Həbs olunanların mənzillərinə baxış zamanı 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və s. maddi sübutlar götürülüb
Hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb (Turan İA).
DİN-ə müraciət edən Tərtər rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərilməsi və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etməsi haqda DİN-ə müraciət edib. Araşdırmalar nəticəsində Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən ekstremist yönümlü mütəşəkkil cinayətkar dəstə müəyyən edilib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğu əməkdaşları dəstənin 4 üzvünü Zülfüqar İbrahimovu, Mübariz Mirzəliyevi, Şəmsəddin Abdullazadə və Vüqar Əliyevi saxlayıblar. Onların yaşadıqları mənzillərə baxış zamanı 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və s. maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir (APA).
DİN-in açıqlamasında adı çəkilən Zülfüqar İbrahim Böyük Quruluş Partiyasının (BQP) rayon təşkilatının sədridir, Vüqar Əliyev isə Ümid Partiyasının sabiq üzvü olub. Eyni zamanda, hər iki şəxs Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvüdürlər. Artıq adları çəkilən partiyaların və QAT-ın rəhbərliyi etiraz bəyanatı yayıblar.
BQP-nin yaydığı bəyanatda bildirilir ki, 10 mart tarixdə hüquq-mühafizə orqanları tərəfindən Böyük Quruluş Partiyasının Tərtər rayon şöbəsinin sədri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zülfüqar İbrahimovun həbsi və evində axtarış aparılması ciddi narahatçılıq doğurub: “Bir ay öncə Zülfüqar İbrahimov barədə “Etatist” saytında gedən sifarişli və böhtançı yazıdan sonra bu faktın baş verməsi belə bir narahatçılığa ciddi əsas verməkdədir. Zülfüqar İbrahimovun Azərbaycan dövlətçiliyinə sadiq, Qarabağın azadlığı uğrunda vuruşmuş, sahibkar kimi vicdanla vergisini ödəyən, qeyri-qanuni davranışlardan uzaq duran, inanclı bir Azərbaycan vətəndaşıdır. BQP hesab edir ki, onun qanunsuz silah saxlaması, yaxud da başqa qeyri-qanuni hərəkətlər etməsi barədə mülahizələr bir daha diqqətlə araşdırılmalı, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı obyektiv qərar qəbul etməlidirlər.
İttihama Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da etiraz edib.
:
“Vüqar Əliyev ciddi karyerası olan bir şəxsdi. O, Gənclər və İdman Nazirliyinin tərkibindəki qurumlardan birində beynəlxalq əlaqələr üzrə katib olub. Eyni zamanda, Avropa Şurasında Azərbaycan gəncliyini təmsil edirdi – Avropa Şurasının milli komitəsində gənclər üzrə katib idi. O heç vaxt dindar olmayıb, heç vaxt namaz qılmayıb. Onun çalışdığı ən son qurumlardan biri Avroatlantik məkana inteqrasiya ilə bağlı bir QHT idi”.