Diabetli xəstələr dərman çatışmazlığından əziyyət çəkir

Azərbaycan və Gürcüstan: Eyni dövlət proqramının fərqli tətbiqi

Source:


Azərbaycan və Gürcüstan: Eyni dövlət proqramının fərqli tətbiqi

“2 ay ərzində cəmi bir “Diabeton” adlı dərman veriblər, 3 dənə də test. Şəkərimi nəzarətdə saxlaya bilmirəm. 3 dənə testi bir aya necə bölüm mən? Yüksək şəkərim var. Bir də görürsən dizlərim əsir. Allah bilir şəkər 400-ü keçir, ölçə bilmirəm”.

Bu sözləri Qazax rayonunun Kəmərli kənd sakini Camal Mirzəyev deyir. 61 yaşlı sakin deyir ki, 13 ildir ağır diabet xəstəliyindən əziyyət çəkir. Amma 1 ildən çoxdur ki, dövlət tərəfindən verilməli olan diabetə qarşı preparatları, şəkərin miqdarını ölçən test ləvazimatını sahə poliklinikalarından ala bimir.

“Deyirəm, test verin görək ölürük, qalırıq, sahə həkimi deyir: “Yoxdu, bizə də verilmir”. Bəs bu, necə dövlət proqramıdır ki, nə test var, nə dərman?! Apteklərdə testin dənəsini 50 qəpiyə verirdilər, indi də olub 80 qəpik. Mən bir aya 20 manat pul verib test almalıyam. Pensiyanı neçə yerə bölək?”


Dərman xatirinə dərman içmək

Kəndin başqa sakini Arzu Allahyarova isə mütəmadi içdiyi dərmanın artıq verilmədiyini, əvəzində verilən dərmanın isə ona əsk-təsir etdiyini bildirir:

“38 yaşımdan şəkərdən əziyyət çəkirəm. Lap əvvəllər “Qlunenorm” içirdim. Get-gedə ağır dərmanlara keçdim. 6 il idi “Gliqlomed5” adlı dərman içirdim. Çox yaxşı təsir edirdi. Şəkərim 140-dan yuxarı qalxmırdı. 8 aydır həmin dərmanı ala bilmirəm. Sahə həkimi deyir ki, o dərman daha gəlmir. Əvəzinə verilən dərman da şəkəri aşağı salmır. 6 aydı şəkərim 300-dən düşmür”.

Qazax rayon Xəstəxanasından isə Meydan TV-yə bildirdilər ki, dərmanlar hər bir xəstəyə bəs edəcək qədər var. Testlərin sayı hələlik məhdud olduğundan hər xəstəyə 5 ədəd verilir. Bu məhdudiyyətin səbəbi isə izah edilmədi.

Səhiyyə Nazirliyi dərman çatışmazlığı ilə bağlı konkret məlumat vermir. Qərb bölgəsində fəaliyyət göstərən Endokrinoloji Mərkəzdən isə bildiriblər ki, ləngimələrin və preparat çatışmazlığının səbəbi xəstələrin sayının günbəgün artması və hesablamaların dəqiqləşdirilməsi ilə bağlıdı.


“Sualınız mənə təəccüblü gəldi”

Gürcüstanın paytaxtı Tbilisidə dərmanlar səhə həkimləri tərəfindən bir qayda olaraq hər ayın eyni günündə verilir.

Rustavelli küçəsində yaşayan Tina Michekova danışır ki, 12 ildir mütəmadi olaraq dərman və şəkəri ölçən cihaz üçün testlərini qaydasında ala bilir:

“Sualınız mənə təəccüblü gəldi. Axı bu, dövlət proqramı ilə ödənilən dərmanlardı, niyə vaxtında verilməsin? Testlər hər ay qutuda 25 dənə verilir. Bəzən bir neçəsi əlavə qalır. Onları da şəkəri olub-olmadığını bilmək istəyən rəfiqələrim üçün istifadə edirəm”.

Azərbaycanda “Diabetli xəstələr üçün Dövlət Proqramı” 2003-cü ildən təsdiqlənib və proqrama əsasən, dərman preparatları və digər ləvazimatlar ödənişsiz olaraq hər ay paylanmalıdır. İqtisadçı Azər Mehtiyev hesab edir ki, ölkədə düzgün iqtisadi hesablamaların aparılmaması səbəbindən diabetdən əziyyət çəkən xəstələrə dərmanlar normal verilmir:

“Diabet xəstələrinin sayı ildən-ilə artır. Eyni zamanda strukturu (I tip və II tip) dəyişir. Amma büdcədən vəsait ayrılmasında buna uyğun dəyişikliklər (artımlar) olmur. Ümumiyyətlə, büdcədən ayrılan vəsait yetərli deyil, ehtiyaclar dəqiq nəzərə alınmaqla ayrılmır. Ayrı-ayrı rayonlara və xəstəxanalara vəsait ayrılarkən ehtiyaclar düzgün nəzərə alınmır. Bütün bunlarla yanaşı, yəqin ki, dərmanların alınması, eləcə də təchizat prosesində şəffaflıq və hesabatlılığın olmaması da burada rol oynayır. Belə mühit korrupsiya riskləri yaradır”.

Azər Mehtiyev qonşu Gürcüstanla Azərbaycanı müqayisə edir: “Gürcüstanda səhiyyədə kifayət qədər mühüm islahatlar aparılıb, icbari siğorta tətbiq edilib. Belə dərmanların ayrılması zamanı dəqiq ünvanlılıq təmin edilib. Yəni səhiyyə qurumları bütün xəstələri qeydiyyata alıb, ehtiyacları dəqiqləşdirilib və vəsait bu ehtiyaclar əsasında ayrılır. Konkret pasiyentə ünvanlanır”.

Ana səhifəXəbərlərDiabetli xəstələr dərman çatışmazlığından əziyyət çəkir