Son illər tikinti biznesi əlində pulu olan və tez zamanda xeyli gəlir götürmək istəyənlərin yatırım etdiyi sahəyə çevrilib. Bir neçə şəriklə birləşib binalar ucaldılır ki, vətəndaşların hüquqları da o binaların altında basdırılır. Ekspertlər deyir ki, şərik tərəf, yəni tikinti bumundan varlanan təkcə ora pul yatıran biznesmen yox, həm də məmurlardır.
“Tikinti biznesinə girişən bir neçə biznesmen pulunu bura yatırandan sonra, ya tez zamanda gəlir götürmək istəyir, ya da yatırdığı pulu geri çəkmək istəyir. Amma qoyulan ümumi pulun yarısı artıq rüşvət şəklində lazımı instansiyalara gedib. Buna görə də, bina tikintisində təmsil olunan bir neçə sahibkar bir mənzili bir neçə adama satır ki, qoyduğu pulu artıqlaması ilə çıxara bilsin. Ümumiyyətlə tikintisi başlanmayan binalarda mənzillər satışa çıxarılırsa, o zaman vətəndaşlarla sadəcə müqavilə imzalanmamalıdır. Qanuna da uyğun olaraq alıcı həmin torpaqda qeydiyyata düşməli və onun burda mülkiyyət hüququ yaradılmalıdır. Yəni razılaşdıqları tikinti şirkəti həmin ərazidə tikintini başa vurmayanda belə, alıcıların artıq hüquqları olur ki, onlar başqa tikinti şirkəti ilə razılaşıb binanın təhvil verilməsini tezləşdirsinlər. Bütün bunlar ölkənin qanunvericiliyində 2018-ci ildən öz əksini tapıb”.