Döyüş yoldaşları üçün abidə yaradan Qarabağ əlili

Bu nişangahı 52 yaşlı Eldəniz Abbasov təkbaşına yaradıb, özü bu yeri abidə adlandırır. O, 25 il əvvəl Qarabağ müharibəsində 6 silahdaşını itirəndə söz verib ki, onların xatirələrini əbədiləşdirəcək. Onlarla çiyin-çiyinə Şuşa, Ağdərə Ağdam istiqamətində gedən döyüşlərdə vuruşub.

“26 yaşım var idi, mən onlardan böyük idim. Onların papaqları, su qabları buradadır. Yaşadıram onların xatirəsini, qoruyuram. Hamıını öz əllərimlə həyata keçirirəm. Hər bir daşı, hər bir yazını, hər bir şəkli düzəltdikcə, ürək ağrısı çəkirəm. Elə bir gün yoxdur ki, mən onlar üçün ağlamayım. Ona bir Allah şahiddir. Mənim ürəyimin ağrısını çıxaran bircə o olur ki, hər gecə saat 3-4 radələrində oturub bunlarla söhbət edirəm, ağlayıram”, – deyir Eldəniz Abbasov

O, həyatını dostlarına həsr edib. Birinci qrup əlillik pensiyasından, günəmuzd qazandığı məbləğdən xərcləyib, 5 ildir abidəni düzəltməyə çalışır. Bütün köməklikləri də əlinin tərsi ilə geri çəkib. Axı dostlarına sözü var, onlar üçün bu abidəni öz əlləri ilə düzəltməlidir.

“Öz gücümə tikirəm. Bir qolum işləmir, o biri qolla tikirəm. 3 güllə yarası aldığım halda tikirəm bunları. Heç kimdən köməklik gözləmirəm. Heç kimə köməklik üçün ağız açmıram. Bunlar mənim üçün həyatımda ən əziz insanlardır. Həqiqətən də dünyada iki şeyin üzünə dik baxmaq olmur. Biri günəşdir, biri də ölüm. Onlar ölümün üzünə dik baxan oğlanlardır”,- Eldəniz Abbasov deyir.

Eldəniz Abbasov avtodayanacaqda işləyir. Günə 10-15 manat qazanıb, birtəhər yaşayır. Abidənin arxasındakı bir çarpayılıq yer onun evidir. 1999-cu ildən ev növbəsinə müraciət etsə də, 2016-cı ildən ev növbəsinə salınıb.

“Dəxli deyil, hörmət olundu, olunmadı, baxıldı, ya baxılmadı. Vətən müqəddəsdir, vətəni sevmək lazımdır. Mən avtodayancaqda işləyə-işləyə vətəni bundan da çox sevirəm. Bir qarış torpağımı milyona satmaram, dəyişmərəm”, – Eldəniz Abbasov söyləyir.

Eldəniz Abbasov deyir ki, dost istinadgahı saydığı abidəni 2020-ci iləcən tamamlamalıdır.

“Bütün Azərbaycanımdır, gəncliyimdir bura. Mən gəncliyimin ən gözəl illərini orada itirmişəm. Mən bədənimin ən vacib orqanlarını itirmişəm. Bunları mənim əlimdən alsalar, mən həmin gün ölərəm”, – deyir Eldəniz Abbasov

Döyüş yoldaşlarına həsr etdiyi bu nişanəni hazırlarkən Qarabağ əlilinə mane olanlar da olub, amma çətinliklər onu yolundan etməyib.

Ana səhifəVideoDöyüş yoldaşları üçün abidə yaradan Qarabağ əlili