Diktatura və onun yalanları

Zənglər kiminçün səslənir? Yaxud “Doktor Moronun adası” kimi

Source:
Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)


Zənglər kiminçün səslənir? Yaxud “Doktor Moronun adası” kimi

Qorxunun hakim olduğu rejimlərdə səssizlik hökm sürər. Ancaq bu səssizlik zaman-zaman pozularsa, deməli, qorxu rejimi, başqa sözlə, diktatura qorxutmaq potensialını itirməkdədi, yaxud bəlkə də aldatmaqda axsamağa başlayıb. Doğrusu, diktatura rejimlərinin yalan bacarığı rejimin əslində nələrin hesabına ayaqda qala bilməsinin üstünə çəkilmiş pərdədir. Yəni, tam nəzarətinə keçdirdiyi kütlə mediası vasitəsilə göstərdiyi möcüzəvi yalanlarla kütləni hər cür oyuna gətirə bildiyini fikirləşir. Artıq onun bu gücü qarşısında aciz olduğumuzu düşünüb, bədbinliyə qapılmağımızın heç bir əsası qalmayıb.

İnternetin kütləviləşdiyi son 6-7 il rejimin aldatmaq gücünü onsuz da zəiflətməliydi. Ancaq mən yenə də internetə çıxışı olmayan qisim üçün diktaturanın yalanlarının az da olsa işlədiyini fikirləşirdim. Ən azından həbsxanada olduğum son vaxtlara qədər. Pərdənin arxasından üzümüzə tuşlanmış, bəzənsə bəzilərimizin lap aşkarca başına dirənən silahları olmasaydı, sistemin çarxı bircə dövr belə fırlanmazdı. Şah rejimi və İran İslam İnqilabı sonrası diktatorluğu şəxsən yaşamış psixoloq Moqhaddam yazır ki, Pəhləvi diktaturası zamanı küçədə dayanmış ən cahil avaranın belə siyasi zəkası hər hansı qərb demokratiyası ölkəsinin vətəndaşından daha çoxdur. Hər bir despotik rejimdə küçədəki insanı susduran nə telekanalizasiyalarıyla axıtdığı zir-zibil, nə də məktəb yaşlı uşaqlardan tutmuş yetkin insanlara qədər hər kəsə yeridilməyə çalışılan uydurulmuş “əbədi xilaskar” ideologiyasıdır. Diktatorluğun sakini harada yaşadığını və necə bir təhlükəylə əhatə olunduğunu istənilən qərbli demokratiya nəzəriyyəçisindən yaxşı bilir. Saxta ideologiya isə hakimiyyət elitasını bir-birinə sıx bağlamaqçün daha çox lazımdır, nəinki kütlələrə təsir etmək üçün.

Çünki diktaturada həqiqi çəkişmə də, qarşıdurma da elə hakimiyyət elitası nümayəndələrinin aralarında baş verənlərdir, nəinki müxalifətin rejimə göstərdiyi müqavimət. Dediyimiz kimi, doğru informasiyalara əli çatmayanların saxta ideologiyanın yalanlarından xeyli təsirləndiyini fikirləşirdim. Artıq əminliklə bilirəm ki, rejim aldada bilmir, özü də heç kimi. İndi olduğum həbsxanada məhkumlar informasiyanı həftədə bir-iki dəfə gecikmə ilə gələn hakimiyyətin makulaturalıq qəzetlərini saymasaq, ümumi baxış yerlərində qoyulmuş bir-iki televizor vasitəsilə, yenə də hakimiyyət mediasından alırlar. Ümumi baxış yerinə yığışan məhkumların eşitdikləri xəbərlərə verdiyi reaksiyaları görəndə tam olaraq anti-utopik ölkədə yaşamadığımızı anlayır, az da olsa ümidlənirik. Təsəvvür edin ki, ara-sıra siyasi müxalifəti, yaxud hansısa “qara qüvvəni” söymək üçün göstərilən süjetlər hansı əks effekt yaradır. Nəzərə alsaq ki, bu tip xəbərlərdə adı çəkilənlərdən, söyülənlərdən ancaq bir-iki nəfərini buradakı məhkumlar tanıya bilir… Qısa desək, rejimin yaratmağa çalışdığı “nifrət ikidəqiqləliyi”ndə nifrətin və söyüşün yönəldiyi istiqamət əksinə – diktatura və onun yalanlarına doğrudur. O insanların bir çoxu rejimin səbəb olduğu sosial və mənəvi xarabalıq üzündən cəmiyyətin töküntüsü kimi damğalanıb, divarlar ardına atılıb.

“Ali xilaskar” tərəddüd edənlərə yeni parkları, partiya binalarını, tankları, “Nuhçıxan” agentliyinin xəbər verdiyi kimi, bir neçə min kvadratmetrlik “azad olunmuş” torpaqları və s. möcüzələri göstərir. Bəs birdən elektriklər kəsilsə və “Nuhçıxan” agentliyinin xoşbəxtlik əsəri tapacağı təqdirdə, elə Nuhun gəmisinin özünü göstərməsi, yaxud böyük bir bir şəhərdə toplanan insanların əbədi xilaskarın portretini yaratması kimi möcüzələr bitsə…?

Alqışlayan əllərdə artıq bıçaqlar və tapançalar görünər. Özü də elə əbədi xilaskara kütləvi sevginin nümayiş olunduğu yerdə “Sabitlik adası” Doktor Moronun adası”na çevrilər. Necə ki, avantürist alim adanın təbii həyatına müdaxilə etdikdən, onun nizamını öz başdanxarab ideyalarına görə pozduqdan sonra nəticədə yaranmış əcaib məxluqlar özünün başına əngəl olursa, “Sabitlik adası”nın ağası da törətdiklərinin qarşılığını Herbert Uelsin “Doktor Moro”su kimi almalıdır. Diktator hələ də əlləri ancaq kompüter siçanı, yaxud aerozol boya tuta bilənlərin ona qarşı zəif səslə qışqıra biləcəyini fikirləşir. Həmişə düşünür ki, bu səsləri bəzi qərbli imperialistlərin də havadarlığı ilə asanca kəsəvbiləcək. Qərb imperialistdirmi? Bəli, ancaq rejim tv-nin qışqırdığı kimi, indiki halda buralarda inqilab törədib öz maraqlarını təmin etdiyi üçün yox, öz xalqını əzən despotların istismarçılığına göz yumub, onların əlini sıxdığı üçün imperialistdir. Necə ki, XIX əsrin peşəkar imperialisti ingilis Sesil Rods “qırx milyon ingilis xalqının rifahı və ölkəni vətəndaş müharibəsindən qorumaq üçün imperialist olmağa məcburuq” deyirdi, şübhə yoxdur ki, indiki ingilis neftçıxaranları və həm də Avropanın əksər idarəçiləri də bir avropalı olaraq Jan Pol Sartr, Bertrand Russell yox, Sesil Rods zehniyyətindəki şəxslərdir. Sümürülən neft və qazın demokratiya dadıb-dadmadığını yoxlamaq onlar üçün axırıncı və xeyli ekzotik məşğuliyyətdir. Hətta dadmasa, daha ləzzətlidir güman ki… Və imperialistlərin açıq kollaborsionisti olan diktatura səslənən zəngləri eşitməmək üçün qulaqlarını tutur.

Metafizik, ingilis şairi Con Donn insanın təkbaşına ada ola bilməyəcəyini göstərmək üçün öz humanist idealını “Əgər bir insan ölürsə, sən də ölürsən, odur ki, kilsə zənglərini eşidəndə demə ki, zənglər kiminçün səslənir, zənglər səninçün səslənir” – yazaraq tərənnüm etmişdir. Bu sətirləri bir diktatora aid etsək, mənfi çalarlı alınacaq və yəqin ki, belə bir şey ortaya çıxacaq, nə qədər uyğundursa artıq… Əgər bir bürokratına silah çəkilirsə, bu, təkcə ona açılmış atəş səsi deyil, bu atəş həm də sənə açılmışdır, zənglər səninçün səslənir. Diktatorsa, həmişə yanılır, vassallarına atəş açanların, qan tökənlərin ancaq və ancaq hansısa “qara qüvvə”-nin işi ola biləcəyini qışqırır, səslənən zənglərə qulaq tutur. Xalqınsa yalnız içində olduğu sabitliyi sevən, onu alqışlayan olacağını fikirləşir, həmişə belə olmasını arzulayır. Ona görə belə olmaz, ola bilməz, silah səsləri, zəng səsləri illüziyadır. Bizim monarx sabitlik içində hüzurla ölmək istəyir – Ondan sonra Tufan!



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDiktatura və onun yalanları