Respubliakanın 60 faizində smart-kart tipli sayğaclarının quraşdırılması səbəbi ilə təxminən beş min işçi işdən azad olunacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın bu barədə Meydan TV-yə verdiyi məlumata görə, qaz istismarı sahələrində çalışan insanlar özlərinə yeni peşə seçməlidir:
“Bildirim ki, bu sahədə 2011-ci ildən geniş işəgötürmə kampaniyası var idi. Çünki həm Bakıda, həm də regionlarda qazlaşdırılma və modernləşdirmə işləri olurdu. İndi bu da 2015-ci ilin əvvəlinə yekunlaşır. Bütün bunlar ona gətirib çıxardır ki, o insanlar artıq lazım deyil”.
“Azəriqaz” İstehsalat Birliyində struktur islahatlarına start verilib. Artıq Bakı Qaz İstismar və Satış İdarəsinin yeni strukturu təsdiq olunub. Həmin sənədə əsasən, rayon qaz istismar sahələrinin statusları kiçildilərək rayon texniki istismar xidməti olub. Bundan sonra Bakı şəhəri üzrə cəmi bir qaz idarəsi və 12 rayon texniki istismar xidməti fəaliyyət göstərəcək. İslahat rayon qaz istismar sahələri rəisləri və xidmət rəislərindən də yan keçməyəcək. Onların vəzifələri bir pillə aşağı salınacaq. Mühəndis və texniki işçilərin işlərini itirmə təhlükəsi isə qaçılmazdır. İlham Şaban deyir ki, qaz sayğaclarının bu qədər geniş yayılması, artıq həmin istismar idarələrində əvvəl xidmət göstərən heyetin saxlanılmasını mümkünsüz edib:
“AzəriQaz”-da təqriən 10 min işçi çalışır, buradan da 4-5 min insan ixtisara salınmalıdır. Çünki bu mənasız bir şeydir. İndi yaxın beş il üzrə neft-qaz sektorunda 50 milyardlıq sərmayə qoyulub və yeni iş yerləri olmalıdır. Onda da bu işçiləri hökümət çalışıb ora yönləndirməlidir. Çünki ARDNŞ-nın peşəartırma kimi layihələri var və bunlar hesabatlarına da salınıb”