”Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub
Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “məhkəmə”nin “hökmü” ilə ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov əfv üçün müraciət hüququndan istifadə etməyib.
Bu barədə Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan bildirib.
2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib.
Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər. Ancaq hələ heç bir reaksiya yoxdur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırır. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.