Din həmişə köhnədir

Özlərini hər nə qədər islahatçı din firqə kimi təqdim etsələr də

Source:

Yüsif Vəzir Çəmənzəminlinin “Studentlər” əsərində ən sevdiyim hissələrdən biri bəhailərin lideri ilə əsərin qəhrəmanı Rüstəm bəyin məktublaşmasıdır.

XX Əsrin əvvəllərində yeni yayılmağa başlayan və daha çox inetelektual insanları ətrafına toplamağa çalışan bəhailərin rəhbəri Ukraynada təhsil alan Azərbaycanlı gənc Rüstəm bəyə onlara qoşulmaqla bağlı müraciət yazır. Rüstəm bəyin dini görüşlərinin qarışıq olduğu və hətta bütün dinləri rədd etdiyi üçün bəhailərin lideri də məktubunda Rüstəm bəyə kifayət qədər əsaslandırmalar etməyə başlayıb. Ən azından Rüstəm bəyin cavab məktubunda bu belə görünür. Bu əsaslandırmalardan birinin də bəhailiyin yeni və fərqli din olduğu ilə bağlıdır. Əsərin qəhrəmanı isə ona cavabında belə deyir: “Bu arada, qeyd edirsiz ki, bəhailik yeni dindir. Burada da yanılırsız. Din heç vaxt yeni ola bilməz, din həmişə köhnədir”.

Bəli, bəli bu fikirlər hansısa Avropa mütəfəkkirinin əsərindən deyil, öz doğmaca yazıçımız Yüsif Vəzir Çəmənzəminlinin əsərindəndir. Ancaq mövzumuz bu əsəri müzakirə etmək deyil, sadəcə bəhs edəcəyim mövzuya girməzdən əvvəl bunu qeyd etməyi vacib bildim.

Son 2 günün əsas müzakirə mövzusu “Araz kursları” və onun nəzdində olan digər məktəblərin bağlanması ilə bağlıdır. 03 mart 2014-cü il tarixində Qaynar.info xəbər saytında Fətullah Gülənin Azərbaycandakı rəsmi əlaqələri haqqında bir araşdırma yazım dərc olunmuşdu. Fətullah Gülənin rəsmi təsisçisi olduğu “Dialoq Avrasiya” təşkilatının Azərbaycan üzrə rəsmi təmsilçilərindən biri də Ənvər Özərəndir. Bu barədə Fətullah Gülənin rəsmi saytında da məlumat yerləşdirilib. Ənvər Özərən isə eyni zamanda “Çağ Öyrətim” şəbəkəsinə daxil olan mətkbələrin rəhbəridir.

Bəli, “Araz kursları”nın da daxil olduğu “Çağ öyrətim” təhsil qurumunun rəhbəri rəsmi şəkildə Fətullah Gülənin Azərbaycandakı təmsilçilərindən biridir. Bunu kimsə inkar edə bilməz. (Mənbə:

http://www.dialoqazerbaycan.com/milli-komite-uyeleri/

)

“Çağ öyrətim” Azərbaycana ilk gəldiyi dövrlərdə Azərbaycan təhsilinə həqiqətən də müəyyən töhfələr verdi. Bu layihə təkcə biznes layihəsi olsaydı, heç kim onun bağlanmasına sevinməzdi. Ancaq heç kim inkar edə bilməz ki, “Çağ Öyrətim” özü ilə Azərbaycana “Nurçuluq” problemini gətirdi. Özlərini hər nə qədər islahatçı din firqə kimi təqdim etsələr də, Rüstəm bəyin dediyi kimi “Din həmişə köhnədir”. Ölkənin təhsil problemindən istifadə edən “qardaş” (Niyə bacımız yox, qardaşlarımızdı bilmirəm?! Məncə bu cinsi diskriminasiyadır) ölkənin insanları, bu ölkədə yeni problemin yaranmasına, köhnəliyin inkişafına təkan verdilər.

İdeoloji təbliğat o qədər yüksək səviyyədə qurulmuşdu ki, hətta radikal şiəliyin əsas mərkəzlərindən olan Lənkəranda belə sürətlə inkişaf etməyə başladılar. Mən Lənkəran Dövlət Universitetində oxuduğum zamanlarda liseylərdə “abi” olan bir çox tələbələr sinif otaqlarını namazxanalara çevirmişdilər. Sinif otağındağındakı masaların üstünə çıxıb namaz qılırdılar.

“Çağ öyrətim”in tələbələrinə baxın, hamısı yüksək balla universitetə daxil olur” deyənlər isə bir nüansı gizlətməyə çalışır. Bu məktəblərdə oxuyan şagirdlər bütün məktəblərin ən yaxşıları idi. Məktəbin ən əlaçı tələbəsi, ən zəkisi bu məktəblərə aparılır və nəticədə yüksək bal toplayır. Siz mənə bir misal göstərin ki, “Çağ öyrətim” təhsili hansısa məktəbin savadsız şagirdini öz məktəbində oxudub və nəticədə həmin şagird 600 bal toplayıb.

Digər tərəfdən bu məktəblərin təhsil haqqlarını da unutmamaq lazımdır. Bir illik təhsil haqqı 7000 – 10 000 manat arasında dəyişir. 5 il burada oxumaq təqribən 40 min – 50 min manata başa gəlir. Bu qədər təhsil haqqı verən valideynlər həmin pulu istənilən normal repitetora versəydi, daha yaxşı nəticələr əldə edəcəklərdi.

“Çağ öyrətim” təhsili hər nə qədər müasir standartlara cavab versə də, bir o qədər də problemli təhsil sahəsi idi. Bu gün cəmiyyətdə nurçu kimi tanınan insanların 90 faizi bu təhsil sisteminin qurbanlarıdır. Kimlərdə deyə bilər ki, mən də orada oxumuşam, amma nurçu deyiləm. Ancaq məsələ bundadır ki, onlar bu sözləri deyən adamı nurçu etmək istəyib.Bacarmayıblarsa, bu başqa məsələdir. İstisnalar bütün hallarda qaydaları pozmur. Orada yetişən nurçular isə eyni zamanda ölkədəki böyük yaltaq və “light” kəsimin tərkib hissəsidir. “Çağ öyrətim” sisteminin tələbələri arasında Rəşadət Axundovu və Rəşad Həsənovu çıxmaq şərti ilə başqa bir ciddi vətəndaş mövqeli adam görməmişəm.

Çox uzağa getmədən bir misal çəkim. Dünyanın ən kreativ sahəsi bəlkə də marketologiyadır. Bu sahənin insanları bütün növ dini və mental baxışlardan uzaq olmalıdır. Çünki kreativ olmaq bunu tələb edir. Çərçivədə olan insan kreativ ola bilməz. Azərbaycanda lisey məzunlu və ya bu şəbəkənin digər təhsil sistemindən yararlanan hazırkı marketoloqların az qala bütün toplantıları din ilə bağlı olur: “marketoloqların iftar süfrəsi”, “Marketoloqlarının cümə namazı tədbiri”…

“Araz kursları”nın bağlanması yaxşı və ya pis hadisədirmi? Bu sualın cavabını isə hakimiyyətin növbəti addımlarından sonra bilmək olar. Ortada böyük bir resurs var və bunu yaxşı tərəfə yönəltmək olar.

Qorxduğum nüans isə “Əbu Bəkr” məscidinə atılan bombanın sonradan vəhabilərin ölkənin 4 tərəfinə yayılmasına səbəb olması kimi hadisənin təkrarlanmasıdır. Bəlkə də bu qərar onları da vəhabilər kimi daha da şaxələndirəcək.

Ana səhifəMənim FikrimcəDin həmişə köhnədir