Elşad Hacıyev: "Güman edirik ki, hadisə qısqanclıq zəminində baş verib"
Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanovun tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı öldürdüyü bildirilir.
Məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Hadisənin bu gün, mayın 20-si günorta saatlarında Yasamal rayonu ərazisində baş verdiyi qeyd olunub.
DİN bildirib ki, Həsən Osmanov daha sonra intihara cəhd edib.
Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünür: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Həsən Osmanov Polis Akademiyasının məzunu olub və dəfələrlə mükafatlandırılıb: “Heç vaxt nizam-intizam qaydalarını pozmayıb. Güman edirik ki, hadisə qısqanclıq zəminində baş verib. Həsən Osmanov kimlərləsə əlaqəli bir şəxs deyil”.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, faktla bağlı cinayət işi başlanıb: "Qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş Prokurorluğun İstintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.
G.Səlimzadə qeyd edib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.