Dövlət, hakimiyyət, hökumət = sistem…

Source:

Bəzən bizləri yazı yazanda konkret adlar çəkmədən “sistem” sözündən istifadə etməkdə qınayırlar. Bəzənsə nədən yazılarda “hakimiyyət” yox, “hökumət” sözü işlətdiyimizi soruşurlar. Bu iradlara aydınlıq gətirməyə çalışacağam.

Dövlət və hökumət fərqli qavramlardır. Dövlət bizimdir, hamımızındır, vətəndaşlarındır, hökumət isə vətəndaşlara qulluq göstərən, vətəndaşın vergisi ilə iş görən institutdur. Vətəndaşların yaxşı qulluq etməyən hökuməti işdən qovmaq, tənqid etmək, seçki yolu ilə dəyişmək ixtiyarı var. Ona görə də, dövlətə aid məsələlərə həssas yanaşırıq, dövləti öz qürur mənbəyimiz sayırıq, hökuməti isə zay olduğuna görə tənqid edirik.

Hakimiyyət isə bəlli institutların məcmusudur. İnstitut olduğu üçün onu gözdən salmaq olmaz. Hakimiyyətə iddiası olan siyasi qurumlar bu qavramın devalvasiyaya uğramasında maraqlı olmamalıdırlar. Çünki sabah onlar hakimiyyət olanda, bu institutun dəyərdən düşməsindən özləri də əziyyət çəkəcəklər.

Hakimiyyət, parlament, hökumət, maliyyə, iqtisadi, seçki, bank, təhlükəsizlik, məhkəmə, ədliyyə, sivil toplum, media, müxalifət kimi institutların fəaliyyətinin toplamıdır. Yəni, bu sahələrin hər biri institutlaşanda, oturuşanda, hakimiyyət anlayışı yaranır, sistem formalaşır. Ölkədə bu institutların oturuşması, normal fəaliyyəti təmin edildikdə idarəetmə sistemi normal işləməyə başlayır. Bir sözlə, hakimiyyət oturuşmuş və işlək institutlardan ibarət olmalıdır. Əgər hər hansı bir ölkədə bu institutlar oturuşmursa, o ölkələrdə sistem böhranı yaşanır.

Əslində “hakimiyyətə gəlmək” seçki yolu ilə əsas dövlət və hökumət institutlarının idarəçiliyinin hər hansı siyasi quruma keçməsi deməkdir.

Bizim ölkədə isə “hakimiyyətə gəlmək” hara gəlmək sualını doğurur. Əgər ölkədə oturuşmuş institutlar yoxdursa, hakimiyyətə gəlmək elə “hara gəlmək?” anlamını verəcək.

Maksimum vəzifəyə gəlməkdən söhbət gedə bilər ki, bu da “hakimiyyətə gəlmək” demək deyil. Yəni, istənilən siyasi qüvvə vəzifəyə gələndən sonra ölkənin problemlərinin həlli ilə bərabər, ölkədə işlək hakimiyyət institutlarını formalaşdırmağa zaman, güc və maliyyə sərf edəcək.

Bu gün ölkəmizdə, təəssüf ki, bir dənə də olsun oturuşmuş, institutlaşmış qurum yoxdur. Parlament, məhkəmə, ədliyyə, təhlükəsizlik, bank-maliyyə, iqtisadi institutlar, sivil toplum, media, müxalifət institutlaşmayıb, oturuşmayıb, işlək və effektiv deyil. Buna görə də, nə islahat aparmaq olur, nə atılan addımlar effekt verir.

Ana səhifəAnalitikaDövlət, hakimiyyət, hökumət = sistem…