Qurumdan iki gün əvvəl dərc edilmiş bir şikayətlə bağlı açıqlama verilib
İki gün əvvəl Meydan TV Lökbatan sakini Kərəməli Şəkərovun şikayətini dərc etmişdi. Vətəndaş bildirirdi ki, oğlu Orxan Şəkərov oktyabrın 7-də günorta saatlarında Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Atanın iddiasına görə, ərazi polisləri Orxanı saxladıqdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil veriblər. Deyirdi, oğluna əvvəlcə dələduzluq maddəsiylə cinayət işi qaldırmaq istəyiblər, ancaq bu, mümkün olmayanda işgəncə verərək narkotiklə şərləyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Meydan TV-yə bildirib ki, atanın səsləndirdiyi iddialar istintaqın gedişinə təzyiq məqsədi daşıyır və əsassızdır:
“Bir qrup vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edərək tanımadıqları şəxs tərəfindən şantaj edilərək pul tələb etdiyini bildirməklə onun müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Şəkərov Orxan Kərəməli oğlu olduğu müəyyən edilib. Onun müxtəlif proqram təminatları, eləcə də sosial şəbəkələrə daxil olaraq qadın görüntüləri ilə həmin vətəndaşlarla görüntülü ünsiyyət yaratdıqdan sonra topladığı videoları yayacağı ilə hədələyib bank kartına pul köçürmələrini tələb edib”, – DİN-in Meydan TV-yə göndərdiyi açıqlamada qeyd olunub.
Qurumdan bildirilib ki, Orxan Şükürov Qaradağ rayonu ərazisində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə 7,164 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Orxan Şəkərova Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaq zamanı Orxan Şəkərov törətdiyi cinayət əməllərini etiraf edib. Bədən səthində xəsarətlərin, eləcə də narkotik vasitə və psixotrop maddələrdən asılılığının olub-olmamasını müəyyən edilməsi ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Tibbi müayinə zamanı O.Şəkərovun bədənində hər hansı xəsarətin olmadığı, eləcə də psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromunun aşkar olunduğu, həmçinin ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində metamfetaminin olduğu müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.