“Çətirlə giririk evə”
Zaqatalaya yağan dolu Mina Əliyevanın evini yaşanmaz hala salıb. Özü ilə yanaşı qohumlarının evi də zərər gördüyündən qonşularda gecələyir.
Sentyabrın 6-da yağan dolu Zaqatalanın bir çox qəsəbələri kimi Qəbizdərə kəndinə də zərər vurub. Evlərin damı deşilib, təsərrüfat məhv olub, əkin sahələri yararsız hala düşüb.
“Evləri də görürsən bu vəziyyətdədir. Hələ indi yağış dayanıb. Çətirlə giririk evə. O biri qardaşımın evi də elədir. Evə ayaqqabıyla girirlər. Artıq dördüncü gündür, deyirlər “səbirli olun”. Hə, biz də səbirlə gözləyirdik, hələ də gözləyirik. Bu ev üçün, qardaşım üçün heç bir köməklik yoxdu. Evimin damı pis gündədir. Amma evdə su yoxdu, hamımız bir yerə yığışmışıq. Üç dənə çadır dedik, dedilər “Fövqəladədən gələcəklər”. O da olmadı. Qalmışıq belə. 4-5 ailə bir otağa yığışmışıq”, – deyir Mina Əliyeva.
Qəbizdərədə yaşayan Fatimat Antonova deyir ki, təbii fəlakətdən üç gün keçməsinə baxmayaraq, aidiyyati qurumlardan kimsə onlarla görüşməyib:
“Evdə vəziyyət necə olur? Səhərə kimi çardaqda yatıb yoldaşım. Bütün ləyənləri doldurub çölə atırıq. Bütün dam əldən gedib, hər şey.
Heç kim maraqlanmayıb bizimlə. Çardaqda oturmaq olarmı həmişə? Hər gün də yağış yağır. Bundan sonra bir həftə də yağış yağacaq”.
Zərərçəkən Məhəmməd Əliyev hökumətdən yardım istəyir. O, dəymiş ziyanın heç olmasa bir qismini qarşılanmasını arzulayır:
“Bütün yeri “klyonkayla” örtmüşəm. Hər yer “klyonka”dı. 25 vedrə su atmışam buradan.
Bütün şiferlər qırıldı. Tövlədə, çardaqda hər şey qırıldı. Neçə gündür biz suyun içindəyik. Belə vəziyyətdəyik… Kənardan da kömək yoxdu. İmkanımız yoxdu, çox pis vəziyyətdəyik. Mən də təqaüdçü adamam. Nə olacaq? Məndə təqaüddən başqa heç nə yoxdur”.
Zaqatalanın bir neçə kəndinə işıq və qazın verilməsi dayandırılıb. Sakinlər evlərinin təmir olunmasını və tezliklə normal həyat şəraitinə qayıtmalarını istəyirlər.
Meydan TV Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.