DTX-da saxlanılan keçmiş məmurlara “yox” deyildi

DTX-nın əməliyyatları nəticəsində həbs olunan məmurların hamısı bu qurumun istintaq təcridxanasında saxlanılır.

Source:


Hərbi məhkəmənin sözügedən qərarından verilən apelyasiya şikayəti də nəticəni dəyişməyib

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, bu idarənin əməkdaşı İlqar Əliyev, Ağstafanın icra başçısının birinci müavini olmuş Ramiz Tatarov apelyasiya məhkəməsinə şikayət vermişdi. XİN əməkdaşları barələrində həbs-qətimkan tədbiri seçilməsi, R.Tatarov isə həbs müddətinin uzadılması haqda qərarlardan narazı idi. İyulun 15-16-da Bakı Apelyasiya Məhkəməsində onların şikayətlərinə baxılıb və heç biri təmin edilməyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları nəticəsində həbs olunan daha bir sabiq məmur – Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Nemət Pənahovun da şikayətinə baxılıb. Onun ev dustaqlığına buraxılması üçün vəkili Bakı Hərbi Məhkəməsinə ərizə verilsə də, təmin olunmamışdı. Hərbi məhkəmənin sözügedən qərarından verilən apelyasiya şikayəti də nəticəni dəyişməyib.

DTX-nın əməliyyatları nəticəsində həbs olunan məmurların hamısı bu qurumun istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılır.

DTX-nın məmurların həbsilə nəticələnən əməliyyatları ötən ilin dekabrında Ağstafa və Yevlax rayonlarının sabiq icra başçılarıyla bağlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçıları, DSX-nın vəzifəli şəxsləri, Mədəniyyət və turizm nazirinin müavini həbs olunub. Sonuncu səs-küylü əməliyyat isə iyulun 3-də XİN-də keçirilib.

Həbs olunan keçmiş məmurlara qarşı külli miqdarda mənimsəmə, vəzifədən sui-istifadə etmə, rüşvət alma kimi ittihamlar irəli sürülüb.

Ana səhifəSiyasətDTX-da saxlanılan keçmiş məmurlara “yox” deyildi