”Oğlumu 3 nəfər qara maşına mindirib aparıb”
Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin iştirakçısı, dindar Bəhruz Quliyev sentyabrın 21-i, axşam saat 6-da yoxa çıxıb.
Bu barədə Meydan TV-yə onun anası Şövkət Quliyeva məlumat verib. Anasının sözlərinə görə, oğlunu Nizami rayonu ərazisində çalışdığı ticarət mərkəzinin önündən 3 nəfər mülki geyimli qara avtomobilə mindirərək aparıb:
“Bu saata qədər onun harada olması barədə məlumatımız yoxdur. Mənə də birgə çalışdığı dostları dedilər. Uşaqlar onu qara “CİP”ə mindirib apardıqlarını görüblər”.
Şövkət Quliyeva Lənkəranda yaşayır. Hazırda oğlunun yoxa çıxmasına görə Bakıya gəlir, yoldadır:
“Gəlib Daxili İşlər Nazirliyinə, prokurorluğa müraciət edəcəyəm. Bilmirəm, başqa nə edim? Polis şöbələrini gəzib oğlumu axtarımmı, yoxsa müraciət edəcəyim qurumlar mənə normal cavab verə biləcəklərmi. Heç nə bilmirəm. Mənim oğlum nə edib ki, onu iş yerinin önündən bu formada oğurlayıblar? Dindar uşaqdı, heç kimlə işi yoxdur. Başını aşağı salıb işləyir. Ümid edirəm, bu gün ərzində onun harada olması ilə bağlı məlumat alacağam”.
DİN Meydan TV-nin bununla bağlı sualını cavablandırmayıb.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.