Hərəkat fəalın sosial şəbəkələrdəki aktivliyinə görə saxlanıldığını deyir
“Müsəlman Birliyi” Hərəkatının üzvü Razi Hünbətovun saxlanıldığı bildirilir. Birlikdən Meydan TV-yə verilən məlumata görə, hadisə iyulun 8-də, günorta saatlarında baş verib. O, yaşadığı Ceyrənbatan qəsəbəsində saxlanılıb. Hadisə şahidərinin verdiyi məlumata görə, gənc Ceyrənbatanın mərkəzində ikən ona yaxınlaşan mülki geyimli şəxslər heç bir səbəb göstərmədən Razi Hünbətovun qollarına qandal vuraraq, onu gəldikləri maşına mindirib, hadisə yerindən uzaqlaşıblar. Gənci saxlayanların kimliyi haqda dəqiq məlumat olmasa da, bunların polis işçiləri olduğu ehtimal edilir.
Yaxınları onun saxlanılmasını son zamanlar sosial şəbəkələrdə baş qaldıran narkomaniya ilə bağlı mübarizədə aktiv fəaliyyəti ilə əlaqələndirirlər.
Daxili İşlər Nazirliyi faktla bağlı açıqlama yaymayıb.