Dərviş Brüsseli partladır nağılı

Qızıl dövrünü bitirmiş sivilizasiyalar

Source:

Dünən Avropa Birliyinin inzibati və eyni zamanda rəmzi paytaxtı Brüsselin Zaventem aeroportunda, sonra da şəhər mərkəzində yerləşən Maalbeek Metro stansiyasında terror aktları həyata keçirildi. Son məlumatlara görə bu aktların nəticəsində 31 nəfər həlak olub, çoxlu da yaralı var, Brüssel iki gün əvvəl tamamilə iflic halında idi. Hazırda Belçikanın sərhədləri bağlıdır, 1975-ci il təvəllüdlü baş nazir Charles Michel isə bu terror aktını ölkə tarixində ən böyük faciə kimi qiymətləndirdi.

Məsələ əlbəttə ki, bunlarda deyil, əsla, rəqəmlərin burada heç bir əhəmiyyəti yoxdur. Çünki bu rəmzi aksiya idi. Qorxudulma və vəhşət aksiyası. Facebook lentimdə bir musiqiçi həmkarımın, violin ifaçısı alman xanımın dünən səhər iki kiçik uşağı ilə Berlinin Tegel aeroportunda qeydiyyatdan keçməsi, sonra hansısa səbəblər ucbatından Brüssel uçağına minişin gecikdirilməsi haqda göylərə minnətdarlıq dolu qeydinə yüzlərlə müxtəlif xarakterli şərh gəlmişdi. Səhər çağı qatarla gedərkən bunları görüb dəhşətə gəldim. Kimisə şəxsən tanıyırsansa, məsələ sanki böyüdücü şüşə altından sənə görünür, problemin nə qədər qorxunc olduğunu dərinlə hiss etməyə başlayırsan.

Dünənki hadisə haqda qeyd etmişdim ki, bu artıq Avropada faşistlərə pas da deyildi, bu “uqlovoydan” verilmiş “kruçeni” idi. Bundan sonra heç kim Avropada baş qaldıracaq faşizmdən rahat danışa bilməyəcək. Sağların Avropada böyük bir revanşının baş verəcəyinə artıq kimsədə şübhə qalmadı. Artıq Qərbi Avropada Oswald Spengler’in yüz il öncəki yazdığı “Avropanın qürubu. Dünya tarixi morfologiyasının səthləri” (“Der Untergang Des Abedlandes. Umrisse einer Morphologie der Weltgeschichte”, 1918) əsərində “Köhnə Dünya” haqda verdiyi qorxunc proqnozlar özünü açıq-aşkar doğrultmaqdadır.

Sanki onun təsvir etməyə çalışdığı həmin o “Avropanın qürubu”nu gözlərimizlə görürük. Çünki bu problemin hələlik real bir həlli üfüqdə görünmür, sağların gəlişi də nəyisə dəyişməyəcək, tam əksinə. Və məsələ əsla çoxlarının dediyi kimi, sosial problemlərdə deyil, sosial bərabərlik-filan bu işi çozəcək nəsnə deyildir.

Xatırlayın, keçən ilki Paris hadisələrindən çox deyildi, çox yazıldı, həm Сharlie Hebdo, həm noyabrdakı terror aktı, ondan sonra nələr oldu? Əslində heç də. Maraqlıdır ki, Brüsseldəki teraktdan cəmi bircə gün öncə bir kafedə almanca xəbərlərə rastladıqda, orada Salah Abdeslam adlı terrorçuluqda şübhəli bilinən birisi haqda danışılır, Brüssel prokurorluğunun onun terror edəcəyi haqdakı ifadələrinə “ehtiyatla yanaşmaq lazım gəldiyi” haqda bəyanatı səslənirdi. Deyir “çox keçməz, sevindirrəm sizi”.

Keçən ilin yayında Polşadakı prezident seçkisində sağlar qalib olanda yazmışdım, bu şübhəsiz ki, Avropa böhranıdır, amma Şərqi Avropanı Qərbi Avropadan mütləq ayırmaq gərəkdir, çünki şərqdə kommunizmin yerini dolduracaq yeni təfəkkür tərzi tam olaraq liberal dəyərlər olmadı. Əksinə, din və millətçilik gəlməyə başladı, konkret olaraq məqalədə bəhs edilən Polşa, Viktor Orbán Macarıstanı və Çexiyada bu baş verdi. Bunlar da istənilən parametrdən Şərqi Avropanın ən başlıca ölkələridir.

İndi oraya miqrantların köçməsi əlbəttə ki, çox müşküldür. Bu ölkələrdə böyük miqrant axınının olmamasının başqa bir səbəbi də, bu ölkələrin Qərbi Avropa kimi böyük kolonial tarixinin olmaması idi, bu regionlara heç zaman başqa kontinentlərdən nə qədər insanı gətirilib kölə kimi işlədilməmişdi. O üzdən də bu cəmiyyət onlara sanki tarixi mənada öyrəşməmişdi. XX əsrin bir növ tarixi “ekvatoru” rolunu oynayan II Dünya Müharibəsindən sonrakı kommunist dövründə isə bu ölkələr demək olar ki, tam qapalı, hermetik rejimlər altında yaşamışdılar. Bu səbəblərdən bu ölkələrdə kütləvi miqrant gettoları yoxdur və yaxın müddətdə olmayacaq da.

Xatirimə lap 6-cı sinifdə keçdiyimiz və sevə-sevə oxuduğum tarix fənni kitabının son səhifələri düşür. Roma imperiyasının iki yerə bölünməsindən sonrakı, 476-cı ilində Qərbi Roma imperiyasının süqutu təsadüf edirdi. Orada belə bir cümlə vardı – bu zaman Şərqi İmperiya özünü barbarlardan çətinliklə də olsa, müdafiə edirdi…

Bu sətirləri yazarkən, keçən dəfəki hissləri keçirdim: yazan, təhlil edən bütün insanlarda belə olur ki, beyin məntiqlə diktə edir, qəlb isə buna inanmaq istəmir və yazaraq sanki gizlincə inanmaq istəyirsən – bəlkə bunlar heç baş vermədi? Amma tarix və zaman çox amansızdır, Qumilyovun nəzəriyyəsi də bunu təsdiq edir – “qızıl dövrünü” bitirən sivilizasiyalar ölümə məhkumdur və barbarların, passionar qara qüvvələrin gəlişi özünü çox gözlətməyəcək. Görünür, biz bütün bunların canlı şahidi olacağıq, necə ki, böyük insan kütləsinin qitələrdən necə köçdüyünün şahidi olduq…

P.S. Ən doğrusunu hələ o zaman dahi Axundov yazmışdı – kim partladıb Parisi? Cinlər, ifritələr…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDərviş Brüsseli partladır nağılı