Dərs filminin nümayişi oldu

Son illər Azərbaycanda lentə alınan bütün filmlər kinoteatrlarda nümayiş olunacaq

Source:

Son illər Azərbaycanda lentə alınan bütün filmlər kinoteatrlarda nümayiş olunacaq

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri – Audiovizual məkanda peşəkarlıq” layihəsi çərçivəsində “Dərs” filmi nümayiş etdirilib.

APA-nın məlumatına görə, Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunan layihədə son illərdə lentə alınan “Axınla aşağı”, “Dərs”, “Nabat” və “Yarımçıq xatirələr” filmləri bütün kinoteatrlarda nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov film barəsində ümumi fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. “Dərs” filminin uzun illərdən sonra çəkilən yeni uşaq filmi olduğunu deyən sektor müdiri uşaq filmləri çəkməyin çətinliyindən danışıb: ““Dərs” filmi uşaqlar üçün çəkilən əhəmiyyətli filmdir. Son illər Azərbaycanda uşaq filmləri az çəkilir, demək olar ki, çəkilmir. Bunun dərin köklü səbəbləri var. Sovet dövründə Azərbaycanda Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Rasim İsmayılov kimi rejissorlar maraqlı uşaq filmləri ekranlaşdırıblar. Uşaqlarla film çəkmək, işləmək çox çətindir. Hər bir rejissordan böyük səbr, təmkin tələb olunur. Biz çox istəyirik ki, uşaqlar üçün filmlər çəkilsin. Belə filmlər uşaq psixologiyasında, onların dünyagörüşündə vacib yer tutur. Azərbaycan nağılları əsasında uzun seriallar da çəkmək olar. Bunların hamısı gələcəyin işidir. Kino haqqında yeni qanunun qəbul edilməsi lazımdır. Belə qanun kinonun işini daha da tənzimləyər və yeniliklərə təkan verər”.

Filmin nümayişindən sonra rejissorlar – xalq artisti Rafiq Əliyev, Cavid Təvəkkül, baş rolun ifaçıları Nazim İbrahimov, Mənsurə Əhmədova jurnalistlərin suallarını cavablandırıblar.

Ana səhifəXəbərlərDərs filminin nümayişi oldu