DSX: Ermənistan hərbçiləri Azərbaycan əsgərini bıçaqlayıblar

“Bu təxribata adekvat cavab veriləcək”

Foto: DSX


"Bu təxribata adekvat cavab veriləcək"

Avqustun 25-də Azərbaycan əsgəri Ruslan Şirəliyevin Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisinin hücumuna məruz qaldığı bildirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, əsgər Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olub: “Qəfil 2 erməni hərbi qulluqçunun hücumuna məruz qalıb. Əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü-bıçaqla xəsarət alıb”.

DSX bildirir ki, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaça biliblər: “Əsgər Ruslan Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək”.

Ermənistan tərəf Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata münasibət bildirməyib. Ancaq Ermənistan Ombudsmanı bir gün öncə açıqlama yayaraq bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan hərbçilərinin yerləşdiyi əraziləri atəşə tutub.

1988-ci ildən bu yana Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.

Münaqişə həmin il Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadlı rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmasına imzalandı.

Həmin razılaşmaya əsasən, döyüşlər dayandırıldı. Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirildi.

Bundan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ana səhifəXəbərlərDSX: Ermənistan hərbçiləri Azərbaycan əsgərini bıçaqlayıblar