Donald Tuskun enerji səfəri

Aİ prezidentinin Bakıda keçiriləcək parlament seçkiləri mövzusunu diqqət mərkəzində saxlamaması bir daha göstərir ki, bütün digər məsələlər, o cümlədən demokratiya sahəsindəki məsələlər bu mərhələdə strateji deyil, növbətçi xarakter daşıyır

Source:


Aİ prezidentinin Bakıda keçiriləcək parlament seçkiləri mövzusunu diqqət mərkəzində saxlamaması bir daha göstərir ki, bütün digər məsələlər, o cümlədən demokratiya sahəsindəki məsələlər bu mərhələdə strateji deyil, növbətçi xarakter daşıyır

Avropa İttifaqının prezidenti Donald Tusk may ayında Riqada keçirilmiş Şərq Tərəfdaşlığı sammitindən sonra Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri ilə mövqeləri uyğunlaşdırmaq üçün iyulun 20-22-də Cənubi Qafqaz (CQ) ölkələrinə səfər edib.

Riqada ilk dəfə Aİ-nin şərq tərəfdaşları ilə münasibətlərinin müxtəlifləşdirilməsi zərurəti haqqında fikir səslənib. Bu ölkələr proqramın işə salınmasından sonra 6 il ərzində Avrointeqrasiya nöqteyi nəzərdən öz mövqelərini aydın şəkildə nümayiş etdiriblər. Bu mərhələdə prosesin liderlərinin (Gürcüstan, Moldova və Ukrayna) və autsayderlərinin (Azərbaycan, Ermənistan və Belarus) mövcudluğu artıq Aİ-nin altı postsovet ölkəsi ilə vahid proqram çərçivəsində kompleks şəkildə səmərəli əməkdaşlığını təmin edə bilməyəcək.

Müxtəlif mənbələr bildirir ki, tərəfdaş ölkələrin hökumətləri Aİ ilə ikitərəfli əsaslarla yeni əməkdaşlıq paketlərinin işlənib-hazırlanmasına başlayıblar. Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də hökumətin müşavirəsində əməkdaşlığın yeni formatını hazırlamaq göstərişi verib. O, əvvəlki kimi, bu əməkdaşlığın prioriteti olraq Aİ ilə iqtisadi və energetika tərəfdaşlığını görür.

Əliyevin nitqindən anlamaq olar ki, o, Avropa siyasətinin çağırışlarını yaxşı sezir. Onun hökumətə tapşırıqları göstərir ki, o, Cənubi Qafqazda Avropa strategiyasını nəzərə alır və Cənubi Qafqaz energetika dəhlizinin çərçivəsində hərəkət etməyə hazırdır.

Aİ-nin Cənubi Qafqaz üzrə son qərarları Tuskun regiona səfərinin əsas məqamının Azərbaycan prezidenti, habelə tranzit ölkə kimi Gürcüstan rəhbərliyi ilə Aİ-nin enerji təhlükəsizliyi məsələləri üzrə danışıqlar aparmaq olduğunu ehtimal etməyə əsas verir. Aİ prezidentinin regiona səfərinin iyulun 14-dən 20-nə keçirilməsi də buna dəlalət edir. Baxmayaraq ki, Tusk səfərin təxirə salınmasını Yunanıstan ətrafındakı vəziyyətlə əlaqələndirir. Yenə də məhz həmin vaxt Aİ-də Cənubi Qafqaz üzrə mühüm qərar qəbul edilirdi və o təsdiq edilmədən regiona səfər etmək xüsusi bir məna daşımazdı. Bazar ertəsi, iyulun 20-də Aİ xarici işlər üzrə Nazirlər Şurası “energetika diplomatiyası” haqqında qərar qəbul edib. Bu qərar enerji daşıyıcıları mənbələrinin, tədarükçülərinin və marşrutlarının müxtəlifləşdirilməsi üçün Avropa İttifaqının Cənubi Qafqaz dəhlizində, Cənubi Qafqazda və Mərkəzi Asiyada energetika siyasətinə dəstək nəzərdə tutur. Maraqlıdır ki, sənəd müzakirəsiz qəbul edilib. Və onun təsdiq edilməsi üçün iyunun 22-də Lüksemburqda Aİ Şurasının iclasında baş tutmuş müzakirələrin yekunları kifayət edib.

Sənəddə Aİ-nin enerji təhlükəsizliyi sahəsində Rusiya ilə bağlı siyasəti də əksini tapıb: “Lazımi şərait olarsa, Aİ müvafiq şəkildə Rusiya ilə energetika münasibətlərinin yenidən formalaşdırılmasına başlayacaq. Bu münasibətlər hər iki tərəfin qarşılıqlı mənfəəti üçün bazarın açıqlığı, ədalətli rəqabət, ətraf mühitin və təhlükəsizliyin qorunması nöqteyi nəzərdən bərabər qaydalara əsaslanacaq”.

Rusiyanın Cənubi Osetiyada, Gürcüstan ərazisi daxilində tanınmamış respublikanın sərhədlərinin dəyişdirilməsi, Bakı-Supsa neft kəmərinin bir hissəsi üzərində nəzarəti ələ keçirmək üzrə oyunları göstərir ki, Moskva özü üçün strateji Rusiya-Ukrayna-Aİ energetika marşrutunda daha səmərəli mövqeni təmin etmək üçün cənub istiqamətində Brüssellə “energetika diplomatiyası” çərçivəsində alver üçün preventiv addımlar atıb.

Şantajlı sərhəd məsələsini həm də Aİ Şurasının Lüksemburq iclası ərəfəsində Yerevanda başlamış Avropayönlü energetika çıxışlarına cavab addımı kimi qiymətləndirmək olar. Bu, Cənubi Qafqazda Aİ və Rusiya maraqlarının yeni qarşıdurmasına dəlalət edə bilər.

Prezident Tuskun CQ ölkələrinin rəhbərləri ilə danışıqlarının gündəliyində mütləq münaqişələrin tənzimlənməsi, insan hüquqları, viza rejiminin sadələşdirilməsi, islahatlar və azad ticarət məsələləri – Şərq Tərəfdaşlığında əvvəlcədən nəzərdə tutulmuş bütün məsələlər olub. Və Aİ prezidenti hətta vətəndaş cəmiyyəti fəalları ilə açıq görüşlər keçirib. Amma Tuskun Bakıda bu ilin noyabrında keçiriləcək parlament seçkiləri mövzusunu diqqət mərkəzində saxlamaması bir daha göstərir ki, bütün digər məsələlər, o cümlədən demokratiya sahəsindəki məsələlər bu mərhələdə strateji deyil, növbətçi xarakter daşıyır.

Bu, yaxın gələcəkdə Cənubi Qafqazı əhatə etmiş iqtisadi böhran şəraitində energetika təhlükəsiziyi və sabitlik məsələsinin Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşları ilə ikitərəfli münasibətlərində prioritet olaraq qalacaq. Çox güman ki, onlar Azərbaycan-Avropa strateji tərəfdaşlığının əsasını təşkil edəcək. Donal Tuskun sözlərinə görə, tərəflər bu tərəfdaşlığın kandarında durur.

Turan Analitika Xidməti

Ana səhifəXəbərlərDonald Tuskun enerji səfəri