“Məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir”
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırıldığını iddia edib.
Sentyabrın 18-də DTX-nin yaydığı bəyanatda qeyd olunub ki, müəyyən bir qrup insan oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyi pozmağa hazırlaşır, vətəndaş iğtişaşları planlaşdırır.
Bildirilir ki, son məqsəd hakimiyyətin zorakılıqla dəyişdirilməsidir:
“Bu müddət təsadüfi seçilməyib, çünki bu zaman Avropa Komissiyasının aralıq və yekun hesabatları dərc edilməlidir. Sui-qəsdçilərin gözləntiləri nəticənin mənfi olacağıdır”.
DTX planın hazırlanmasında iştirak edənlər arasında Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzenin və Ukraynada döyüşən gürcü legionunun komandiri Mamuka Mamulaşvilinin də adını çəkib:
“Təşkilatçılar 2014-cü ildə Ukraynanın “Avromaydan”ına bənzər ssenarinin mümkünlüyünü nəzərdən keçirirlər. Əməliyyatən müəllifləri etiraz aksiyalarında insan tələfatına və qarşıdurmanın alovlanmasına səbəb olan partlayıcı qurğunu işə salmağa hazırlaşır”.
Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı tədbirlər gördüyünü vurğulayıb.
Müxalifətdə olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası çevriliş hazırlamaqla bağlı bütün ittihamları rədd edib.
Partiyadan bildirilib ki, bu cür ittihamlarla Tbilisinin hazırkı hakimiyyəti ictimaiyyəti Aİ-nin Gürcüstanın rusiyayönlü hakimiyyətinə namizəd statusu verməkdən imtinasına hazırlayır.
Mamuka Mamulaşvili də Gürcüstan mətbuatına müsahibəsində ittihamları “saxta” adlandırıb.