Növbəti məhkəmədə şahidlər dindiriləcək
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan mədəniyyət nazirinin keçmiş müavini, 1.8 milyon manatlıq mənimsəmə və rüşvət almaqda ittiham olunan Rafiq Bayramov iyunun 3-də yenidən məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Ötən məhkəmə iclasında prokuror Rafiq Bayramov haqqında ittiham aktını elan etmişdi. Ona görə də bu gün hakim keçmiş nazir müavininə ifadə verib, həmin ittihamlara münasibət bildirməyi təklif edib. Lakin Rafiq Bayramov indiki mərhələdə ifadə verməkdən imtina edib. O bildirib ki, şahidlər dindiriləndən sonra o, ifadə verə bilər.
Rafiq Bayramovun məhkəməsi iyunun 8-də davam edəcək. Növbəti məhkəmə iclasında şahidlər dindiriləcək.
Keçmiş nazir müavini Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda elan olunan tenderlərdə özlərinə yaxın şirkətləri qalib elan etməklə, büdcədən ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə, mədəniyyət müəssisələrindən (musiqi məktəbləri və s.) hər ay rüşvət almaqda ittiham olunur.
Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311.3.3 (külli miqdarda rüşvət alma) və başqa maddələrilə ittiham irəli sürülüb.
Rafiq Bayramov 2020-ci ilin mayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onunla eyni vaxtda nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da saxlanılıb. Onların işi üzrə istintaq birlikdə aparılıb. Lakin istintaqın sonunda Zakir Sultanovun işi ayrılıb.