DİN: Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir (Yenilənib)

“Mehmanın fəaliyyəti İlham Əliyevi onu cəzalandırmağa vadar edib”

Source:


16:45. Mehman Hüseynovun vəkili Elçin Sadıqov DİN-in açıqlamasına münasibət bildirib:


Vəkil bildirib ki, “Daxili İşlər Nazirliyinin bəyanatı həqiqəti əks etdirmir. Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə tərəfimdən baxış keçirilmişdir. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə hələ yaymıram”.

Vəkilin yaydığı fotolar
Vəkilin yaydığı fotolar


***


“Mehmanın fəaliyyəti İlham Əliyevi onu cəzalandırmağa vadar edib”

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun polis bölməsində təzyiqlərə məruz qalmasıyla bağlı verdiyi açıqlamaya münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, aldığı nəfəs də yalandan gedib-gəlir:

“Polis orqanlarında nə adam döyürlər, nə də toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllar, şər və böhtandan başqa bir şey deyil”.

Bloqqerin qardaşı Emin Hüseynov isə “Amerikanın Səsi”nə Mehmanın ciddi işgəncəyə məruz qaldığını deyib:

“Qeyri-insani davranış və ləyaqəti alçaldan ünsiyyətlə üzləşib. Kobud söyüşlərlə təhqir olunub, vurulub”.

O bildirib ki, işgəncə verilən zaman Mehman Hüseynov özündən gedib:

“Mehman 4-5 ildir ayağındakı varikoz damar genişlənməsindən əziyyət çəkir. Həmin ayağından elektroşok veriblər, huşunu itirib. Təcili tibbi yardım ona iki mənşəyi bəlli olmayan iynə vurub. Bu iynələrdən sonra onun halı bir qədər qeyri-müəyyən olub və ağır yuxuya gedib. Bu, ya yuxu dərmanı, ya da kəskin ağrıkəsici olub. İndi onu müstəqil həkim müayinəsindən keçirmək istəyirik”.

Avropa Şurasının insan hüquqları üzrə komissari Nils Mujnieks bloqqer Mehman Hüseynovun oğurlanmasını və işgəncələrə məruz qalmasını pisləyib.

“Vətəndaşlara qarşı pis rəftar, həbs və cərimələrə, onların qorxudulmasına son qoyulmalıdır”, – N.Mujnieks özünün “Twitter” səhifəsində yazıb.

“Mehman Hüseynovun oğurlanması və onunla amansız rəftar Azərbaycan hökumətinin ifadə azadlığına dözümünün sıfıra bərabər olduğunun daha bir sübutudur”, – bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir.

“Biz Mehmana qarşı bu zorakılıq aktını qətiyyətlə pisləyirik”, – deyə RATİ-nin baş direktoru Emin Hüseynov bildirib.

Şübhəsiz, bu akt Azərbaycanın yüksək vəzifəli şəxsləri tərəfindən sifariş olunub, deyə o əlavə edib.

“Şübhəsiz, Mehmanın fəaliyyəti İlham Əliyevi onu cəzalandırmağa vadar edib”, – deyə bəyanatda bildirilir.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanıb. Sonradan 200 manat cərimə edilməklə azad edilib. O, azad edildikdən sonra jurnalistlərə saxlanılarkən ona işgəncə verildiyini deyib.

Ana səhifəXəbərlərDİN: Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir (Yenilənib)