Sentyabrın 11-dən Məhərrəm ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.
Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
Fətvada qeyd olunur ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
“Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır” – deyə fətvada bildirilir.
O da qeyd olunur ki, Məhərrəmlik ayı ilə bağlı qanvermə aksiyaları təşkil olunacaq.
Sentyabrın 1-dən isə din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara sosial və vergi tutmalarının tətbiqi dayandırılıb.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır:
“Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Prezident bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar”.
M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur: “Yəqin ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun”.