”Dövlət başçısının dediklərinin reallıqla bağlantısı yoxdur”

Nemət Əliyev: ”Təhlükəli məqam xarici borcumuzun çox böyük sürətlə artmasıdır”

Source:


Nemət Əliyev: ”Təhlükəli məqam xarici borcumuzun çox böyük sürətlə artmasıdır”

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə dair müzakirədə İlham Əliyev Azərbaycanda özünü təmin edən iqtisadiyyat qurulduğunu bildirib.

Prezident fikrini isbatlamaq üçün Davos Dünya İqtisadi Forumunun hesabatlarına əsaslanıb:

“Hesabatda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 37-ci, MDB məkanında isə birinci yerdədir. Davos İqtisadi Forumunun inkişaf edən ölkələrin inkişafı barədə dərc olunan hesabatında biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir”.

 İ.Əliyev Azərbaycanın xarici borcunun çox az olduğunu söyləyib:

“Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik”.

Meydan TV prezidentin söylədikləri barədə iqtisadçı Nemət Əliyevə müraciət edib.

İqtisadçı bildirib ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarına əsaslanıb fikir söyləməsini prezidentə yaraşdırmazdı:

“Necə olur, prezident idarə etdiyi ölkənin iqtisadi vəziyyətini hansısa beynəlxalq təşkilatların hesabatından öyrənir? Bu yanaşmanın özündə boşluq var və yanlışdır. Beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının hansı durumda olduğuna onu idarə edənlərin gözü ilə baxmalıdır. Prezident bu kimi məsələlərdə o qədər dəqiq olmalıdır ki, sözlərinin kəsərli və inandırıcı olmasına şübhə yaranmasın. Görünür, beynəlxalq təşkilatlar da İlham Əliyevin Azərbaycan iqtisadiyyatı barədə arzuladıqlarını yazıblar”.

Gerçək mənzərəyə gəlincə, Nemət Əliyev hesab edir ki, Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin açıqladığı məlumatlar təhlil olunsa, hər şey aydın olar: “Əvvəla, ölkə iqtisadiyyatı investisiya baxımından çox əlverişsiz duruma gətirilib. Yerli investorlarımız son iki ildə yatırım qoyuluşunu 16 milyard dollardan 3,7 milyard dollara qədər endiriblər. Xarici investorlar isə 2016-cı ildə 1,3 milyard dollar azaltdılar. Bu rəqəmlər rəqabət mühitinin olmadığından, inzibati təzyiqlərin yüksək səviyyəsindən xəbər verir. Heç olmasa normal rəqabət mühiti olsaydı, azad sahibkarlar təbəqəsi inkişaf edərdi. Bu təbəqə iqtisadiyyatın təxminən 38 milyard dollardan bir az çox gəlir itkisinin qarşısını ala bilərdi.

2014-cü illə müqayisədə ötən il iqtisadiyyatımız ÜDM-nin göstəricisi üzrə 38 milyard dollardan bir az çox itkiyə məruz qalıb. Belə çıxır ki, 2 ildə bir illik ÜDM göstəricisi qədər vəsait yoxa çıxıb. 38 milyard dollarlıq itkinin 56 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Deməli, iki ildə qeyri-neft sektorunda itkilər 21,5 milyard dollar aşağı düşüb. Əgər bunun 9,5 milyard dolları 2015-ci ilin payına düşürsə, 12 milyard dolları ötən ilin payına düşür. İndi sual yaranır, Əliyevin dediyi kimi öyünüləsi nəsə varsa, niyə yerli və xarici investorlar çox böyük sürətlə ölkə iqtisadiyyatını tərk edir? Bu baxımdan dövlət başçısının dediklərinin reallıqla bağlantısı yoxdur”.

Nemət Əliyev

İqtisadçı Azərbaycan kənd təsərrüfatına və emal sənayesinə kapital qoyuluşunun kəskin azaldığını iddia edib:

“Kənd təsərrüfatında investisiya yatırımında təxminən 50 faizdən artıq azalma var, emal sənayesində isə 62 faiz azalma qeydə alınıb. Amma ərazilərimizi işğal edən Ermənistan kənd təsərrüfatına yatırımı artırıb, təxminən 50 faiz üzərində. Emal sənayesində yatırım isə 60 faizdən çoxdur. 2016-cı ildən Azərbaycanın ixracı 28 faizdən çox aşağı düşüb, amma əhalisi və imkanları bizdən çox geri qalan Ermənistan göstəricisini 20 faizdən çox artıra bilib. Yaxud ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsi 4, 3 milyard aşağı düşüb. Gürcüstan isə 2 milyard dollar artıma nail olub. Bu rəqəmləri real mənzərəni ortaya çıxartmaq üçün xatırlatdım”.

 N.Əliyev dövlət başçısının xarici borclarla bağlı söylədiklərini belə şərh etdi:

“2016-cı ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 7,5 milyard dollardır. Təhlükəli məqam xarici borcumuzun çox böyük sürətlə artmasıdır. Son 9 ayda xarici borc 13 faiz artıb. 2015-ci ilin əvvəlinə olan vəziyyətə görə, xarici borcumuz ÜDM-dən təxminən 8-9 faiz paya malik idisə, bu gün 23 faizin üzərindədir. İlin sonunda ÜDM xarici borcun çəkisi 30 faizə yaxınlaşır. Problem ondadır ki, hökumət yalnız xarici borcu artırmayıb, 2016-cı ilin iyulun 1-nə olan vəziyyətə görə, daxili mənbələrdən 7,3 milyard manat borclanmaya gedib. Ötən ilin 6 ayında daxili mənbələrdən alınmış borcun 57 faiz yüksəlməsi çox təhlükəlidir. Bütövlükdə daxili və xarici borcun ÜDM-də çəkisi 40 faiz civarındadır. Bəli, Dövlət Neft Fondundakı 33 milyarddan 7-8 milyard ayırıb borcları ödəmək olar. Amma səmərəlilik baxımından, bu, məqsəduyğun deyil. Narahatlıq yaradan məqam daxili və xarici borcun qısa müddətdə sürətlə artması və ÜDM-nin aşağı düşməsidir. Eyni zamanda Dövlət Neft Fondunun ehtiyatları da sürətlə azalır, çünki tədiyyə balansında çox böyük həcmdə kəsir əmələ gəlib. Təsəvvür edin ki, Dövlət Neft Fondunun 5 milyard, Mərkəzi Bankın isə 11 milyard dolları əriyib. 16 milyardın 2 ildə əldən çıxması sıradan bir hadisə deyil. Proses bu cür davam etsə, Dövlət Neft Fondundakı 33 milyard dolların yarısı da heç olmayacaq. Əgər fonddakı vəsaitlərin gələcək nəsillərə saxlanılmasını deyirdiksə, o zaman xarici borcun qısa zamanda ödənməsi reallıqdan çox uzaqdır”.

Ana səhifəAnalitika”Dövlət başçısının dediklərinin reallıqla bağlantısı yoxdur”