Don vurmuş su sayğacları və ya…

Sakinlər Nəsimi rayon Sukanal İdarəsindən narazılıq edir

Source:
Azərsu
Azərsu
Azərsu
Azərsu


Sakinlər Nəsimi rayon Sukanal İdarəsindən narazılıq edir

“Yeni ilin gəlişi bizim yox, Nəsimi rayon Sukanal İdarəsi rəhbərliyinin işinə yarayıb. Əhalidən pul çıxarmağın yeni üsullarını axtarıb tapıblar”.

Bu sözləri Nəsimi rayonunda yaşayan bir çox sakin deyir. Onların sözlərinə görə, idarənin nəzarətçiləri evdə ailə başçısı olmayan və ya mənzillərini kirayə verən çoxsaylı abonentin sayğacını donvurma adı ilə dəyişdirərək, əhalidən əlavə pul alırlar. Belə bir “sürprizlə” üzləşənlərdən biri  də Nəsimi rayonunun Səfərəliyeva küçəsi, ev 26, mənzil 31-də yaşayan Rasim Abdullayev olub.


“Pulu ödə, kartı al!”

Müfəttişlər əraziyə baxış keçirən zaman evdə olmayan R.Abdullayevin smart-kart tipli su sayğacı dəyişdirilərək, yenisi ilə əvəz olunub. Sonra evdə olan uşaqlara bildirilib ki, abonentə deyin, kartı gəlib idarədən alsın.  R.Abdullayev deyir ki, idarəyə kart almaq məqsədi ilə gedəndə tamam başqa mənzərə ilə üzləşib.

Bu barədə Meydan TV-yə ünvanladığı şikayətində abonent göstərir ki, yenidən müqavilə bağlaması üçün onu idarənin baş mühasibinin yanına göndəriblər. Bildiriblər ki, sayğacın 247.23 manat qiymətini tam şəkildə ödəməlidir, yalnız bundan sonra kartı veriləcək. Müştəri ilk olaraq, ödənişin qeyri-qanuniliyini və sayğaca müdaxilə etmədiyi  üçün idarənin pulsuz dəyişməli olduğunu baş mühasibin diqqətinə çatdırsa da, xeyri olmayıb. Baş mühasib Şahmar Haqverdiyev müştəriyə Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiqlənmiş “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndini xatırladıb. Adıçəkilən qaydanın məlum maddəsində qeyd olunur ki, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən, üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yeniləri ilə əvəzlənməsi abonentlərin vəsaiti hesabına həyata keçirilir.

Mühasib əlavə olaraq bildirib ki, sayğacın 247.23 man qiyməti tam şəkildə ödənməlidir və ödəməsə, o, kartla təmin olunmayacaq. Baş mühasib etdiyi tələbin qanuni olmasını təsdiqləmək üçün “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov və Fövəqladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin direktoru Kamil Muradovun 2012-ci ilin martında imza və möhürləri ilə təsdiq etdikləri 20 mm-lik su sayğacının 247.23 manat qiymət cədvəlini göstərib.

R.Abdullayevin istifadəsində olan sayğacla bağlı “Azərsu”ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin (NÖCİ) rəisi M.İbrahimov və Suölçən Cihazlıarın Sınaq və Kalibirləmə Laboratoriyasının (SCSKL) müdiri İ.Paşayevin 11 yanvar 2016-cı ildə verdiyi 6880610002000 saylı rəyindən belə məlum olur ki, sayğacın qapaqaltı platform hissəsi şaxtalı havalarda donvurma nəticəsində suyun daxili genişlənmə səbəbi ilə çatlayıb və istismara yararsızdır.


 “Azərsu” məsələyə müdaxilə etdi

Meydan TV əməkdaşı şikayətçinin problemi ilə maraqlanmaq məqsədilə onunla birgə Nəsimi rayon Sukanal İdarəsinə yollanıb. Onlar təkrar qurumun baş mühasibi ilə görüşüblər. Abonentə dediklərini jurnalistə də təkrarlayan Şahmar Haqverdiyev nəğd ödəniş olmadan kartı verməyəcəklərini bəyan edib. İdarənin rəisi Həmdulla Əliyev də mühasibin dediklərini təsdiqləyib və bildirib ki, sayğacın dəyişdirilməsi üçün 247.23 manat ödənməlidir.

Meydan TV məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və şikayət şöbəsinə müraciət edib. Mühəndis Heydər Abbasov və ASC-nin digər mütəxəssisləri məsələyə müdaxilə etdikdən sonra bəlli olub ki, Nəsimi Rayon Sukanal İdarəsinin baş mühasibi Şahmar Haqverdiyevin müştəridən onun istifadəsinə verilən 15-mm-lik su sayğacına 247.23 manat tələb etməsi qeyri-qanunidir. Müştərinin  sayğacı donvurma nəticəsində yararsız hala düşübsə, o, haradasa 140 manata yaxın ödəməlidir ki, istifadəsində olan sayğac yenisi ilə əvəz olunsun.

“Heydər Abbasov baş mühasiblə telefon danışığında  ona irad tutdu, dedi, bir halda ki, bütün rayonlarda əhali qrupundan 139.05 manat vəsait  alınırsa, nəyə görə Nəsimi rayonunda yaşayanlardan 247.23 manat tələb olunur?” – deyir Rasim Abdullayev.

Bundan sonra idarənin mühasibatlığında 139.05 manat ödəməsi şərti ilə abonentlə müqavilə bağlanıb. Beynəlxalq Bankda hesaba 20 manat ilkin ödəniş edildikdən sonra müştəri kartla təmin olunub. O, bundan sonra iki-üç ay ərzində 119 manatı da ödəməlidir ki, gələcəkdə sayğacdan istifadədə problemlə üzləşməsin.


Əlavə alınan 118 manat kimə gedir?

Meydan TV əməkdaşı idarədə olarkən eyni problemlə üzləşən daha bir neçə abonentlə qarşılaşıb. Mühasibatlıqda müqavilə imzalamağa hazırlaşan iki qadın mübahisənin şahidi olduqdan sonra müqavilələri cırıb. Adlarının açıqlanmasını istəməyən həmin abonentlər də bildiriblər ki, “Alfasu-15” markalı yeni quraşdırılmış su sayğacları üçün 247.23 manat ödənilməsi tələb olunur.

Meydan TV əməkdaşı “Əgər “Alfasu-15” markalı sayğacın qiyməti 139.05 manatdırsa, əlavə köçürülən 118 manat kimin cibinə gedir” sualı ilə müraciət etsə də, cavab ala bilməyib. İdarə rəhbərliyi eyni zamanda ərazidə neçə abonentin sayğacını dəyişdirdiyini də açıqlamaq istəməyib.


Doğrudanmı su sayğaclarını don vurub?

Təlimata əsasən, abonentlərin evinə quraşdırılan sayğaclar öncədən  “Azərsu”ASC-nin müvafiq Suölçən Cihazların Sınaq və Kalibirləmə Laboratoriyasından sınaqdan keçməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatını almalıdır. Məişətdə istifadəyə verildiyi andan isə ən azı 5 ildə bir dəfə yoxlamadan keçirilməlidir. R.Abdullayevin yaşadığı binaya quraşdırılan su sayğacı 2013-cü ildən quraşdırıldığından onun yoxlama müddətinə hələ 2 il var.

Meydan TV əməkdaşı sözügedən sayğacların neçə dərəcəyə davamlı olduğu ilə maraqlanıb. “Alfasu” sayğaclarının neçə dərəcə soyuğa davamlılığı haqda  “Azərsu” ASC-in rəsmi saytından hər hansı məlumat tapmaq mümkün olmayıb. Yalnız qurumun adının açıqlanmasını istəməyən məsul şəxslərindən birinin Meydan TV-yə verdiyi məlumata görə, bu sayğaclar  26 dərəcə şaxtaya davamlı kimi qəbul edilib.                                                                                                                 Bəs belə olan halda ilin əvvəlində paytaxta qar yağan zaman havada neçə dərəcə şaxta olub?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2016-cı ilin ilk ayının hava proqnozunda göstərir ki, yanvar ayında

Bakıda və Abşeron yarımadasında

orta aylıq temperatur 3-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olub ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olub.

Əgər R.Abdullayevə məxsus binanın bayır hissəsinə quraşdırılan sayğac 3-8 C şaxtaya davam gətirməyibsə, onda görəsən günah kimdədir? Müştəridəmi, yoxsa sayğacı ora quraşdıran qurumdamı? Digər tərəfdən, əgər sayğacı şaxta vururdusa, onda gərək o ərazidə quraşdırılan bütün sayğaclar da sıradan çıxaydı. Təəssüf ki, bu suallara cavab almaq mümkün olmadı.

Bütün baş verənlərdən sonra “Azərsu” rəhbərliyinin Nəsimi rayon Sukanal İdarəsi haqda hansı ölçü götürəcəyi barədə məlumatsız olsaq da, əhaliyə bu cür hallarda mütləq baş qurumla əlaqə saxlamağı məsləhət görürük…

Ana səhifəXəbərlərDon vurmuş su sayğacları və ya…