”Dini təhlükə” və avtoritarizm bir-birinin donoru kimi

Azərbaycanda 1993-cü ildən qurulmağa başlayan avtoritar sistemə qarşı aparıcı müqavimət sırf dünyəvi siyasi dəyərlərin qeyd-şərtsiz üstünlüyünü qəbul edən siyasi təşkilatların timsalında mərkəzləşib.

Source:
Bakıda aşura mərasimindən
Bakıda aşura mərasimindən

Azərbaycanda 1993-cü ildən qurulmağa başlayan avtoritar sistemə qarşı aparıcı müqavimət sırf dünyəvi siyasi dəyərlərin qeyd-şərtsiz üstünlüyünü qəbul edən siyasi təşkilatların timsalında mərkəzləşib.

Bu zaman ərzində  dini təşkilatlanma cəhdləri də müşahidə olunub. Xüsusən də İrandan və ərəb ölkələrindən ixrac edilən ideoloji təhdid şəklində…

İndiki halda ölkə bütün parametrlər üzrə ciddi təhlükələrlə qarşı-qarşıyadır, bir tərəfdən ağır iqtisadi böhran, digər tərəfdən son 20 ildə heç vaxt olmadığından daha çox artan Putin Rusiyasının postsovet ölkələri üzərində siyasi işğal təhdidi, üstəlik uzun illərdir teorik ehtimal kimi səsləndirilən ərəb coğrafiyası və İran (Qum) qaynaqlı ideoloji (şəriətçilik) yayılmanın real təhlükəyə çevrilməyə başlaması…

Bəli, bütün bunlar vəziyyəti həddindən artıq mürəkkəbləşdirir.

İlham Əliyev rejimi ilə Azərbaycanın maraqları hər zaman olduğu kimi yenə də  üst-üstə düşmür.  Rejim Azərbaycan üçün  real olan bu təhlükələrə – şimaldan  gələnə  hakimiyyətini qoruma təminatı, cənubdan gələn ideloji təhlükəyə isə avtoritarizmi möhkəmləndirmə fürsəti kimi baxır. Halbuki mövcud təhlükələr belə rejimlər üçün nə fürsət yaradır, nə də təminat vəd edir. Əslində get-gedə artan bu təhlükələrin əsas qaynağı məhz rejimin özüdür.

Ötən əsrin 50-ci illərinin İranında baş nazir Müsəddiq gözlənilmədən  kəskin islahatlara başlamışdı. Təfəkkürcə liberal demokrat olan Müsəddiq bir tərəfdən İranı ingilis müstəmləkəçiliyindən qurtarmağa çalışır, nefti milliləşdirir, digər tərəfdən isə “mən hamının fikrini bilmək istəyirəm. Hər kəs öz fikrini sərbəst ifadə edə bilməlidir” –  deyərək  minilliklər sonra farslara düşünən varlıqlar olduqlarını izah edirdi.

Hamı Müsəddiqə qarşı idi. Saray da, Qərb də (Qərb Irana neft embargosu qoymuşdu), dini fanatiklər də. Hərbi çevriliş baş verdi və Müsəddiq həbs edildi.

“Əslində hamı başa düşürdü ki, Müsəddiq haqlı idi. Amma problem onda idi ki, Müsəddiq vaxtından əvvəl haqlı idi. Kimsə vaxtından əvvəl haqlı ola bilməz”, –  bu, Müsəddiqin devrilməsinə haqq qazandıranların ən məşhur teorik izahıdır. Məhz bu izah—vaxtından əvvəl haqlı olmaq haqqının olmaması  cəmi 20 il sonra şəriətçilərin İranda özlərini “haqlı” elan etməsinə rəvac verdi. Çünki İranda sekulyar müxalifət SAVAK tərəfindən,  demək olar, tamamilə məhv edilmişdi. Amma heç kəs Müsəddiqin timsalında liberal demokratların  məhv edilməsinin İranda baş verən  bu arxaizmin zəfərinə  “töhfəsindən” danışmadı.

İlham Əliyev Kəbə ziyarətində
İlham Əliyev Kəbə ziyarətində

Bəs biz necə? XXI əsrdə liberal demoktratiya uğrunda mübarizədə vaxtından əvvəlmi haqlıyıq?! Əksinə biz xeyli gecikmişik haqlı olmağa. Eyni zamanda Əliyevlər rejimi də xeyli zamandır haqsızlığını gecikdirir, uzadır, ləngidir. Bu da öz növbəsində  dindarların, şəriətçilərin min illər öncəki haqlılıqlarını “müasir”ləşdirməsinə münbit şərait yaradır.  Üstəlik bəzi siyasətçilər də rejimə qarşı mübarizə adı ilə onlara meydan açır, necə ki, İran İslam  İnqilabı öncəsi Şah əleyhdarı sekulyar təşkilatlar  “Qum Molları”ndan istifadə etdiyini düşünürdü.


1973-cü il, İran…

 Məhəmməd Rza şah mətbuat konfransı keçirir və neftin yeni qiymətini elan edir. İki aydan az bir müddətdə neftin qiyməti 4 dəfə artıb. İran artıq ildə 5 yox,  20 milyard dollar qazanacaq.  Bir belə vəsait isə yalnız şahın nəzarətindədir.

O, qəfil elan edir: “Bir nəslin ömrü qədər müddətdə İranı (geridə qalmış, təhsilsiz ölkəni) dünyanın ən qüdrətli (analoqu olmayan) ölkəsinə çevirəcəyəm! 10 ilə biz almanların, ingilislərin, fransızların standartını ötüb keçəcəyik”.

Qısası,  “Hər kəsə rifah!” şüarı ilə insanlarda böyük ümid yaradılır. Və şah yüzlərlə sərəncam verməyə başlayır. Hər qış isə Avropaya XİZƏK sürməyə gedir.

Bu cümlələr sizə nəyisə xatırlatmır? Bir neçə il öncə qulağınızı yağır edən “bizim pulumuz çoxdur”, “hamıdan sürətlə inkişaf edirik, bəzi diplomatlar mənə deyirlər ki, bəlkə yavaşlayaq?” sözlərini unutmamısınız ki?..

O zaman şah rejiminin bu avantürasına züy tutan qərb siyasətçiləri belə eyni ilə İlham Əliyev hakimiyyətinin “Kürü diplomatları”nın sələfləri rolunda olublar. Bu işbazlar, “qəstumlu demokratlar” İrana uçan təyyarələrə minərkən hava limanlarında avropalı tələbələrin onlara verdiyi və üzərində:  “ İranda insanların işgəncədən öldüyünü”, “İtkin düşənlər, əslində,  SAVAK tərəfindən oğurlanır”, –   yazılan  vərəqələri alanda heç də həyəcanlanmırdılar.

Onların yanaşması, təxminən belə idi: əgər qənimət əladırsa, üstəlik İranda hər şey şahın Yeni Sivilizasiya qurması haqda pafoslu şüarı altında baş verirsə, bu dilxor söhbətlər kimə lazımdır axı?!

Bəs bu sürətli inkişaf prosesi necə? Baş verirdimi?  Şah, “puluna minnət”, deyə  minlərlə  tələbəni xaricdə oxudur, amma ölkədə universitetlər açmırdı. Baxmayaraq ki, bu, çox bahalı metod idi, amma şaha sakitlik vəd edirdi. Onsuz da o tələbələr geri qayıtmadılar. Avropanın azadlığını görmüş bu gənclər hər şeyin qadağan olunduğu İrana niyə qayıtmalı idi ki?! Ölkələrində ən yaxşı əsərlər, ən yaxşı filmlər, bütövlükdə yaxşı olan nə varsa qadağan edilmişdi.

Şah insanlara iki seçim tanıyırdı: ya SAVAK, ya da MOLLAlar.

İnsanlar mollaları seçdilər və gözlənilən gün 1979-cu ilin fevralında gəldi. Nəticədə bütün bu inkişaf nağılları yox oldu. Şahın idarə etdiyi rejim divara çırpıldı.

Bizim rejim də eynilə insanları iki seçimə yönəldir: Ya mövcud rejimin timsalında sekulyar avtoritarizm, ya da dindarların timsalında teokratik totalitarizm. Bəli, doğru anladınız, bu seçim, avtoritarizmlə demokratiya arasında deyil, avtoritarizmlə totalitarizm arasındadır. Bu baxımdan  “dini təhlükə” mövcud rejimin yaşam ağacıdır. Əgər o yoxdursa, yaradılmalıdır, əgər varsa, göydəndüşmədir.

İlham Əliyev hakimiyyətinin son illərdə apardığı siyasət tamamilə bu iki çərçivənin qurulmasına hesablanıb. Xaosun hakim olduğu indiki geopolitik şərtlərdə şəriətçilik onlara qarşı alternativ kimi yetişərsə, bir tərəfdən ölkə əhalisinin fəal hissəsində “inanclı olanlar” və “onlardan qorxanlar” şəklində iki kəskin qütbləşmə rəsmiləşdiyində məhz özlərinin sekulyarizmin “gücə sahib olan” mərkəzinə çevriləcəklərini, digər tərəfdən isə artıq fakta (əgər olarsa) çevrilən “dini təhlükəyə  qarşı” adı altında bütün ölkə boyu ağır repressiya apara və yaxın, uzaq xaricin “insan haqları” mövzulu basqıları əvəzinə, hətta həqiqi siyasi dəstək ala biləcəklərini düşünürlər.

Məhz bu düşüncə ölkəni rejimlə birgə uçuruma aparır. Ən dəhşətlisi odur ki, bu cür rejimlər tarix boyu  heç bir halda “gözü çıxan qonşu”sundan ibrət almırlar. Özlərinin daha fərqli olduğuna, bənzərlərinin faciəvi sonluğuna məhkum olmadıqlarına inamlarına zərrə qədər toz qondurmurlar.

Tarix də dəfələrlə sübut edib ki, çağdaş dəyərlərə  “Biz demokratiyaya hazır deyilik”, “ Siz vaxtından əvvəl haqlısınız”, –  şəklində yanaşanlar, bu dəyərləri  süngü ilə qarşılayanlar kürəklərini sığındıqları despotizmin astar üzünün (teokratizmin) qamçılarına hazırladıqlarının fərqində belə olmurlar…

Ana səhifəAnalitika”Dini təhlükə” və avtoritarizm bir-birinin donoru kimi