Gənc fəal Qiyas İbrahimov məhbəsdən yazır. Meydan TV onun məktubunu oxucuların diqqətinə çatdırır.
“Həyatımda ilk dəfə divarlara şüar yazmağa başladım. Ən bahalı restoranların dəhlizlərində bacardığım qədər iri hərflərlə “Visca P.O.U.M!” – “Yaşasın POUM!” (Frankoya qarşı vuruşan sol təşkilatlardan biri) sözlərini qaralayardım. Bunlar daha sonra öz antiutopiyası ilə tarixin hər hansı dövründə hər bir cəmiyyəti sarımaq təhlükəsi olan xəyali tikanlı məftillərə Corc Ourell kimi işıq tutacaq”.
Bu sözlər Erix Artur Bleyerin həyatının həqiqi mənada tikanlı məftillər arasında keçən bir dövrü barədə xatirələrindəndir.
Oruell İspaniyadakı vətəndaş müharibəsi vaxtı əlinə qələmlə yanaşı silah da götürərək, bəşəriyyətin qurtuluşu üçün uğursuz cəhdlərin birində yer alır və bu zaman yaşadıqlarını “Kataloniyaya ehtiramla” adlı kitabında xatırlayır. Oruelli ümumbəşəri edən cəhət istənilən birbaşa, ya dolayı tiran rejiminin xarakterik yönlərini vurğulayan ifadələr – belə quruluşların bədii simvolu olan maqnum opusudur.
Mənsub olduğu cəmiyyətin bəzi “fikir cinayətkarları”ndan ötrü isə, o, bu cəmiyyətin və ona hakim rejimin əksər tərəflərinin birbaşa təsviri olan köləlik dünyasının bədii yaradıcısı olmaqla məhdudlaşmır. Çünki Oruell yazı masasının rahatlığını mütləqiyyətçi despotizmə qarşı açıq cəbhəyə dəyişən sıravi bir fərd olaraq da xatırlanmağa layiqdir. Hətta bu mübarizəsində ibtidai bir etiraz metodunun istifadəçisi kimi də. Şüarçılıq mübahisəli məsələ olsa da, onu situasiyaya görə dəyərləndirmək daha doğru olar. Beləcə, çətin ki, kimsə Ourelli avara şüarçı kimi aşağılasın.
Yoxsulların girmədiyi restoranların və simvol sayılan heykəllərin labirintə çevrildiyi ölkə qurmuş bir rejimin mövcud olmadığı mifik zamanlardan birində, Babildə də əsarət və tiranlıq varkən, dünyanın xələflərini hələ çox görəcəyi kral Baltazarın saray divarlarına bir qrafitçi kimi tanrı özü sirli əllərlə yazaraq xəbərdarlıq etmişdi. Baltazar da bütün tiranlar kimi buna məhəl qoymadı, ölkəsinin halını düşünmədən ziyafətini sürdürdü. Çox keçmədi ki, səltənəti basıldı və sarayının divarları çökdü, sonu acı oldu, əksər tiranlar kimi…
Tanrının sirli əlləri olduğumuzu iddia etmirəm. Həm də bunlar, biz “cinayətkarlar”ın bəşəri ideal uğrunda vuruşacaq qədər cəsur olmağımız mənasına da gəlmir. Həmçinin mövcud əsarətin əleyhdarları olanlardan da bəlkə hansı bir qisminin “cinayətkar” metodumuzu hazırkı şərtlərə görə, ya başqa səbəbdən avantüristlik sayaraq, “Herostrat şöhrəti” naminə edilmiş akt kimi dəyərləndirməsini də ifrat qınaq sayardıq – sonda deyəcəyimiz səbəblərdən. Bununla belə, bəlli ölçüdə rejim müxalifi olan birinin belə qınağını rejimin apologetiklərinin üzdə oxşar fikirləri ilə də eyniləşdirə bilmərik. Rejim apologetiklərindən danışsaq, qorxu, yaxud beyniyuyulmuşluq səbəbindən susqun olan insanlardan fərqli olaraq, pis olanı gördüyü, bildiyi halda onlara mötədillik, bəlli bir intelligensiyanın da sırasında olduğu kompromislik xasdır. Onlar üçün də əsl ittiham saxta olandan (narkotik və s.) daha çox kriminaldır. Eynən avtokratiya üçün olduğu kimi. Dolayı, ya elə birbaşa qazana biləcəkləri hansısa imtiyaz üçün fərd, yaxud qruplara yönəldilmiş saxta ittiham bir yana, “əsl cinayət”i də təhlükəli hesab edərlər. Əgər danışacaqlarsa, çürük əsaslarla “cinayətkar”ın əsl əməlinin saxta ittiham olmadan da cəzalandırmalı olduğunu söyləyə bilərlər.
Ən vətənpərvərləri “ölkəni Suriyaya çevirmək istəyənlər”dən narahat olan cəfakeşlər – avtokratiyaya yarınmağı şükür ayətləri ilə pərdələyənlərdir. Ya da bir azca səmimi olanların dedikləri var, məsələn: “Filan əməli törədənlər təhqir (!), ədəbsizlik (!!!), hörmətsizlik (!!!), ağsaqqalsızlıq (!?), öndərsizlik (…) etdikləri üçün cəzalandırılsınlar. Amma şərləmə olmasa yaxşıdır, onda elə şərlənmə qanununu kitaba salaq”.
Yüz neçəsə marionetkanın barmaq qoyduğu son qanunu, “Drakon qanunları”na parafraz etsək, quduz itin ağız köpüyü ilə yazılmış deyə bilib şərəfinə qədəh qaldırmış ola bilərlər. Qısası, cəza maşınının işləməsinə onlar tərəfindən alqış mütləqdir.
Qorxu altındakı susqun insanlardan və beyni yuyulmağa məruz qalanlardan da analoji şeyləri eşitmək olar. Ancaq qorxu və digər səbəbdən bu cür fikir səsləndirənə mənafeyi üçün rejimə mötədil olanlarla eyni etiketi vura bilməyəcəyimizə görə, onları vicdanlı olmamaqda günahlandıra bilmərik. Onlar xalqdır və maarifləndirmə çağı mütəfəkkirlərindən birinin dediyi kimi, “xalq həmişə öz yaxşılığını istəsə də, onun harada olduğunu çox vaxt görməyə bilər”.
Tarixi qanunauyğunluqdursa, buna görə üzülməyə vaxt itirməsək yaxşıdır, yəqin. Hərçənd zindanlarda vaxt bir az fərqli anlayışdır. Konkret fakt kimi, bizim “cinayətimiz”ə yanaşmada belə fikirləşən şəxs, ya qrupun – özünü sistemə müxalif görməyən olaraq – varlığına şübhə etmirik. Mövqelərindən dolayı “cinayətkar”lar üçün ciddi nə isə ifadə etmədiklərini vurğulasaq da, faktiki “cinayət” timsalında ümumi baxışlarını xırdalamış olduq.
Maraqlı olan isə, yenə başda dediyimiz kimi, sırf bizi, tutarlı olduğunu fikirləşdiyi səbəbdən avantürist və s. sayıb qınayan rejim əleyhdarlarının münasibətidir. Bu cinahdakılar açıq müxalifət olsa da, sırf belə aktivliyə qınaqla yanaşanlar mütləq var deyib, işdir yoxdurlarsa, paranoik vəziyyətə düşmək istəməyənlərdir. Qoy, bu, sadəcə təxmin olsun. Hər halda təxmin yeritmək çoxumuzun sevimli məşğuliyyətidir.
10 ilə məhkum olaraq ciddiləşməyə çalışaq və ciddi şeylərdən danışmağa davam edək. Həmin cinahdakılar – yəni daha rasional və ciddi şeylərin tərəfdarları, əminik ki, özlərini tiranlığa qarşı olanların ən intellektual hissəsinə aid edirlər. Yəni əvvəlkiləri təkrarlayıb, bu halda da onları kompromist mötədillərlə eyni torbaya qoymamalı olduğumuzu bilirik.
Di gəl ki, daha ağıllı, daha effektiv nələrinsə mümkünlüyünü əsas gətirərək, belə cəhdləri Sizif əməyi kimi görmək, məsələlərin qarışıq, insanların bu vəziyyətdə hələ çox şey öyrənməli olduğunu qabartmaq, bəlkə özün də bilmədən onsuz da rejimin dəmir dabanının əzməsi qorxusunda olan kiçik müqaviməti daha da söndürməkdir.
Belədə daha uyğun və rasional üsullara sahib olmadığını düşünən insan edə biləcəyi heç nəyin olmadığı hissinə qapılır. Yüksələn qorxu divarları da bu hissi sabitləşdirərkən, ali fikirli biri kimi görünməkdən ötrü qorxu divarına yönəlik ən kiçik cəhdi belə qeyri-ciddilik, irrasionallıq və hətta Herostratlıq kimi qaralamağın və bu qaralamaçının ifrat sektoriandan başqa bir şeyə çevrilmədiyini demək olar. Bu halda isə avantürist, irrasional sayılan bizlər də daha ağıllı, daha yararlı ola biləcək, şərtlərə uyğun rəftar edənlərin cəhdlərini qəbul etməliyik.
Ancaq Kapitoli təpəsindəki qazların da bülbül kimi ötmədiklərini unutmamalıyıq. Bülbül kimi oxumasalar da, Romanı xilas edə bildilər. Romalıları oyadan səsin özü idi. Səsin gözəl olub-olmaması yox.
Həqiqətlərdən az-çox xəbərdar olanlar kimi, hamımızın indi və sonra da edə biləcəklərimizin daha doğru olması üçün öyrənəcəyimiz şeylər çoxdur, əlbəttə.
Onda azadlığa hazırlayacaq tək şeyin azadlığın özü olduğuna inanırıqsa, dəmir dabanından başqa qanunu olmayan tiranlığı bir gün layiq olduğu yerə göndərə bilmək üçün edə biləcəklərimizi bu gün buna olan ümidlə etdiyimiz şeylərdən öyrənmiş olacağıq.
Bəlkə macərapərəstcəsinə edilmiş bir hərəkətdən, yaxud daha yaxşısından. Qorxularımızdan ucaldılmış divarın dağıdılan kiçik parçasından, bəlkə də divarlardan.
Redaksiyadan:
Q.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitə saxlamaqda ittiham edilir. Lakin Q. İbrahimov ittihamı qəbul etmir. O, şərlənərək həbs edildiyini, istintaqda təzyiqə məruz qaldığını deyir. Q. İbrahimov mayın 10-da keçmiş prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs edilib. Beynəlxalq təşkilatar onu vicdan məhbusu kimi tanıyıb.