“Biz narahatlıqlarımızı onlara həm ictimai şəkildə, həm də rəsmi olaraq bildirmişik”
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf Azərbaycan hökumətinin son addımlarından narahatlığın artdığını bildirib.
Sentyabrın 15-də keçirilən brifinqdə “Dövlət Departamenti ABŞ vətəndaşı Səid Nurinin şəxsi həyatı ilə bağlı videoya dair Azərbaycan hökumətinə rəsmi etiraz bildiribmi?” sualına Marie Harf belə cavab verib:
“Biz Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq insan haqları öhdəliklərinə məhəl qoymamasından, vətəndaş cəmiyyəti qruplarına qarşı addımlarından artan şəkildə narahatıq. Sizin vurğuladığınız son məsələ də bura daxildir. Biz narahatlıqlarımızı onlara həm ictimai şəkildə, həm də rəsmi olaraq bildirmişik”.
Sentyabrın əvvəlində Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Səid Nurinin ABŞ vətəndaşlığını tanımayaraq onun Azərbaycandan çıxışına qadağa qoyub.
Əvvəlcə hakimiyyət bildirib ki, o, Azərbaycan vətəndaşı olaraq qalır. Sonra isə qeyd olunub ki, o, hansısa cinayət işi üzrə ifadə verməlidir.
Amerika tərəfinin etirazından sonra sentyabrın 11-də S.Nuri Azərbaycandan çıxarılıb (Turan İA).