Muxtar Respublikada azərbaycanlılara təkcə iqtisadi-siyasi deyil, mədəni təzyiqlər də var
“Haradasa 15 il əvvəl şəhərin icra hakimiyyəti dəyişdi, başqa millətdən olan gəldi. Vəziyyət ilbəil dəyişdi. Azərbaycanlıların vəziyyəti çətinləşdi”. Dərbənd şəhərinin sakini Kamran Məcidov bu qədim Azərbaycan şəhərində soydaşlarımızın sıxışdırıldığını söyləyir : “Dərbənd şəhər merliyində azərbaycanlı işçilərin sayı günbəgün azalmağa başladı. Bu gün Dərbənd əhalisininin 30 faizi azərbaycanlıdır. Amma idarəetmədə heç 10 faizdə azərbaycanlı təmsil olunmur. Federal hakimiyyətdə və Dağıstanda nazirliklər də bir azərbaycanlıya rast gəlməzsiniz ”.
Dərbənd – bu qədim şəhər Rusiyada yaşayan azərbaycanlıların kompakt yaşadığı regiondur. Azərbaycanlı şəhəri olan Dərbənd və eyni adlı rayonda yaşayan soydaşlarımız Dağıstan hakimiyyətinin basqılarına məruz qaldıqlarından şikayətçidirlər. Dərbənd sakinlərinin sözlərinə görə, muxtar respublikanın prezidenti Ramazan Abdulatipov azərbaycanlılara qarşı ögey münasibət bəsləyir. Dağıstanın yerli xalqlarından biri olan azərbaycanlılar Abdulatipovun siyasəti nəticəsində idarəetmə strukturlarından kənarlaşdırılıb. Dağıstanda vəzifədə olan yeganə şəxs Dərbənd rayonunun icra başçısı Qurban Qurbanova qarşı cinayət işi qaldırılıb.Dağıstan prezidentinin adamı sayılan Dərbənd şəhərinin miliyyətcə ləzgi olan meri İmam Yaraliyev bu şəhərin köklü millətinə qənim kəsilib. İmam Yaraliyevin göstərişi ilə Nizami adına parkın sökülməsi vəazərbaycanlı Sovet İttifaqı Qəhramanı Şəmsulla Əliyevin büstünün zibiliyyə atılması isə gərginliyi daha da artırıb.
Dərbənddə xırda sahibkarlıqla məşğul olan Kamran Məcidov deyir ki, yalnız azərbaycanlıların deyil, hamının qəhramanı olan Şəmsulla Əliyevin büstünün yerində fontan tikmək istəyirlər: “Keçmiş SSRİ-də tanınmış olan, 1943-cü ildə həlak olmuş həmyerlimiz Şəmsulla Əliyevin büstü sökülüb. İndi Sovet İttifaqı Qəhramanının büstünün yerində fontan tikmək istəyirlər”.
Dərbənd şəhər yığıncağının sədri Maqsum Rəhimov isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, Dərbənd şəhər yığıncağında 35 deputat var. Onlardan 10 nəfəri azərbaycanlıdır. Şəhər yığıncağına isə azərbaycanlı rəhbərlik edir. Cənab Rəhimov bildirir ki, Nizami adına parkda abadlıq işləri görülür. Şəhər yığıncağının sədri iddia edir ki,Şəmsulla Əliyevin büstünün atılması sadəcə səhlənkarlıq üzündən baş verib :”Parkda Sovet İttifaqı Qəhramanı Şəmsulla Əliyevin büstü var. Təmirlə əlaqədar büst götürülüb. Büstün zibiliyə atılması barədə deyilənlər doğru deyil. Parkda abadlıq işləri görülür, orda zibilik yoxdur. Bəli, səhv olub. Büst götürülərkən, bağlayıb başqa yerə aparılmalıydı. Təmirdən sonra büst yerinə qoyulacaq”.
Azərbaycanlılar yalnız siyasi –iqtisadi sahədə deyil, mədəni sahədə də basqılara məruz qalırlar. Dərbənd şəhərində 120 ildən artıq fəaliyyət göstərən Azərbaycan Dram Teatrı binasız qalıb. Binası ləzgi teatrına verilən Azərbaycan teatrı üçünsə bina tikilib başa çatdırılmır. Teatrının rəhbəri Şahlar Xaliqovun sözlərinə görə, Azərbaycan höküməti 3 dəfə teatrı tikmək üçün Dağıstan rəhbərliyinə müraciət edib. Lakin Dağıstan hakimiyyəti Azərbaycan tərəfinin təkliflərindən müxtəlif bəhanələrlə imtina edib: “Martda nazir Əbülfəz Qarayev, Bədərbəyli və başqa deputatlar Dərbəndə gəldi. Mən onlara teatrın binasını göstərdim. Qarayev mənə dedi ki, siz qəhramansız, belə binada çalışırsız. Sonra dedi ki, teatrın şəkilərini cək, sənədlərini gətir Bakıya. Lazımı sənədləri toplayıb nazirə təqdim etdim. Bundan sonra mənə təzyiqlər başladı. İşdən çıxardılar. Məhkəməyə verib işimə bərpa olundum”.
Bu gün Dərbənd azərbaycanlılarını ən çox narahat edən məsələ Dərbənd rayonunun icra başçısı Qurban Qurbanova olunan təzyiqlərdir. Azərbaycanlılar hesab edirlər ki, Dağıstan hakimiyyəti Dərbəndi tamamilə başqa millətlərin nəzarətinə vermək istəyir. Qurban Qurbanov hazırda ev dustağıdır. Onun oğlu Əhmədxan Qurbanov atasına qarşı 3 cinayət işinin qaldırıldığını söylədi. Onun sözlərinə görə, atasına qarşı qaldırılan 2 cinayət işi məhkəmə tərəfindən rədd edilib. Bundan sonra icra başçısına qarşı 3-cü cinayət işi qaldırılıb. Əhmədxan Qurbanov hesab edir ki, atasına qarşı qaldırılan cinayət işi siyasi xarakter daşıyır: “Bu, bir siyasi sifarişdir. Səbəb də odur ki, o, qanunsuz göstərişləri yerinə yetirmir. Əvvəlcə DİN, sonra prokurorluğun istintaq qrupunun rəsmiləri gəlib-getdi, ardınca çağırdılar və müxtəlif güc vasitəsilə təzyiqlər başladı. Axı o da insandır, təzyiqlərə dözə bilmir və səhhətində problemlər yaşandı. Ancaq bütün bunlara baxmayaraq, atam vəzifədən getməyəcəyini dedi, çünki öz xalqına xidmət edir. Eyni zamanda, rayonun fəalları da toplaşıb onu müdafiə edib dedilər ki, heç yerə getməyəcəksən. Ona görə ki, atamı xalq seçib və onlar da “sona qədər də qalacaqsan”- dedilər. Amma təzyiqlər davam edir, məqsəd atamın rayon rəhbərliyindən uzaqlşadırmaqdır”.