hər iki turnirdə 64 oyun keçirilib və orta məhsuldarlıq 2,67 qola bərabər olub. Bu baxımdan ən yüksək göstərici 1954-cü il çempionatına məxsusdur. 26 oyununda 140 qol vurulan turnirdə orta məhsuldarlıq 5,38 qola bərabər olub. Ən aşağı göstərici isə 1990-cı il çempionatında qeydə alınıb. 52 oyunda 115 qol və orta məhsuldarlıq 2,21 qol.

Dünya çempionatlarında ilk qolu fransız Lüsyen Loran Meksika komandasının qapısına vurub. 1000-ci qolun vurulmasına 48 il və 11 çempionat lazım olub. Yubiley qolunu 1978-ci ildə niderlandlı hücumçu Rensenbrink şotlandların qapısından keçirib. Çempionat iştirakçılarının və bunun da nəticəsində oyunlarının sayının artması nəticəsində 2000-ci qolun vurulmasını daha az, 28 il gözləmək lazım gəlib. Bu qolu isveçli Markus Olbak ingilislərin qapısından keçirib.

Bir turnirdə ən çox qol vuran 1954-cü il turnirinin əfsanəvi Macarıstan komandası olub. 5 oyunda 27 və ya orta hesabla hər oyuna 5,4 qol. Təəssüf ki, macarlar finalda gözlənilmədən almanlara uduzdular. 1956-cı ildə baş verən siyasi hadisələrdən, sovet işğalından sonra isə Macarıstan fubolçularının bir çoxu mühacirət etdi və bundan sonra macar futbolu bir daha əvvəlki səviyyəsinə qayıtmadı.

Bir oyunda ən çox qol vurulması da 1954-cü il çempionatına aiddir. 1/4 finalda Avstriya ev sahibi İsveçrəyə 7:5 hesabı ilə qalib gəldi.

***

Ən böyük qələbələr 9 top fərqi ilə qazanılıb və buna iki dəfə Macarıstan futbolçuları nail olublar. Onlar 1954-cü ildə Koreya Respublikasını 9:0, 1982-ci ildə Salvadoru 10:1 hesabı ilə məğlub ediblər. 1974-cü ildə isə Yuqoslaviya Zair komandasını 9:0 hesabı ilə darmadağın edib.

Ən tez vurulan qolun müəllifi Türkiyə millisinin hücumçusu Hakan Şükürdür. O, 2002-ci ildə üçüncü yer uğrunda matçda Koreya Respublikasını 10,8-ci saniyədə məyus etdi.

Üç futbolçu 5 çempionatda iştirak edib. Meksikalı qapıçı Antonio Karbajal (1950-1966), alman yarımmüdafiəçi Lotar Matteus (1982-1998) və italyan qapıçı Canluici Buffon (1998-2014). Matteus həm də ən çox oyun keçirmiş futbolçudur – 25. İtaliyanın indiki çempionata vəsiqə qazanmaması Buffonu mütləq rekord qazanmaqdan məhrum etdi. Hərçənd, qeyd etmək lazımdır ki, 1998-ci ildə 20 yaşlı Buffon heç bir matçda iştirak etməmişdi.

Uruqvaylı müdafiəçi Xose Batista 1986-cı il çempionatında Şotlandiyaya qarşı oyunun 56-cı saniyəsində qırmızı kart almaqla ən tez meydandan qovulan oyunçu kimi şübhəli birinciliyə sahibdir. Belə sərt tədbirə 1-ci dəqiqədə əl atan hakim isə fransalı Joel Kinyu idi.

Ən gənc qol müəllifi Peledir. 1958-ci ildə 1/4 finalda Uelslə oyunda fərqlənərkən onun doğumundan 17 il 7 ay 27 gün keçmişdi. Ən yaşlı qol müəllifi isə kamerunlu Roje Milladır. 1994-cü ildə rusların 6 qoluna yeganə cavabı verərkən onun doğumundan 42 il 1 ay 8 gün keçmişdi.

Şimali İrlandiya futbolçusu Norman Uaytsayd doğumundan 17 il 41 gün sonra meydana çıxmaqla dünya çempionatında oynayan ən gənc oyunçu ünvanına sahibdir. Hadisə 1982-ci ildə baş verib. Ən “qoca” yaşda oyuna çıxan isə daha çox Qalatasarayda çıxışları ilə tanıdığımız Kolumbiya millisinin qapıçısı Fərid Mandraqondur. O, 2014-cü ildə son oyununa 43 yaşının tamamından 3 gün sonra çıxdı.

Dünya çempionatlarının pley-off mərhələsində qalibi müəyyən etmək üçün penaltilər seriyasından istifadə etməyə 1982-ci ildən başlandı. Həmin turnirdə belə vasitəyə yalnız bir dəfə müraciət edildi. Fransa və Almaniya komandaları arasındakı əfsanəvi yarımfinal matçı 3:3 bitdi, penaltilərdə isə almanlar qalib gəldi.

Ana səhifəMənim FikrimcəDünya çempionatlarının statistikası