“Dövlət inhisarçı addımlar atmağa çalışır”

Onun fikrincə, taksilər dövlət və ya özəl firmaya məxsus olmasına baxmayaraq, həmin tariflərə uyğun fəaliyyət göstərirlər

Source: Specify Source


İctimai fəal: “Hökumət taksilərin üzərinə minimum qiymət qoymalıdır”

“Azərbaycanda azsaylı sahələrdən biri taksi xidmətidir ki, burada inhisarçılıq yoxdur. 2014-cü ildən bəri taksi xidmətinin həm çeşidi artıb, həm də qiymətləri aşağı düşüb. Baxmayaraq ki, 2014-cü ildən bəri 2 dəfə devalvasiya olub”.

İqtisadçı Natiq Cəfərli belə deyir. Bildirir ki, hər iki devalvasiya zamanı benzinin də qiyməti qalxıb, 60 qəpikdən 90 qəpiyə qədər bahalaşıb. Amma bunlara baxmayaraq, qiymətlər aşağı düşüb, çünki bu sahədə rəqabət var:

“Təbii qiymətlərin belə aşağı olması vətəndaşlar üçün də sərfəlidir. Görünən odur ki, dövlət burada da müəyyən inhisarçı addımlar atmağa çalışır”.


Taksi xidməti ilə bağlı vahid çağrı mərkəzi yaradıla bilər

Bakıda taksi fəaliyyəti ilə bağlı vahid çağrı mərkəzi yaradıla bilər. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı bu və başqa bir neçə təklifləri özündə birləşdirən konsepsiya hazırlayıb.

BNA düşünür ki, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar var. Əsasən də qeyri-müəyyən tariflərin olması, taksi sürücülərinin az qazanması ən böyük problemlərdəndir:

"Aşağı gəlirlilik, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması kimi problemlər də var. Bunları aradan qaldırmaq üçün taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması lazımdır. Konsepsiya bu məqsədlə hazırlanıb. Burada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər əksini tapıb".

Natiq Cəfərli
Natiq Cəfərli

BNA iddia edir ki, konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda, sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.

BNA-dan “Turan” İnformasiya Agentliyinə bunları bildiriblər: “Bu müzakirə həm də onun üçündür ki, bir sıra məsələlərlə yanaşı, vahid tarif müəyyən olunması məsələsində aidiyyəti dövlət qurumları ilə birgə, ictimaiyyətin də rəyi öyrənilsin. Hələlik, məsələ ilə bağlı hər hansı qərar yoxdur”.


“Rəqabətli bir mühitdə belə bir addımın atılması anlaşılmazdır”

İqtisadçı bunun yanlış addım olduğunu düşünür. Deyir, bu sahədə rəqabətli mühit olmadan qiymətlərin tənzimlənməsinə dövlətin baxması absurddur:

“Dövlətin başqa işi-gücü yoxdur ki, taksi xidmətinin tənzimlənməsi və qiymət qoyması ilə məşğul olsun? Dövlət bu sahədə müəyyən qaydalar tətbiq edə bilər. Bunu da öncədən elan edə bilər ki, avtomobillər texniki baxışdan vaxtlı-vaxtında keçsin, texniki nasazlıq olmasın, əhalinin sağlamlığına zərər verə biləcək avtomobillər dövriyyədə olmasın və s. Belə qaydalar tətbiq edə bilər, amma taariflərlə bağlı rəqabətli bir mühitdə belə bir addımın atılması anlaşılmazdır”.

unnamed.jpg
Bakı Nəqliyyat Agentliyi


“Bu qərar Prezidentin açıqlamasına ziddir”

Natiq Cəfərli deyir ki, Prezident İlham Əliyev son çıxışlarından birində ölkədə iqtisadiyyatın liberallaşmasından danışıb. O düşünür ki, bu qərar həmin açıqlamaya da ziddir.


“Hər istəyən taksi şirkəti aça bilir”

İctimai fəal Əbdül Əbilov isə fərqli düşünür. O, Meydan TV-yə hazırda taksi sürücülərinin, eləcə də sərnişinlərin qarşılaşdığı çətinliklərdən danışıb: “Taksi şirkətləri çoxdur. Bu, azad bazar olması baxımından normaldır, amma bunun görünməyən tərəfləri var. Bu gün hər kəs taksi şirkəti aça bilir. Üstəlik, qeydiyyatdan keçərkən Bakı Nəqliyyat Agentliyinə sürücülərin sayını göstərmirlər. Sonra isə taksi sürücüləri tapıb, onları işə cəlb edirlər, reklamları yapışdırırlar bütün şəhərə. Müştəri zəng edir, taksi sifariş edir. Çox vaxt sürücü olmur, amma müştərini əldən verməmək üçün onu yubadırlar, vaxtını alıb, əsəbini korlayırlar. Hətta insanlar var ki, taksi şirkəti açır, sürücü və müştəri toplayandan sonra şirkəti müəyyən bir məbləğə başqasına satır. Bunu biznesə çevirir. Bu, yaxşı deyil və belə hallar artıb”.


“Şirkətlər sürücünün üzərinə böyük faiz yükəyir”

Əbdül Əbilov taksilərin ucuz olmasına da toxunub. Deyir, indiki təklif olunan qaydalar insanları narahat edir, deyirlər, “taksi ucuz idi, bahalaşacaq”. Əslində isə belə deyil:

“Şirkətlər sürücünün üzərinə elə bir qiymət qoyur ki, onu ödəyəndə özünə heç nə qalmır. Kimi 15, kimi 16, kimi də 17 və daha artıq faiz alır. Bundan əlavə, taksi sürücüsü balans dolduranda, oradan da 10 faiz tuturlar. Bəzən müştəri cəlb etmək üçün 10 faiz endirim edirlər. Onu da taksi sürücüsünün gəlirindən tuturlar. Bu, 40 faizdir artıq. Tutaq ki, sürücü 10 manat qazanırsa, onun 4 manatı avtomatik şirkətindir. Yerdə qalan benzin və əmək haqqı”.

Ebdul-ebilov.jpg
Əbdül Əbilov


“Dövlət şirkətlərin sürücülərdən tutduğu faizə nəzarət etsin”

Əbdül Əbilov deyir ki, əgər dövlət bunlara nəzarət etsə, şirkətlər 5 faizə işləsə, yaxşı olar. O düşünür ki, hökumət taksi şirkətlərindəki problemlərə nəzarət edə bilmədiyi, sahibkarlarla bir işləmə mexanizmi qura bilmədiyi üçün artıq mərkəzləşdirilmiş çağrı mərkəzi yaradır:

“Bəlkə də şirkətlər olduğu kimi qalacaq, amma bir çağrı mərkəzi olacaq”.


“Həm sürücünün, həm müştərinin hüququ pozulur”

Gənc fəal deyir ki, bu gün taksi şirkətləri sürücülərə çox haqsızlıqlar edir. Bu haqsızlıqların isə nəticəsində təksə sürücünün yox, müştərinin də hüququ pozulur:

“Bir çox taksi şirkəti saxladığı 30-40 nəfər sürücüdən həftəlik pul alır. Əvəzində uzun məsafəli yollara pul ödəyən sürücüləri göndərirlər. Nəticədə yaxında başqa maşın ola-ola işi ona vermir, müştərini gözlədir, hüququnu pozur”.


“Qurmaq istədikləri də nəzarət mexanizmi deyil, xidməti inhisara almaqdır”

Əbdül Əbilov düşünür ki, hökumət taksilərin üzərinə minimum qiymət qoymalıdır. Misal üçün 2.60 manat. O minimum qiymətin üzərində rəqabət başlamalıdır:

“Maksimum az faiz qoyulmalıdır. Məsələn, şirkətlər sürücüdən 5-6 faizdən yuxarı pul tutmamalıdır. Bunun üçün gərək şirkətlərdə vaxtlı-vaxtında yoxlamalar aparılsın, nəzarət edilsin. Belə olanda nə sürücü, nə də müştəri incidilər. Hökumət indi bunlara nəzarət edə bilmir. Qurmaq istədikləri isə nəzarət mexanizmi deyil, xidməti inhisara almaqdır”.

Vahid Əhmədov
Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov “Turan” İnformasiya Agentliyinə deyib ki, vahid tariflərin müəyyən olunması dünya təcrübəsində də var. Onun fikrincə, taksilər dövlət və ya özəl firmaya məxsus olmasına baxmayaraq, həmin tariflərə uyğun fəaliyyət göstərirlər:

“Taksi fəaliyyəti ilə bağlı son vaxtlar böyük şirkətlər əmələ gəlib, xəttə avtomobillər buraxılır. Nəqliyyat Agentliyi də vahid tarif məsələsini düz qoyub, yəni, burada qeyri-adi heç nə yoxdur. Bu, normal haldır”.

Ana səhifəSosial“Dövlət inhisarçı addımlar atmağa çalışır”