Yadigar Muradov: “Aktyor heyətindən kimlərin Şuşaya qayıdacağını indidən söyləmək çətindir”
“Şuşaya qayıdan aktyorların orada məskunlaşması ilə əlaqədar dövlət qarşısında məsələ qaldıracağam”.
Bunu Meydan TV-yə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov deyib.
Direktor bildirib ki, Şuşada bərpa işləri başa çatdıqdan sonra kollektiv yenidən orada fəaliyyətini davam etdirəcək:
“Aktyor heyətindən kimlərin Şuşaya qayıdacağını indidən söyləmək çətindir. Hazırda kimdən soruşursan, deyir ki, birinci mən qayıdacağam. Köç prosesi başlayanda kimlərin gedəcəyi məlum olacaq. Mənim şüarım var; haralı olmasından asılı olmayaraq, kim gəlib, Şuşa Teatrında işə girdisə, teatrın yaşaması üçün çalışdısa, onu şuşalı hesab edirəm. Şuşaya qayıdan aktyorların orada evlə təmin olunması ilə əlaqdara da dövlət qarşısında məsələ qaldıracağam”.
Şuşa Teatrının fəaliyyətində fasilələr olub. 1990-cı ildə dövlət teatrı statusunu bərpa edən teatrın binası olmayıb. Həmin illərdə kollektivə müvəqqəti Rayon Partiya Komitəsinin yanında yerləşən Mədəniyyət evinin binasını veriblər:
“Teatrın binası ilə bağlı layihə hazırlanmışdı. Şuşada Natəvan bağındakı Yay teatrı olan ərazidə Şuşa teatrı üçün yeni bina tikiləcəkdi. Binanın maketi Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mikayıl Gözəlovun kabinetindəydi. Təəssüf ki, qismət olmadı”.
Yadigar Muradov ümid edir ki, Şuşada teatr üçün bina tikiləcək:
“O boyda Füzuli, Zəngilan aeroportunu qısa bir vaxtda qurub-yaradan başçımız, bircə kəlmə “hə” desə, yəqin qısa zamanda teatra bina tikilər. O gün də gələr. Şuşada teatr binanın tikintisi ilə bağlı müraciət etmək səlahiyyətim yoxdur. Bu, onlarlıq işdir. Şuşa mədəniyyət şəhəridir. Birinci elm-təhsil müəssisələri, daha sonra səhiyyə işə salınmalıdır. Şəhərə insanlar köçəndən, orada yaşayış olandan sonra yəqin hamı üçün teatra da ehtiyac yaranacaq”.
Əməkdar artist onu da əlavə edib ki, Şuşadakı ikimərtəbəli evini teatra bağışlayıb.
“Şuşa azad olunmamışdan əvvəl evimdə keşiş yaşayıb, həm də hərbi komissarlıq binası kimi istifadə edilib. Hazırda evimdə Şuşanın infrastrukturu ilə məşğul olan 35-40 arası adam yaşayır. Köç başlasın, Allah qoysa, üzümüzə gələn il gedəcəyik”.
Mədəniyyət naziri Anar Kərimov 2020-ci ildə Şuşada bərpa olunacaq mədəniyyət müəssisələrinin siyahısını açıqlamışdı.
O, Şuşada 210 tarix-mədəniyyət abidəsinin, 20 mədəniyyət evinin, 19 kitabxananın, 8 musiqi məktəbinin, 7 muzeyin, 1 qalereyanın, 1 teatrın bərpa olunacağını bildirmişdi.