Şəki sakinləri şəhərin problemlərinin həll olunmadığını deyirlər
“Axırıncı dəfə yağan güclü yağışda Şəkinin mərkəzində olan Qurcana çayının divarları uçub. Həmin uçan hissədən su daşır”.
Məlumatı Meydan TV-yə Şəki sakinləri verib. Bildirirlər ki, buna məsul olan qurum bələdiyyədir:
“Keçən dəfə şəhərin küçələrinin zibilli olması ilə bağlı yazmışdıq. Bu, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun və müavini Həsən Həsənovun xətrinə dəydi. Onlar “incikliklərini” polis vasitəsilə bildirdilər. İstəyirlər ki, hamı sussun, olanları dilə gətirməsin. Bu da mümkün deyil, çünki başqa cür düzələn deyillər”.
Şəki sakinləri deyirlər ki, məmurlar camaatı qorxu və təhdid altında saxlayaraq hər cür istismar edir, haqlarını yeyirlər:
“Şəhərə isə bu formada biganə, laqeyd, vicdansızca münasibət bəslənilir. Hər dəfə şəhərin bu halını görəndə ürəyim ağrıyır. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) niyə öz küləklərini bu tərəfə əsdirmir, şou bitdimi?!”
Sakinlər bildirirlər ki, Şəki ən çox yeyintiyə məruz qalan şəhərdir. Buna ən böyük sübut isə şəhərin yollarıdır:
“Bu boyda tarixi şəhərin yolları kənd yolundan betərdir. Dövlət Təhlükəsizlik Xidməti rayonlarda əməliyyatlar keçirir. Belə səmimidirlərsə, niyə Şəkiyə də gəlmirlər? Gəlib olanlardan dərs çıxarmayan bu insanları “sil-süpür” etsinlər. Çünki bu tip insanların kresloda qalması sadəcə bürokratik bir məsələ deyil, artıq elə bir vəziyyətdir ki, bu, milli təhlükəsizlik məsələsidir”.
Sakinlər bildirirlər ki, bəlkə də məmurlar “incikliklərini” yenə polis vasitəsilə edələr:
“Çünki normal, sivil dialoq aparmağa qabiliyyətləri yoxdur. Lakin məlumdur ki, cəmiyyətlə sivil dialoq qurulduğu zaman faydalı nəticələr əldə etmək olar, əks təqdirdə, toplum və hakimiyyət tərəfləri arasında yaranacaq dərin uçurum destruktiv nəticələr doğuracaq”.
Şəki şəhərində abadlıq işlərinin çoxunu, o cümlədən çaylara bəndlərin tikilməsi işini “Abadlıq Təmir Təmizlik” MMC şirkəti həyata
keçirir
. Bu iş onlara Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olandan sonra həvalə edilib.
Şəki şəhər İcra Hakimiyyəti “Abadlıq Təmir Təmizlik” MMC-yə 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işləri üçün 566 min 582 manat 71 qəpik ödəyib.
“Abadlıq Təmir Təmizlik” MMC 2019-cu il fevralın 5-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hafiz Amil oğlu Əfəndizadədir.
Sakinlər bildirirlər ki, 1990-cı ildə anadan olan Hafiz Əfəndizadə Şəki bələdiyyəsinin üzvüdür:
““Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabrından isə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib”.
“Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.
Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə məsələ ilə maraqlanacaqlarını söyləyiblər. Bildiriblər ki, ciddi nəsə baş verməyib, yoxsa bundan xəbərdar olardılar: “Hər bir halda araşdıracağıq. Ciddi problem varsa, aradan qaldırılacaq”.