“Mən Xarici İşlər Nazirliyinə Hikmət Haciyevdən fərqli olaraq kiminsə himayəsi ilə deyil, TQDK-nın təşkil etdiyi mərkəzləşdirilmiş test imtahanı ilə işə qəbul olunmuşam”
Hazırda siyasi sığınacaq üçün müraciət etdiyi bildirilən diplomat Anar Həsənov Xarici İşlər Nazirliyinin və Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidovun iddialarına cavab verib. Diplomat Meydan TV-yə ünvanladığı məktubda deyir:
“
Əvvəlcə özüm haqda qısa məlumat vermək istərdim:
1. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr (magistr diplomu fərqlənmə ilə) təhsili almışam;
2. 2007-ci ildə Azərbaycan Diplomatik Akademiyasının 7 aylıq Genişləndirilmiş Diplomatik Xidmətin İnkişafı üzrə kursunu yüksək nəticələrlə bitirdiyimə görə “Fəxri attaşe” (fərqlənmə) sertifikatı ilə təltif olunmuşam;
3. 2008-ci ildə Niderland Krallığının Haaqa şəhərində Klingendael Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi Klingendal Diplomatik Elmlər Proqramı üzrə təhsil almışam;
4. 2011-2012-ci illərdə Estoniya Diplomatiya Məktəbini bitirərək, Avropa İnteqrasiyası və Beynəlxalq Münasibətlər üzrə diplom almışam;
5. İngilis (akademik 7.5 IELTS balı almışam), fransız, rus və türk dillərində sərbəst danışıram;
6. Mənə müsbət xasiyyətnamələr vermiş rəhbər diplomatik vəzifələrdə olan şəxslər – Rəhman Mustafayev (həmin vaxt XİN-də mövcud olan Birinci Ərazi idarəsinin rəisi, hazırda Azərbaycan Respublikasının Yunanıstandakı səfiri), Rəşad Məmmədov (həmin vaxt Konsulluq idarəsində şöbə müdiri, hazırda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu), Əlimirzamin Əskərov (həmin vaxt XİN-in İnsan hüquqları və demokratiya idarəsinin rəisi, hazırda Azərbaycanın Çexiyadakı Səfirliyinin müşaviri), Nazim Hüseynov (həmin vaxt XİN-in İkinci ərazi idarəsinin rəisi, hazırda Yaxın Şərq və Afrika idarəsinin rəisi), Məsim Hacıyev (XİN-in Ümumi Katibliyinin rəisi), Lətif Qəndilov (həmin vaxt XİN-in Ümumi Katibliyinin rəisi, hazırda Azərbaycanın Çindəki səfiri) və Nadir Hüseynov (həmin vaxt Konsulluq idarəsinin rəisi, hazırda xarici işlər nazirinin müavini). Hamısı XİN-dəki şəxsi işimdədir və məndə olan ikisinin surətini təqdim edirəm.
İndi isə mənim diplomatik xidmətə yararsızlığımla bağlı iddialar edən XİN-in mətbuat katibi Hikmət Hacıyev və Rövşən Cəmşidov haqda bir neçə söz demək istərdim.
Əvvəla, mən Xarici İşlər Nazirliyinə Hikmət Haciyevdən fərqli olaraq kiminsə himayəsi ilə deyil, TQDK-nın təşkil etdiyi mərkəzləşdirilmiş test imtahanı ilə işə qəbul olunmuşam. O Hacıyev ki, yaxın zamanlarda XİN-in mətbuat katibi kimi qeyri-peşəkar və məsuliyyətsiz davranaraq facebook sosial şəbəkəsində keçmiş səfir Arif Məmmədov tərəfindən yazılmış statusu bəyənərək digər bir çox XİN əməkdaşlarını da eyni hərəkətə sövq etmişdir. Bu hadisədən sonra işdən çıxarılmış diplomatlar sırasında olan H.Hacıyev hansı yollarla yenidən XİN-ə və eyni vəzifəyə geri qaytarılması ilə bağlı məlumat versin.
O ki qaldı öz faktlarla əsaslandırılmış korrupsiya əməllərindən diqqəti yayındırmaq üçün çabalayan R.Cəmşidova, onun ingilis dilini elementar səviyyədə belə bilməməsi Avstraliya İttifaqında ölkəmizi necə təmsil etməsinin ən açıq göstəricisidir. İçki asılılığı olan bu şəxs mənim necə diplomat olmağım barədə yəqin ki, beyni dumanlı halda mülahizələr yürüdüb.
R.Cəmşidovun dediklərində ən gülüncü ondadır ki, mənim diplomat kimi hansı keyfiyyətdə olmağım onun və 6 il də Koreya Respublikasında birlikdə işlədiyi mühasibi A.Xasıyevlə birlikdə törətdiyi cinayətləri onların üzərindən silmir”.
Sentyabrın 9-da səfir Rövşən Cəmşidov APA-ya açıqlamasında keçmiş əməkdaşı Anar Həsənovun barəsində bunları deyib: “Peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz bir əməkdaş olub. Fəaliyyəti dövründə kobud xidməti nöqsanlara yol verib və diplomatik xidmətə tam yararsız olduğunu sübut edib. Onunla nə qədər izahedici iş aparılsa da, heç bir faydası olmayıb. Vəzifəsinin artırılması xülyasında olan bu şəxsin hər hansı fərqləndirici peşəkar xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, buna etiraz etmişəm”.