Dövlət siyasəti – repressiya zənciri

“Hakimiyyət gələcəkdə insanların öz rifahları uğrunda etirazlarının qarşısını almaq üçün öncədən belə primitiv addımlar atır”

Source:


“Hakimiyyət gələcəkdə insanların öz rifahları uğrunda etirazlarının qarşısını almaq üçün öncədən belə primitiv addımlar atır”

Azərbaycanın daha bir regionunda ictimai fəal həbs olunub. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli xuliqanlıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Hökm günü məhkəmə öncəsi Həsən Hüseynli hələ də ədalətə ümid etdiyini deyirdi:

“Güman edirəm ki, hakim prokurorun istədiyi kimi həbs qərarı yox, mənim günahsız olduğuma əsaslanıb bəraət verəcək. Amma hər halda mənim yenə də bütün dostlarıma, tələbələrimə sözüm odur ki, tutduqları yolu davam etsinlər, mən onlara heç vaxt səhv yol göstərməmişəm. Mən onlara elmli, bilikli, vətənə layiqli xidmət etməyi aşılamışam”.

Həsən Hüseynlinin rəhbəri olduğu “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi ölkənin regionlarında müstəqil fəaliyyət göstərən və sözün əsl mənasında azad fikir daşıyıcısı olan azsaylı təşkilatlardan idi. Təşkilat əsasən təhsil sisteminin problemləri ilə məşğul olur, gənclərin xaricdə təhsil almasına dəstək verirdi. Lakin təxminən 4 ay öncə Mərkəzin yerləşdiyi bina yerli İcra Hakimiyyəti tərəfindən sökülüb və şəhərdə mənzil sahiblərinə də təşkilata ofis kirayə vermək qadağan olunub. Martın 30-da Həsən Hüseynli adam bıçaqlamaqla xuliqanlıq etməkdə ittiham edildikdən sonra təşkilatın fəaliyyəti də tamamilə iflic olub.

ABŞ-da təqaüdlə təhsil almış Tural Balabəylinin sözlərinə görə, o, “Kamil Vətəndaş” təşkilatına yeni gələndə, ümumiyyətlə, ingiliscə danışa bilmirdi, xaricdə təhsilə həvəsi də burda yaranıb:

“Həsən müəllim elə bir insandır ki, nə zaman onun köməyinə ehtiyacımız olsa, çəkinmədən müraciət edirdik. Hətta xatırlayıram, ilk dəfə gecə saat 12-də onun evinin qapısını döymüşdüm ki, mən ABŞ-da oxumağa getmək istəyirəm, mənə yardım edin. Onlarla mənim kimi gənc onun köməyi sayəsində xaricdə təhsil alıb. Bu təşkilat gənclərin maariflənməsi üçün müxtəlif layihələr icra edirdi. Mən heç paytaxtda gənclər üçün bu qədər iş görən QHT-yə rast gəlməmişəm”.

Həsən Hüseynlinin vəkili Elçin Sadıqov deyir ki, QHT sədrinə qarşı irəli sürülən ittihamlar saxtadır və bunu istintaq və məhkəmə araşdırması zamanı yol verilən  pozuntular da sübut edir:

“Ən vacib məsələlərdən biri zərərçəkmiş və şahidlərin Gəncə şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıq etmələri barədə bizdə əsaslı şübhələrin olmasıdır. Onların əvvəllər iştirak etdiyi məhkəmə hökmlərinin, eyni zamanda hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının lent yazisinin da məhkəməyə təqdim edilməsi haqda vəsatətlərimiz təmin olunmadı. Zərərçəkənin istintaqa təqdim etdiyi bıçağın Həsən Hüseynliyə məxsus olduğu bildirilsə də, ekspertiza onun üzərindəki barmaq izləri haqda dəqiq rəy vermədi. Şahidlərlə zərərçəkənin ifadələri arasında kəskin ziddiyətlər var idi”.

Sonda 6 illik həbslə yekunlaşan olay martın 30-da Həsən Hüseynli poçta gedərkən baş vermişdi. Bir nəfər tanımadığı şəxs ayağını tapdamaqda ittiham edərək ona  hücum çəkmişdi. Sonradan həmin şəxs Həsən Hüseynlini onu bıçaqlamaqda ittiham etdi.

Siyasi işlərə çıxan vəkil Xalid Bağırov deyir ki, son dövlər vətəndaş cəmiyyətinin nüməyəndələrinə qarşı irəli sürülən xuliqanlıq ittihamlarında olaylar demək olar ki, eyni xarakterlidir:

“Bu olaylarda işlərin qurama üslübu da eynidir. Lənkaranda faəliyyət göstərən “Musavat” Partiyasının nümayəndəsi Yadigar Sadıqov da guya qondarma bir şəxsə hücum etmişdi, amma həmin şəxs özü gəlib provokasiya etmişdi. Bunlar polisin öyrətdiyi xüsusi adamlardı, gedib şikayət yazırlar. Saxta ekspert rəyində də göstərirlər ki, guya xəsarət var. Hətta verdikləri cəza da eynidir, altı il. Ümimiyyətlə, Azərbaycanda müstəqil məhkəmə, hüquq-mühafizə qalmayıb, siyasi işlərdə isə artıq bütün sistem adamları tutmaq üçün hər şeyı qondarmağa yüklənir”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, İlham Əliyev hakimiyyətə gələndən sonra son 12 ildə vətəndaş cəmiyyətinə qarşı siyasət sərtməşməkdə davam edir. Onun sözlərinə görə, bu, böyük bir dövlət siyasətidir və əsas məqsəd Azərbaycanda azad sözü, vətəndaş cəmiyyətini çökdürmək, möhkəm avtoritar rejim yaratmaqdır:

“Ən ağır vəziyyət əlbəttə ki, regionlardadır və getdikcə də pisləşir. İcra hakimiyyətləri xanlara çevrilirlər. Basqılar böyükdür, insanlar qorxu altında yaşayırlar. Tək-tük qalan QHT-lərin vəziyyəti onsuz da pis idi, onlara qarşı münasibət daha da sərtləşdirilib. Sonuncu günlərin hadisəsi olan Gəncədə Həsən Hüseynlinin, Salyanda isə digər QHT rəhbəri Emil Məmmədovun şərlənmə yolu ilə həbsləri də bunu göstərir. Ölkədə neft resursları tükənməyə doğru gedir və hakimiyyət gələcəkdə insanların öz rifahları uğrunda etirazlarının qarşısını almaq üçün öncədən belə primitiv addımlar atır”.

Ölkədə hakim partiya olan YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili olan Aydın Mirzəzadə isə hökümətin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasət həyata keçirməsi kimi iddialarla razılaşmır:

“Bu deyilənlərin heç bir əsası yoxdur. Mətbuat azaddır, QHT-lər də sərbəst fəaliyyət göstərə bilirlər. Heç kəs fəaliyyətinə görə həbs edilmir. Kiminsə qanunun tələblərini yerinə yetirməməsi, artıq onun şəxsi problemidir”.

Gəncə şəhər rəhbərliyinin Həsən Hüseynlinin həbsində rolu olması və sədri olduğu QHT-yə qarşı təzyiq göstərməsi ilə bağlı iddialara dair suallarımızı İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalova ünvanladıq. Lakin birinci müavin sualı səsləndirən kimi dəstəyi asdı. YAP-ın şəhər təşkilatının sədri Naqif Həmzəyevin də reaksiyası eyni oldu.

Lakin Həsən Hüseynlinin həbsi ilə bağlı 50-dən çox yerli və beynəlxaq təşkilatlar, ABŞ səfirliyi və Dövlət Departamenti susqun qalmadı, bəyanatlar verildi və müdafiəsi üçün kampaniyalar başlandı, petisiya yaradıldı.

Həsən Hüseynlini özlərinə müəllim hesab edən gənclər də onu ömrünün bu çətin günlərində tək qoymayıblar. Həsən Hüseynli elə məhkəmədəki “son söz” nitqində də tələbələrinin ona mənəvi dəstək olmasından söhbət açıb:

“Cənab dövlət ittihamçısı mənim üçün yüngülləşdirici hal olmadığını iddia etsə də, tələbələrimin bu mənəvi dəstəyi mənim üçün ən şərəfli yüngülləşdirici haldır. Bu mənəvi dəstək indiyədək mənə belə bir böhtan qarşısında durum gətirməyə, dözümlü olmağa, təmkinimi pozmamağa yetərli olub”.

Ana səhifəXəbərlərDövlət siyasəti – repressiya zənciri