Şuşada bərpa olunacaq mədəniyyət müəssisələrinin siyahısı

O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olub.

Foto: Meydan TV


“Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”

Mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov Şuşada bərpa olunacaq mədəniyyət obyektlərinin sayını açıqlayıb.

Anar Kərimov “Twitter” hesabında 210 tarix-mədəniyyət abidəsinin, 20 mədəniyyət evinin, 19 kitabxananın, 8 musiqi məktəbinin, 7 muzeyin, 1 qalereyanın, 1 teatrın bərpa olunacağını qeyd edib.

O, “Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”, – deyə bildirib.

Şuşa şəhəri noyabrın 8-də işğaldan azad olunub. Şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olub.

Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilib və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilib. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal olunan şəhər dağıdılıb. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilib. Burada Azərbaycana aid bütün tarixi, mədəni, memarlıq abidələrinin və dini inanc yerlərinin dağıdıldığı deyilir.

Ana səhifəMədəniyyətŞuşada bərpa olunacaq mədəniyyət müəssisələrinin siyahısı