Vəkil: “Dövlət Komitəsi bugünə qədər niyə susub?”
İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Bibiheybət qəsəbəsindəki “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Tərlan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İclasda məhkəmə istintaqının başlanması elan edilib. Sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını oxuyub. İttihama münasibət bildirən Tərlan Hüseynov özünü təqsirli bilmədiyini, digərləri qismən təqsirli bildiklərini deyiblər. Daha sonra prosesdə iştirak edən zərərçəkmiş şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Qəhrəman Əliyev ifadə verib. O, bildirib ki, “Dostluq” parkının ərazisi Dövlət Ehtiyat Fonduna daxil olan torpaqdır. O, təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmadığını bildirib. O, hər bir bələdiyyəyə ayrılan torpaqla bağlı aktın həmin bələdiyyəyə verildiyini söyləyib. Tərlan Hüseynovun vəkili İlhamə Həsənova isə bildirib ki, həmin akt nəzərdə tutulusa da, heç bir bələdiyyəyə verilmir. Vəkil parkın ərazisinin satılması ilə bağlı dövlət komitəsinin nəyə görə bu günə kimi susduğunu soruşub. Q.Əliyev isə bildirib ki, həmin ərazilərin satılmasının qanunsuz hesab olunması ilə bağlı məhkəməyə müraciət edilib.
Proses iyunun 23-də davam edəcək.
“Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villalar sökülüb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.
T.Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.