“Deyir, Nərgiz Paşayevanın köməkçisiyəm, istədiyin yerə şikayət elə…”

Gözdən əlil olan şəxs qarşı tərəfin məsuliyyətdən yayındığını deyir

Source: Meydan Tv


Gözdən əlil olan şəxs qarşı tərəfin məsuliyyətdən yayındığını deyir

“Qohumun 14 yaşlı oğlu gözümün içinə “zırpaket” atıb, məni kor edib. Gözümdə iki dəfə əməliyyat aparılıb, daha iki əməliyyat lazımdır. Tezliklə əməliyyat olunmasam, ikinci gözüm də kor olacaq. Uşağın atası ÜNS Teatrının işçisidir. Deyir, Nərgiz Paşayevanın köməkçisiyəm, əlin çatan yerə şikayət et, prinsipə durub sənə qara qəpik də ödəməyəcəm”.

Bakının Suraxanı rayonunda yaşayan Elxan Babayev Meydan TV-yə başına gələnlərdən danışır. Deməsinə görə, ötən ilin ilk günündə yaxın qohumunun evinə qonaq getməsi onu dünya işığına həsrət qoyub.1 il 8 aydır ki, polisin, məhkəmənin qapısında qalıb. Ancaq yaxın qohumu əməliyyata görə ona maddi yardım etmir. Nəticədə Elxan Babayev digər gözünü də itirmək təhlükəsiylə üz-üzə qalıb.


“Gözümün içinə “zırpaket” atdı”

“Hadisə 2019-cu ilin 1 yanvarında baş verib. Yaxın qohumum Bəhram İsmayılov zəng vuraraq həmin gün məni evinə qonaq çağırdı. Mən də ailəmi yığıb Masazıra – Bəhramın evinə getdim. Oraya qonaq qismində gələn başqa qohumlar da vardı. Ev sahibinin oğlu Mirağa həyətdə “zırpaket” partladırdı. Mən bunu biləndə çıxdım ki, öz uşaqlarımı evə çağırım. Mirağa mənə tərəf iki dəfə “zırpaket” yandırıb atdı. Birincisi ayağımın altına düşdü, ikincisi gözümün içində partladı”, – şikayətçi deyir.

Elxan Babayevin sözlərinə görə, Bəhram İsmayılov və orada olan başqa bir qohumu onu Zərifə Əliyeva adına göz xəstəxanasına götürüblər. Bir neçə gündən sonra isə zədələnmiş göz əməliyyat olunub.


“Bir gözüm kordur, digər gözüm də tutulur”

“Mütəxəssislər müayinə edib bildirdilər ki, göz tamamilə zədələnib, həmin gözümə aparat yerləşdirdilər. Əməliyyatın xərcini özüm çəkdim. Uşağın atası cəmi 150 manat verdi. O pul dərmanlarımın heç cüzi hissəsini də ödəmədi. Gözümdə iki dəfə əməliyyat aparılıb, heç birinə maddi dəstək olmayıb. Aylardır ki, ikinci gözüm də sıradan çıxır. Dəfələrlə xahiş elədim ki, heç olmasa əməliyyatımın xərcinin bir hissəsinə yardımçı olsun, olmadı. Dedi, ümumiyyətlə, sənin gözünün bu vəziyyətə düşməsinin bizimlə əlaqəsi yoxdur, get, əvvəl sübut elə ki, gözünü oğlum kor edib. Əlində sübutun yoxdur”, – Elxan Babayev danışır.

Vəziyyəti belə görən Elxan Babayev də qohumluğu, haqq-salamı kənara ataraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə ərizəylə müraciət edib. Ərizə araşdırılıb, tərəflərin izahatı alınıb və qərar çıxarılıb ki, hadisəni Mirağa İsmayılov törədib, ancaq 14 yaşında olması onu cinayət məsuliyyətindən azad edir.


“İmkanı ola-ola göz əməliyyatıma kömək eləmir”

Şikayətçi danışır:

“Bəhram İsmayılov qərarla razılaşmayıb, qərardan şikayət etdi. Qərar ləğv edildi, iş yenidən araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərildi. Bir müddətdən sonra yenə də eyni məzmunlu qərar çıxarıldı. Bəhram İsmayılov yenə qərardan şikayət etdi. Beləcə, Nəsimi polisində dörd dəfə qərar çıxarıldı, hamısında da gözümün kor olmasının səbəbkarının Bəhramın oğlu olması təsdiqləndi. Nəhayət, mən Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Uşağa cinayət işi düşmür, anladıq, ancaq bu hadisəni uşağın törətdiyini polis də təsdiqləyib axı… Məhkəmədə iddia qaldırdım ki, uşağın valideyni mənim əməliyyat xərcimi ödəsin”.


“Nərgiz Paşayevanın adından istifadə edir”

Ötən ilin oktyabrında Elxan Babayev Binəqədi Rayon Məhkəməsində Bəhram İsmayılova qarşı pul tələbinə dair iddia qaldırıb. O, Bəhram İsmayılovdan gözünün əməliyyatına və xəstəxana xərclərinə görə 1050, təkrar əməliyyat üçün 7500, işləmədiyi aylar üçün 3600 manat tələb edib. Cavabdehin nümayəndələri iddia tələbini əsassız sayaraq, hakimdən iddianın rədd edilməsini istəyiblər. Məhkəmə iddiaçının tələbini qismən təmin edib. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərər kimi 7500 manat ödənilməsi, 30 manat məhkəmə rüsumu tutulması ilə bağlı Qətnamə çıxarıb. Hər iki tərəf Qətnamə ilə razılaşmayaraq apelyasiya şikayəti verib. Elxan Babayev iddiasının tam təmin olunmasını, Bəhram İsmayılov isə birinci instansiya məhkəməsinin Qətnaməsinin ləğv edilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsi tərəflərin şikayətlərini birləşdirərək işə eyni icraatda baxıb. Elxan Babayevin apelyasiya şikayəti təmin olunmayıb. Bəhram İsmayılovun apelyasiya şikayəti isə təmin olunub, birinci instansiya məhkəməsindəki Qətnamənin iddiaçıya 7500 manat ödənilməsi və 30 manat rüsümla bağlı hissəsi ləğv olunub.

Elxan Babayev deyir, Bəhram İsmayılov işlədiyi Teatrın rəhbərliyinin adından sui-istifadə edir:

“Deyir, Nərgiz Paşayevanın köməkçisiyəm, hara şikayət etsən, Nərgiz xanımın bir zəngi ilə mənim xeyrimə həll olunacaq. Səs yazıları da var, Nərgiz xanım məni qəbul eləsin, işçisinin onun adından istifadə etməsi ilə bağlı dediklərini telefonun yaddaşına yazmışam, dinləsin”.


Şikayətə baxılması 1 ay 20 gün ertələnib

Avqustun 19-da Ali Məhkəmədə Elxan Babayevin kassasiya şikayəti ilə bağlı iclasda hakim Gündüz Quliyev kassasiya şikayətinə baxılmasını oktyabrın 7-dək ertələyib. Bu, şikayətçinin narazılığına səbəb olub. Elxan Babayev:

“Əvvəlcə dedi, barışın, dedim, bizimki barışıqdan keçib, qarşı tərəf işi o qədər uzatdı ki, birinci gözüm məhv oldu, artıq ikinci gözümün də əməliyyatı gecikir. Bu adam gözümü əməliyyat etdirsin, mənim ondan başqa istəyəcəyim bir şey yoxdur. Hakim heç bir səbəb olmadan kasassiya şikayətinə baxılmasını 1 ay 20 gündən sonraya saxladı. Halbuki, mən bu kassasiya şikayətini 6 ay əvvəl vermişəm, çoxdan baxılıb qərar verilməli idi. İndi də 1 ay 20 gündən sonraya saxlamasında məqsəd də qarşı tərəfə vaxt qazandirmaqdır ki, qarşı tərəf gedib polisin qərarını ləğv elətdirsin. Hakimə sual verirəm ki, bütün rəsmi sübutlarım əlimdə ola-ola niyə işi bu qədər uzadırsız? Deyir, işimə qarışma…”

Bəhram İsmayılov isə deyilənləri yalanlayır. Deyir ki, Elxan Babayev onun bacanağıdır. Hadisə zamanı qayını da orada olub:

“Mən hadisə yerində olmamışam. Oğlumun dayısı da orda olub, partlayıcı Elxanın öz əlində partlayıb. Qayınım da təsdiqləyib ki, bu adam yalan danışır. Hətta özü də xəstəxanaya aparılanda deyib ki, kimin “zırpaket” atdığını görməyib. Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb ki, bizim təqsirimiz yoxdur, gedib polisi aldadıb, saxta qərar alıb. Qərarı Ali Məhkəməyə təqdim edib, Ali Məhkəmə də həmin qərarın doğru-dürüstlüyünün yoxlanılması üçün iclası təxirə salıb”.

Bəhram İsmayılov deyib ki, Nərgiz Paşayevanın sahib olduğu “ÜNS” Yaradıcılıq Səhnəsində çalışsa da, heç vaxt xanımın adından istifadə etməyib:

“Gedib mediaya danışır ki, guya mən Nərgiz xanımın adından istifadə etmişəm. Nərgiz xanımın özü də tapşırıq verib ki, bu məsələ aydınlaşdırılsın. Demir ki, səsim var onda? O səsi çıxartsın üzə, istintaq araşdırsın. Mən özüm də bununla bağlı şikayət vermişəm. Tələb etmişəm ki, o səsyazısı ortaya çıxarılsın. Əgər xanımın adından istifadə etmişəmsə, mənimlə bağlı tədbir görülsün, etməmişəmsə, qoy onunla bağlı tədbir görülsün. Bu adam hamıdan şikayət edir. Öz bacısı, qardaşı ilə ev üstündə davadadır. İnsanları şərləməklə məşğuldur. Mənim oğlumu da şərləyir. Adama deyərlər, əgər hadisəni oğlum törətmişdisə, niyə xəstəxanada kimin etdiyini bilmədiyini deyirdi?”

Elxan Babayev isə deyib ki, xəstəxanada belə bir fikir işlətməyib.

Image from iOS (10).jpg
Sənəd
Ana səhifəXəbərlər“Deyir, Nərgiz Paşayevanın köməkçisiyəm, istədiyin yerə şikayət elə…”