Azərbaycanda son zamanlar çox maraqlı hadisələr baş verir. Ölkədə hökm sürən rejimin ismi çoxdan “sülalə” adlandırılır, amma bu mənada son ayda BMT (məşhur selfi) və AŞPA-dakı məlum məsələlər diqqətçəkəndir.
2003-cü ildə parlamentdə Bakının adının dəyişib Heydərabad edilməsi təklifi səslənəndə çoxuna gülməli gəlirdi.
Doğrudur, rəsmi olaraq qəbul etmədilər, amma sonra aeroportlarda hamı GYD (əslində HYD olmalı idi, amma texniki şərtlərdən mümkün deyilmiş, sonra bir dostumuz izah etdi bizə) yazısını gördü, yəni ki, bu adsız ötüşə bilmədik. Əslində bir çox aeroportlarda sadəcə Heydar Aliyev də yazılır.
Daha sonra, 2006-cı ildə milli valyuta dəyişiləndə əskinasların üzərində 3-cü prezidentin şəkli olmayanda, Türkmənistandan fərqliyik deyə sevinmişdik – sonradan anlaşıldı ki, çox nahaq yerə. Hər şey açıq və səmimi olsa, daha yaxşıdır.
Bir il öncə, 26 sentyabr referendumu zamanı yazmışdım ki, bugündən biz artıq çox məsələni rəsmiləşdirəcəyik, işimiz də asanlaşacaq, çünki uzun illər çox adam “konstitusiyamız yaxşıdır, amma riayət olunmur” kimi sözlər deyirdi, amma indən belə o cür olmayacaq, sağ olsun bizim hakimiyyət, bütün mümkün burcutma yollarını qapadaraq insanları zaman-zaman səmimiyyətə sürükləyir.
Uzun illər başqa bir deyimi də eşitmişik, özümüz də demişik: “Dövlət başqa, hakimiyyət başqa”. Bu haqda hamı çox danışıb, indi də belə düşünür ki, hakimiyyət tamamilə başqa anlamdır, hakimiyyətə hamı gələ bilər, hakimiyyətlər dəyişilə bilər, lakin dövlət əbədidir və s. Deyilmi?
Bunu deyərkən də, ideal kimi Avropada təşəkkül tapmış hüquqi dövlətləri nəzərdə tuturduq, lakin indi bir qədər bölgə və bölgənin tarixinə nəzər salaq.
Avropadakı hazırkı dövlət tiplərinin yaranmasının iki əsas səbəbi Reformasiya və Böyük Fransız inqilabıdır. Yeni Dövrün bu iki böyük dalğası Avropada uzun əsrlərdən təşəkkül tapmış və dindən legitimasiya alan köhnə monarxiyaları faktiki məhv edir. Bunların yerinə vətəndaş millətçiliyi və legitimliyi seçkidən mövcud olan yeni tip dövlətlər yaradır. Bu tip dövlətləri État-nation (millət-dövlət) kimi müəyyənləşdirmək olar, bunlar Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Polşa və s. kimi dövlətlərdir. Buradakı dövlət mexanizmi vətəndaş millətçiliyinə əsasən keçirilən seçki ilə idarə olunur və bununla dövlətin davamlılığı təmin edilir.
Şərqdəki dövlət tipləri haqda nə demək olar bəs? Fəxr etdiyimiz Şah İsmayılın dövləti necə adlanırdı? Yox, o, nəinki bizdə qəbul edilmiş kimi Azərbaycan, heç İran da deyildi, o dövlətin ismi məhz sülalənin adını daşıyırdı: Devləti-Səfəviyyə. Ondan əvvəl və sonra da bu ərazidə gələn bütün dövlətlər belə adlanırdı. Tutalım, Şəddadilər və ya Rəvvadilər dövləti, Atabəylər dövləti, Əfşarlar, Devləti-Qacar və hətta XX əsrdə İrandakı şah rejimi də sırf sülalə rejimi idi. Bu da yalnız bizim bölgədə belə deyildi, bütün şərq dövlətləri yalnız hansısa nəslə əsaslanırdı. Sırf bir nəslin hakimiyyətdən getməsi adətən dövlətin də dağılmasına səbəb olurdu və indiyə kimi bəzi istisnalarla şərq ölkələri məhz bu modelə əsaslanıb – Səudiyyə Ərəbistanı, İordaniya (əslində ismi Haşimilər olmalıdır) krallığı və s., formal olaraq respublika adlananların da çoxu praktik olaraq bu mahiyyətdədir. Bu anlamda şərqdə dövlət və hakimiyyət arasında bərabərlik işarəsi qoyulmalıdır.
Şərqdə bir hakimi-mütləqin gəlməsi ilə yaranmış istənilən dövlət çox kəskin şəkildə dəyişilə bilər. Hətta layikliyi özünə başlıca dəyər etmiş Kamalçı Türkiyəsi də Atatürkün vəfatından və İnönünün gəlişindən sonra nəinki siyasətini, demək olar ölkəni radikal dəyişdi. Nə qədər paradoksal olsa da, bu fakt, yəni İnönünün II Dünya Müharibəsi öncəsində, 1938-ci ildə Atatürkü əvəzləməsi Türkiyəni müharibədən və faktiki dünya siyasi xəritəsindən silinməkdən xilas etdi.
Əgər XX əsrdə Yaxın Şərqdə yaranmış istənilən dövlətin tarixinə qısaca baxış etsək, yenə də eyni nəticəyə gələcəyik. Günlər əvvəl kürd dövlətinin keçmiş İraq ərazisinin şimalında yaranması haqda referendum keçirildi. Əslində kürd dövlətinin yaradılması labüd prosesdir, son illər bölgədəki siyasi durum buna işarə edirdi. Sərhədlərinin xətkeşlə çəkilməsinə çox bənzəyən İraq və Suriya dövlətləri çətin ki, artıq əvvəlki statusda qalsınlar. Qatı avtoritarist hakimlər tərəfindən idarə edilən bu dövlətlər, həmin nəslin hakimiyyəti itirməsi və süqutu ilə tarix səhnəsindən silnir.
Hazırda şimalında Kürdüstan dövləti yaradılan İraq, cəmi 30 il öncə sayca dünyanın 4-cü ordusuna malik idi. 1980-ci ildə ölkənin diktatoru Səddam tərəfindən İrana edilən və 8 il çəkən qanlı müharibə burada fəxrlə “Səddamın qədisiyyəsi” (636-cı ildə müsəlmanlarla Sasanilər arasında, ərəblər tərəfindən İranın işğalı ilə nəticələnən müharibə) adlanırdı. Sonra Səddamın əmri ilə Küveytin işğalı, nəticəsində 1991-ci il müharibəsi, bunların məntiqi yekunu kimi baş verən 2003 müharibəsi İraqda milyonların ölümü ilə nəticələndi. Bütün bunlar bir diktatorun şıltaqlığının təmin edilməsi üçün səfərbərliyə alınmış əhalinin verdiyi qurbanlar idi.
Diktator 2003-cü ildə devrildi, 2006-cı ildə edam edildi, indi bu isə ölkə mövcudluğu ilə vidalaşır.
Suriyada da eyni proses baş verdi. Yalnız 1941-cı ildə Fransadan ayrıldığını elan etmiş ölkədə 60-lardan ərəb milli-sosialist partiyası BAAS hakimiyyətə gəldi, bundan az sonra orada hakimi-mütləq olmuş Əsədlərin (ilk öncə Hafiz, sonra onun oğlu Bəşər) qurduğu rejim, özünün çökülüşü ilə ölkəni də məhvə apardı. Rejimin uzun illər İsraillə apardığı müharibələrdə məhv edilmiş insanlar da, hakimiyyətini saxlamaq üçün apardığı vətəndaş müharibəsində getmiş milyonların da qurbanı əbəsmiş – aydındır ki, Suriyanı da parçalanan İraqın aqibəti gözləyir. Təəssüf ki, Suriya ilə Azərbaycan arasında bir çox paralellərin mövcudluğu inkaredilməzdir, bu haqda iki il öncə tərəfimizdən qeyd edilmişdi.
Azərbaycan dövlətinin yaranmasına da məhz müharibə səbəb olmuşdu. I Dünya Müharibəsinin nəticəsində 1917-ci ildə Rusiyada mütləqiyyət çökür, bunun nəticəsi kimi ölkənın parçalanması baş verir. Bundan sonra imperiyanın cənubunda bu ərazinin idarəsi üçün yaranmış Cənubi Qafqaz Seymi Gürcüstanın təkidi ilə dağıdılır, nəticədə daha iki yeni dövlət yaranır – Azərbaycan və Ermənistan. Gürcüstanın Seymdən çıxışı Brest sülhünün şərtləri ilə bağlı idi. Bu şərtlərə görə məğlub Rusiyanın Qafqazdakı cənubu Almaniyanın müttəfiqi Osmanlının idarəsinə keçməli idi, almanlar isə buna hazır deyildilər. Bu səbəbdən Gürcüstan Almaniyanın təhriki və dəstəyi ilə Qafqaz Seymindən ayrılmağa qərar verir, hərçənd ki, erməni və müsəlman nümayəndələri isə buna qarşı idilər.
İstənilən halda o zamankı müstəqillik uzun sürmür, 1920-ci illərdə yeni yaranmış hər üç ölkə yenidən Rusiyanın tərkibinə qatılır. Növbəti şans artıq XX əsrin sonuna təsadüf edir. 1991-ci ildə sovetlərin dağılması nəticəsində bu üç Qarqaz ölkəsi yenidən müstəqilliklərini elan edir. Bu ölkələr arasında həmin müstəqillik arzusuna ən çox müqavimət göstərən Azərbaycan rəhbərliyi olur – o zamankı ölkə başçısı Mütəllibov bunu heç bir formada qəbul edə bilmirdi. Mütəllibovdan sonra gələn Elçibəy iqtidarı isə hakimiyyəti ya bilməzlikdən, ya bilərəkdən (hər iki variant çox pisdir), ən yaxşı halda sadəcə bacarıqsızlıqdan öz əli ilə Heydər Əliyevə ötürür. Beləcə müstəqillik elan ediləndən cəmi iki il sonra hakimiyyət KGB generalının əlində cəmləşir.
O zamandan keçən 24 illik bir tarix bu ərazidə yeni bir sülalə dövlətinin yaradılmasının bariz sübutudur. Sülalə dövləti atadan oğula, indi isə yavaş-yavaş ondan yoldaşına keçməsi ilə müşayiət edilir. Keçən ay BMT ali sessiyasındakı ailəvi foto da bunun növbəti dəlili idi. Məxsusluğu bir ailəyə şübhə doğurmayan, paytaxtı da bütün aeroportlarda GYD (Heydar Aliyev) kimi yazılan ölkə, doğrudan da, Dövləti-Əliyevlər adlansa, daha məntiqli olar.
Dövləti-Əliyevlər dünyada çoxdan de-fakto olaraq qəbul edilib. Nəinki ölkə əhalisi tərəfindən, bütün beynəlxalq (əslində lağlağı) qurumlar – BMT, UNESCO, ATƏT, AŞPA və s. – hamısı reallığı çox gözəl bilir və dərk edirlər.
Son illər baş verənlər sadəcə bu qurumların mimikriyasını bir qədər çətinləşdirib, çünki bu Dövləti-Əliyevlər formal olaraq respublika adlanır və Avropanın bütün qurumlarına daxildir. Bunlar ata Əliyevin zamanında baş vermişdi.
Əgər 1993-cü ildə hakimiyyəti ələ almış ata Əliyev o zamandan Qərbin maliyyə tranşlarını almaq üçün ölkəni bütün Avropa qurumlarına daxil edir və yerinə yetirməyəcəyi öhdəlikləri götürürdüsə, oğul Əliyevin zamanında bunun tam əks prosesi gedir – hakimiyyət Avropa qurumlarına mümkün bütün rüşvətləri verməklə ata Əliyevin verdiyi öhdəliklərdən yan keçmək istəyir.
Hazırda isə oğul Əliyevin 3-cü prezidentliyinin sonunda aydındır ki, Qərb bu rejimlə münasibətlərdə legitimlik problemi yaşayır. Yəni Qərb məmurlarının mimikriyası üçün ərazi daim məhdudlaşmaqdadır.
Əlbəttə bunun da çıxışı tapılacaq. Sülalə daxilndə sadəcə şahmatdakı kimi yerdəyişmə (rokirovka) baş verməli, ortaya yeni ad çıxmalıdır – bunu da çox müvəffəqiyyətlə Birinci vitse-prezident xanım edə bilər. O zaman Qərbin mimikriyasını legitim saxlamaq üçün daha 10 ili olacaq. “Hakimiyyətə yeni fiqur gəlib, ona hərəkət azadlığı üçün kart-blanş verilməlidir” tipində.
Lakin sülalə hakimiyyətinin yuxarıda qeyd edildiyi kimi əsaslı bir mənfi cəhəti var. Sülalənin sonu çatanda o dövlətin də sonu çatır – tarix bunu aksioma çevirib. Aydındır ki, bizim özümüzünkü saydığımız ölkədə klassik şərq despotiyası intişarını tapmaqdadır və bu sülalənin hakimiyyətdən getməsi sadəcə yeni qüvvələrin iqtidara gəlməsi ilə əvəzlənməyəcək. Bu anlamda Yaxın Şərqdəki proseslər çox qorxulu tendensiyadan xəbər verir və bizim bu halda istisna olacağımızı düşünmək sadəlöhvlük olardı.