Bayağılaşmadan çoxumuz şikayətlənirik indi. Əslində, bu, dünyada gedən ümumi prosesdir. Hazırda transmilli şirkətlər adlı bazisə malik dağıdıcı, reqressiv üst qurum – post-modernizm sürətli inkişafdadır. Post-modernizm əslində anti-modernizmlik edir və bəşəri dəyərlər kimi tanıdığımız modernizmin dəyərlərini danmaqla məşğuldur. Bunun üçün hətta pre-modernizmə müraciət etməkdən də çəkinmir.
Halbuki, insanlar pre-modernist barbarlığı devirmək üçün milyonlarla qurban verib, yüzlərlə inqilab ediblər. Lakin post-modernizmdə “insane” adlı dəyər də danılır. Hər şey qiymətləndirilir, şərhə tabe sayılır, hermenevtik bacarıqdan asılı vəziyyətə gətirilir. İnsan artıq fərd olmur, xırda fərdlərə parçalanır, çoxlu “həqiqətlər”lə yaşaya bilir. “Bu, mənim şəxsi fikrimdir” ifadəsindən həyasızcasına istifadə bu “həqiqətlər”in hər birinə guya legitimlik qazandırır. İnsan şəraitdən, çevrədən asılı olaraq, eyni şeyə müxtəlif rəylər verə və hər bir rəyin ona məxsus olmasını utanmadan etiraf edə bilir.
İnsanın dəyərsizləşməsi gedir və bu, ona görə lazımdır ki, transmilli kapitalizm daha asanlıqla yayılsın, bu şirkətlərin məhsullarına qarşı dura biləcək zövqlər, müqavimətlər daha asanlıqla ictimai qınağa tuş edilə bilsin. Bu barədə geniş yazım var, yayacağam yəqin. Sadəcə, bu mövzuda son vaxtlar diqqətimi çəkən məsələ dəyərsizləşmənin təbliğini görməyimdir.
“Mən Amerikanı da müdafiə etmirəm, Rusiyanı da. 2-3 yerə ayrılıb bir-birinizi qırırsınız”. “Mən iqtidar da deyiləm, müxalifət də. Daha lazımlı işlərlə məşğul olmaq lazımdır”. “Tərəf tutan faşistdir – öz tərəfinin faşisti”. Bu ifadələr əslində xeyir və şərdən eyni məsafədə durduğunu göstərmək, klassik xeyir və şər anlayışlarını qəbul etməmək, hər xeyirdə “şərlik”, hər şərdə “xeyirlik” axtarmaqdır. Və tapdığını iddia etməkdir. Bu, bəzi pozulmaz bəşəri dəyərlərə münasibətdə mühafizəkar mövqe tutan geri qalmış düşüncə daşıyıcılarına legitimlik verməkdir, bəraətdir.
Bu, həm də şəriət, rasist millətçilik istəyənlərə liberallıq, sosial bərabərlik kimi bəşəri nailiyyətləri ifadə edən anlayış müdafiəçiləri ilə eyni ölçüdə meydan verməkdir. Bu, imkan bərabərliyi anlayışından sui-istifadə və bu anlayışın təhrif olunmasıdır. Transmilli kapitalizm bunu planetar səviyyədə iqtisadiyyatda, yuxarıda dediyim ifadələrin daşıyıcıları isə lokal səviyyədə həyat tərzində, davranışda tətbiq edirlər. “iphone5”-i olan adamın “iphone6” çıxan kimi növbəyə durmasını qınamaq artıq mümkünsüzləşir, “mənim seçimimdir” deyən bir qınaq elə qışqırır ki, bunun əslində “bizim seçimimizdir”, “KÜTlənin seçimidir” deyə səslənməli olması eşidilməz olur.
Bizə gəldikdə isə, qətiyyən bu mərhələyə çatmamışıq. Çünki biz heç modern cəmiyyət olmamışıq ki, post-modern də ola bilək. Ona görə də, bu cırtqozluq bizdə daha iyrənc görünür. Darmadağın olunmuş, 3 ilə (1918-20, 1992-93) toparlanmağa macal tapmamış cəmiyyətin hazırda vahid, sarsılmaz (ən azından görünən), hər şeyin fövqündə duran dəyərlərə ehtiyacı var, dəyərtanımazlığa yox. Formalaşmamış dəyərləri məhv etməyə girişənlər əslində bir cəmiyyəti, onun proqres ehtimallarını məhv etməklə məşğuldurlar. Azadlıq, demokratiya, insan hüquq və azadlıqlarının aliliyi, dünyəvilik kimi onlarla dəyər var ki, bunlar yalnız çox tətbiq olunmuş, insanları usandırmış cəmiyyətlərdə təbii olaraq hədəfə gəlirlər.
Bizdə isə nəinki usandırıcı olmayıblar, heç tətbiq də olunmayıblar. Biz onlardan nə vaxt bezdik ki, imtina edək?!
P.S. Sonra da dəhşətə gəlirik ki, dini adlar niyə bu qədər çoxalıb, Suriyada həm şiə, həm də sünni tərəfdən döyüşənlərimiz niyə bu qədər artıb, adamlar niyə maddiyata hər şeylərini qurban verə, 5-10 manata üzə durmaqdan tutmuş, daha böyük məbləğə əqidəsini satmağa qədər alçala bilirlər? Hələ oturuşmamış dəyərlərə hücum bu acınacaqlı nəticələrdə öz rolunu oynayır. Qərbin təbii post-modernizmi “lediqaqalığa”, “castinbiberliyə”, “iphone-luğa”, klassikaya müraciətə, burjuy, meşşan həyat tərzinə aparırsa, Şərqin süni, yalançı “post-modernizmi” isə öz klassikasına – islama, tiranlığa, feodal müharibələrinə aparır.
P.P.S. Mənim “iphone6” istifadə etməmi burda əks-arqument kimi gətirmək cəhdinə qarşı əvvəlcədən deyim ki, mənim “iphone-luq” dediyim şey iphone-dan asılı vəziyyətə salınmış kütləvi psixozdur – iphone5 ola-ola gedib 5s almaqdır, onun üçün olan-qalanını xərcləməkdir, növbəyə durmaqdır. Mən isə sonuncu dəfə 2008-ci ildə mobil telefon almağa pul xərclmişəm.