”İkram Rəhimov reketliklə məşğul olub”
Dövlət Təhlükəsizlik Xidməti
“realliq.info” saytının redaktoru İkram Rəhimovun saxlanıldığını təsdiq edib.
DTX-nin oktyabrın 27-də yaydığı məlumatda deyilir ki, İkram Rəhimov CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.
DTX-nin məlumatına görə, İkram Rəhimov reketliklə məşğul olub, vətəndaşlardan və sahibkarlardan onlar haqqında rüsvayedici və böhtan xarakterli məlumat dərc etməmək üçün pul tələb edib.
DTX iddia edir ki, əməliyyat tədbirləri nəticəsində Rəhimovun və onunla əlaqəli şəxslərin törətdiyi bir sıra cinayət əməlləri müəyyən edilib.
İ.Rəhimov
oktyabrın 26-da mülki geyimli bir qrup şəxs tərəfindən saxlanılıb.
Buna qədər o, dövlət başçısının köməkçisi Əli Həsənovun adına açıq məktub dərc edərək, onu və onun nəzarəti altında olan KİV-ləri jurnalistlər üçün ev tikərkən böyük pul vəsaitini mənimsəməkdə və söz və ifadə azadlığını pozmaqda ittiham edib.